
Gəncənin millət vəkili tərbiyəsizlik etdi
Məhəmməd Əmin Rəsulzadəyə dil uzatmaq, həm də dövlətin apardığı siyasətə qarşı çıxmaqdır

"Yeni Müsavat”ın yazdığına görə, Gəncədən Milli Məclisə yeni seçilən Naqif Həmzəyev "İnsanlara hürriyyət, millətlərə istiqlal” deyib yola çıxan və bu keşməkeşli yolda min bir maneələrlə rastlaşan, saysız çətinliklərə sinə gərən milli lideri, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə haqqında əsassız açıqlamalar verib. N.Həmzəyev qəzetin əməkdaşına Rəsulzadəni vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb. Gənc millət vəkilinin AXC banisinin ünvanına işlətdiyi nalayiq ifadələr ictimaiyyətdə kəskin reaksiyalar doğurub. Ona ünvanlanan "Rəsulzadənin büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz” sualına üz-gözünü turşudaraq cavab verən millət vəkili Azərbaycan Cümhuriyyətinin, milli istiqlal hərəkatının lideri, "Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarının banisi Məhəmməd Əmin Rəsulzadəyə olan nifrətini izhar edib. Tarixi "bilik”ləri ilə öyünən millət vəkili Rəsulzadəni tarixi şəxsiyyət olaraq tanımadığını deyib: "Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı, qurduğu respublikanı qoruyub saxlayardı”. Ən pisi də odur ki, təkcə Naqif Həmzəyev yox, onun ətrafındakı gənclər də eyni zehniyyəti paylaşıb. Jurnalistlə millət vəkilinin dialoquna kənardan müdaxilə edənlər daha çox irəli gedərək dahi ideoloqu təhqir ediblər: "Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı... O, bizim nə qədər sərvətimizi talayıb...” kimi replikalar atıblar.
Gənc deputat isə əvvəl dedikləri ilə yetinməyib, canfəşanlıqla Rəsulzadəyə qara yaxmaqda, jurnalistləri şoka salaraq, mürtəce fikirlərini söyləməkdə davam etdirib: "Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycana qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin”. Əslində, əksəriyyətin Azərbaycanın Cümhuriyyət tarixini də, Məhəmməd Əmin Rəsulzadənin kimliyini də hörmətli deputatdan yaxşı bildiyinə heç bir şübhəmiz yoxdur. Ümumiyyətlə, Rəsulzadənin şəxsiyyəti və bu xalq, millət üçün elədikləri qarşısında bu cür ittihamlar heç bir əhəmiyyət kəsb eləmir. Amma N.Həmzəyevin tək olmaması səbəbindən tarixçilərə, millət vəkillərinə müraciət etməyi və bu tarixi onlara izah etməyi lazım bildik.
Tarixçi millət vəkili Fəzail İbrahimlinin sözlərinə görə, Məhəmməd Əmin Rəsulzadənin kim olduğuna dair bir tarixi şəxsiyyət kimi hər birimizin qəbul elədiyi ümummilli lider Heydər Əliyevin özü çox yüksək qiymət verib: "Heydər Əliyev bugünkü müstəqil Azərbaycanın Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olduğunu deyib. Yəni ki, biz Demokratik Cümhuriyyətin övladları, nəvələri, onlar da bizim atalarımız, babalarımızdır. Bu gün heç bir Azərbaycan vətəndaşının öz atası, babası haqqında bu cür ifadələr işlətməyə haqqı yoxdur.
Heç olmasa, Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı verdiyi sərəncama baxsınlar. Görsünlər ki, Prezidentin Rəsulzadəyə münasibəti nədir və bu, əslində Rəsulzadəyə qarşı çıxış deyil. Bu, birbaşa İlham Əliyevə, Heydər Əliyevə, onların Cümhuriyyət qurucularına qarşı yeritdiyi dövlət siyasətinə qarşı çıxışdır. Məhəmməd Əmin Rəsulzadə Demokratik Azərbaycan Cümhuriyyətinin qurucusudur. Həmin o deputatın bu cür şəxsiyyət haqqındakı açıqlamaları birmənalı olaraq mənəvi yoxsulluğun təzahürüdür”.
Rəsulzadənin İrəvanı satması, sərvətimizi talaması ilə bağlı iddialara gəldikdə isə F.İbrahimli deyib ki, bu ifadələr insanda ancaq təəssüf doğurur: "Belə görünür ki, bizə kənardan düşmən lazım deyil. Elə biz özümüz-özümüzü ifşa etməyə, dahilərimizlə bağlı nalayiq açıqlamalar verməyə qadirik. Canını, varlığını, ailəsini millət, xalq yolunda qurban verən insanların ruhu ilə oynamaq olmaz. Bayaq da dediyim kimi, bu açıqlamalar təkcə Rəsulzadəyə yox, dövlətin Cümhuriyyət qurucuları ilə bağlı yeritdiyi xəttə qarşıdır. Öz ölkəsini sevən hər kəs ilk növbədə dövlətin siyasi xəttini müdafiə etməlidir. İrəvanın verilməsi ilə bağlı cənab Prezidentin də mövqeyi bəllidir. O, heç vaxt Cümhuriyyət qurucularını satqın adlandırmayıb. İrəvanın verilməsi ilə bağlı Milli Şuranın qərarı səhv adlandırıla bilər, lakin İrəvanı Rəsulzadənin satdığını iddia etmək yolverilməzdir. Özünə hörmət eləyən, az-çox tarixə bələd olan bir kəs dövlət liderləri ilə bağlı danışan zaman son dərəcə ehtiyatlı olmalıdırlar”.
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa isə həmkarına cavab olaraq, Rəsulzadə şəxsiyyətinə sataşmağın yolverilməz olduğunu deyib: "Bu, hər şeydən öncə siyasi savadsızlıqdan irəli gələn bir yanaşmadır. Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyətini tanımadan, öyrənmədən onun haqqında nalayiq bir fikir səsləndirmək ən azı tərbiyədən kənar bir haldır.
Rəsulzadənin ailəsinə, onun şəxsiyyətinə sataşmaq olmaz. Bu addım vaxtı ilə Heydər Əliyevin, bu gün isə cənab Prezident İlham Əliyevin Rəsulzadəyə verdiyi qiymətə, sərəncama qarşı çıxmaqdır. Onun sərəncamının doğru olmadığını iddia etmək deməkdir. Azərbaycan ictimaiyyəti buna çox ciddi reaksiya verməlidir. Bunu kimin deməyindən asılı olmayaraq, mətbuatda və ictimaiyyətdə qınağa çevirmək lazımdı. Bu dövlətin qurucusuna qarşı bu cür hörmətsiz davranmaq olmaz. Əgər kimsə öz ailəsinə sahib çıxa bilmirsə, bunu Rəsulzadənin üzərinə yıxmasın. Məhəmməd Əmin Rəsulzadə öz ailəsinə də sahib çıxıb, Azərbaycana da. Hamı bilir ki, Rəsulzadənin ailəsi güllələnib. Görəsən, Rəsulzadənin başına gətirilən müsibətlər bunu deyən insanın başına gətirilsəydi, dözə bilərdi? Sovet rejiminin qarşısında kim öz ailəsini qoruya bilərdi ki?! 17 yaşlı oğlunu güllələdilər, körpə qızını, ailəsini Qazaxıstana sürgün etdilər. Nə edə bilərdi? Rəsulzadə imperiyanın əlindən ailəsini alıb apara bilərdi?!
Bu ifadəni işlətmək, ümumiyyətlə, Azərbaycan xalqına hörmətsizlikdir.
Bunu kəskin şəkildə qınayıram. Kimin deməsindən asılı olmayaraq, Rəsulzadə haqqında deyilənlərin tərbiyədən kənar bir yanaşma olduğunu düşünürəm. Kimisə qəbul etməyə bilərsən. Amma onun ailəsinə, onun ruhuna hörmətsizlik göstərmək qətiyyən yolverilməzdir”.
Şəymən