ATƏT Xarici İşlər Nazirləri Şurasının Belqradda keçirilən 22-ci toplantısı çərçivəsində Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Anjey Kaspşiklə görüşüb.
APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlarında irəliləyişə nail olmaq imkanları müzakirə edilib. Tərəflər Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkili məsələsinə də toxunublar. Nalbandyan münaqişənin tənzimlənməsi istiqamətində həmsədrlərlə birgə səylər göstərməyə hazır olduğunu bildirib.
Həmsədrlərin Nalbandiyanla görüşünü şərh edən politoloq Natiq Miri "Şərq”ə söyləyib ki, bu prosesin nisbətən intensivləşməsi son zamanlar Moskvanın hər iki tərəfə təklif etdiyi bir layihə ilə bağlıdır: "Təbii ki, layihənin konkret maddələri məlum deyil. Lakin mətbuatda yazılanlara inansaq, həmin layihədə ilk növbədə Dağlıq Qarabağ ətrafı 5 rayonun boşaldılması və Dağlıq Qarabağın statusunun tanınması məsələləri yer alır. Bu da həmsədr dövlətlərin hərəkətə keçməsinə rəvac verib. Serbiyada xarici işlər nazirləri və həmsədrlər səviyyəsində görüş də təxminən bu kontekstdə baş verə bilər”.
Görüşün nəticələrinə gəlincə, ekspert hesab edir ki, bu məsələdə optimist olmağa lüzum yoxdur: "Ona görə ki, birinci, ola biləcək güzəştləri Ermənistan rəhbərliyinin ritorikasında görmürük. Bu ritorikalarda hansısa yumşalma və yaxud güzəşt xarakterli fikirlər qətiyyən səslənmir”.
Ekspertin qənaətincə, Türkiyənin Rusiyaya məxsus uçağı vurduğu andan münasibətlər çox gərgin müstəvidə davam edir: "Bu da təbii ki, Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərir. Şimal qonşumuz Türkiyə məhsullarının alınmasına və eyni zamanda Türkiyə TIR-larının Rusiyadan keçidinə müəyyən embarqolar qoydu. Bunun müqabilində qardaş Azərbaycan öz qapılarını Türkiyənin üzünə açmaqla bu TIR-ların Orta Asiyaya daşınmasına yol açdı. Bu da Kremli qıcıqlandırmamış deyil. Son zamanlar Moskvanın siyasi elitasında Bakıya yönəlik müsbət mesajların səngidiyini müşahidə edirik. Bəli, Kreml Ankara ilə yanaşı, Bakını da müəyyən mənada cəzalandırmaq niyyətindədir. Ona görə də Dağlıq Qarabağ probleminin ədalətli həllində hansısa irəliləyişdən danışmaq mənasızdır”.
N.Mirinin fikrincə, naməlum görüş də protokol xatirinə gerçəkləşəcək: "Yəni Ermənistan və Azərbaycan prezidentlərinin görüşü üçün bir hazırlıq xarakteri daşıyacaq. Bu görüşün özündə belə ciddi siyasi nəticələr gözlənilmir. Bunun üçün hələlik geosiyasi mühit yoxdur”.
Ayyət Əhməd