Siyasətlə - biznesi ayırmaq lazımdır

Rusiya Türkiyə ilə böyük layihələrini dayandıra bilməz



Təyyarənin vurulmasından sonra Türkiyə ilə demək olar ki, bütün əlaqələri kəsən Rusiya hökuməti "Türk axını” və "Akkuyu” AES-in tikintisi layihələrini dondurmamaq qərarına gəlib. Rusiya Nazirlər Kabineti "Türk axını” qaz borusu və "Akkuyu” Atom Elektrik Stansiyası daxil olmaqla iri investisiya layihələrinin reallaşdırılmasında maraqlı olduğunu açıqlayıb.

Bu barədə Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib. Onun sözlərinə görə, layihələrin perspektivi "Qazprom” və "Rosatom” şirkətlərinin öz işidir: "Türkiyə ilə investisiya əməkdaşlığı üzrə komissiyasının fəaliyyətinin dayandırılmasının "Türk axını” qaz borusu və "Akkuyu” Atom Elektrik Stansiyasının tikintisinin reallaşdırılması ilə əlaqəsi yoxdur. Hökumətin verdiyi qərar o demək deyil ki, onlar öz işlərini dayandırmalıdır”. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb.

Enerji layihələri ilə bağlı "Şərq”ə danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, məsələyə siyasi münasibətlər yox, kommersiya tərəfdən baxmaq lazımdır: 
"Məsələn, "Akkuyu” layihəsi üzərində neçə illərdir iş gedir. Bu layihə haqda razılaşma iki il əvvəl imzalanıb və bu ilin aprel ayında təməlqoyma mərasimi keçirilib. Düzdür, tikinti işləri hələlik başlamayıb, ancaq indiyə kimi bu layihənin reallaşması ilə bağlı 3 milyard dollar vəsait sərf olunub. Layihənin ümumi maya dəyəri isə 20 milyard dollardır. Bu qədər işdən sonra layihənin dondurulması 3 milyard dolların havaya uçmasıdır”.

İ.Şabanın sözlərinə görə, Rusiya birmənalı qaydada enerji layihələrini dayandırsa belə, "Potaş” və bir neçə özəl türk şirkətləri ilə imzaladığı müqavilənin şərtlərinə görə, Türkiyəyə təzminat ödəməlidir: "Türkiyə layihənin indiki mərhələyə gəlməsinə qədər xeyli vəsait xərcləyib. Arbitrajın qərarı ilə həmin pul geri ödənməlidir. Elə bilin ki, siz banka depozitlə vəsait qoyursuz və onu vaxtından əvvəl götürürsüz. Bank da öz növbəsində müştərinin ona vurduğu ziyanın müqabilində həmin vəsaitin bir hissəsini özünə götürür. Bax, müqavilə sənədlərində də vəziyyət təxminən belədir”.

Ekspert bəyan edib ki, Rusiya tərəfi, yəni "Qazprom” eksport şirkəti bir gündə təxminən 10 milyard dollara yaxın vəsait qazanır: "Bu vəsait Türkiyəyə satılan qazdan gəlir. Əvvəllər "Qazprom”un gəliri 70 milyard idi, indi isə 50 milyarddan aşağı düşüb. Bu qədər xammal sərf edən bir ölkə öz mənfəətindən imtina edərmi? Təbii ki, yox. Ona görə də siyasətlə biznesi biri-birindən ayırmaq lazımdır”.

İsmayıl