Ermənistan hakimiyyətinin referendum keçirmək barədə qərarına qarşı etirazlar səngimir. Mövcud hakimiyyətin ömrünün uzadılmasına hesablanmış konstitusiya islahatları ətrafında yaranan gərginlik artıq özünün kulminasiya nöqtəsinə çatıb. "Yeni Ermənistan ictimai qurtuluş cəbhəsi” partiyası İrəvanın Azadlıq meydanında fasiləsiz etiraz aksiyalarına başladığını elan edib və dekabrın 1-də mitinqdən sonra öz tərəfdarlarını meydanda qalmağa çağırıb.
Prezident Serj Sarkisyan iqtidarın konstitusiya islahatları həyata keçirməkdə israrlı olduğunu bəyan edir, xalq və müxalifət isə buna qarşı çıxır. Müxalifət küçələrə çıxacaqlarını, bu rejimdən canlarını qurtarmayanadək oturaq aksiyaların keçiriləcəyini bildirir. Müxalifətin digər qüvvələri də etiraz edənlərə dəstək verir. Sözügedən təşkilat vətəndaş itaətsizliyi hərəkətləri ilə dekabrın 6-na təyin olunmuş referendumun ləğv edilməsinə, bundan sonra isə hakim rejimin istefasına və növbədənkənar seçkilərə nail olmaq istəyir.
Sarkisyan istefa verməlidir
Cəbhənin lideri Jirayr Səfilyan tərəfdarlarını mitinqə isti paltar və yemək ehtiyatı ilə gəlməyə çağırıb. J.Səfilyan hakimiyyətin devrilməsinin bir neçə günün işi olduğuna əmindir. Onun sözlərinə görə, S.Sarkisyan konstitusiya referendumu gününədək istefaya gedəcək: "Əgər Serj Sarkisyan vəziyyətin ciddiliyini anlayıb növbəti dəfə erməni xalqına saymazyana yanaşmağa cəhd etməzsə, ona yəqin ki, Yanukoviçin aqibəti nəsib olar. Müqavimət göstərməyə cəhd edərsə, daha pis - Çauşesku variantı. Seçim onundur. Biz rejim başçısını geri çəkilməni zorsuz təşkil etməyə çağırırıq ki, bütün bu həngamədən dinc yolla çıxa bilək”.
Azadlıq meydanında çadırlar qurulur
Aksiya iştirakçıları Azadlıq meydanında çadırlar qurmaq planları haqqında İrəvan bələdiyyə idarəsinə məlumat veriblər, amma hələ cavab almayıblar. Lakin mənfi cavab da alsalar, J.Səfilyan gecələr meydanda qalan etirazçılar üçün çadırlar qurulacağını bildirib: "Bizim öz tərəfdarlarımızı bir neçə gün isti geyim və yeməklə təmin etmək imkanımız var. Rejimin devrilməsi çox uzun zaman alacaq. Amma biz bunu bacarmalıyıq”.
Sarkisyan referendumu saxtalaşdırır
J.Səfilyan hesab edir ki, dekabrın 6-da keçiriləcək referendumda səsvermə hüququna malik vətəndaşların siyahısı seçicilərin həqiqi sayını əks etdirmir: "Müxalifət siyahılardan hazırda ölkədə yaşamayan və dünyasını dəyişmiş vətəndaşların çıxarılmasını tələb edir, iqtidarsa "ölkəni müvəqqəti tərk edənlərin adlarını siyahıdan silmək olmaz” deyir. Onu da qeyd edək ki, cəbhə hərəkatı psixoloji, fiziki və hüquqi təqiblərə məruz qalmamaq üçün vətəndaş itaətsizliyi zamanı fəalların davranış qaydalarını da hazırlayıb. Bu, erməni xalqının hakim rejimə qarşı ayağa qalxmaq üçün son imkanıdır. Bizi həbs etsələr, biz mübarizəmizi məhbəsdən davam etdirəcəyik”.
Ermənistan polisi nümayişçilərə divan tutur
Cəbhə bəyan edib ki, başlıca məqsədi Prezident S.Sarkisyanın istefasına və referendumun ləğv edilməsinə nail olmaqdır: "Ermənistan Prezidentinin fərmanına əsasən, referendum 2015-ci il dekabrın 6-da keçirilməlidir. Yeni Konstitusiya üzrə Ermənistanda tam parlament idarəetmə sistemi tətbiq edilir, 7 il müddətinə və yenidən seçilmə hüququ olmayan ölkə Prezidenti parlament tərəfindən seçilir və Prezidentin səlahiyyətləri son dərəcə məhdudlaşır. Müxalifət bu dəyişikliyi ikinci və son prezidentlik müddəti başa çatmaqda olan S.Sarkisyanın öz hakimiyyətini uzatmaq cəhdi kimi qələmə verir”.
Ermənistan Baş nazirinə hücum olacaq
Öz növbəsində Ermənistan polisi aksiya iştirakçıları və başqa şəxslərin təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş xidmət rejimində işləyəcəyini bəyan edib. "Sakinləri fitnəkar və qanunsuz hərəkətlərdən çəkinməyə çağırırıq. Biz mitinq təşkilatçılarının evlərinə və ofislərinə baxış keçirdik. Orada döyüş qumbaraları, metal və taxta çubuqlar, bıçaqlar və elektroşok alətləri aşkar edilib” deyə polisin yaydığı müraciətdə bildirilir. Bu ərəfədə Ermənistanın milli təhlükəsizlik xidməti və polis tərəfindən paytaxtda terror planlaşdıran dəstənin ələ keçirilməsinə xüsusi diqqət yetirilir. Erməni mediası yazır ki, əməliyyat zamanı paytaxtın Nork-Maraş inzibati dairəsindəki 9-cu küçədə şəxsi evlərdən birində xeyli silah və sursat aşkar olunub. Məlumata görə, tərksilah edilənlər müasir silahlar, partlayıcılar əldə edərək Ermənistan paytaxtında terror aktları həyata keçirməyi planlaşdırıblar. Vurğulanır ki, qrupu son vaxtlar xaricdə yaşayan Ermənistan vətəndaşı Artur Vardanyan 2015-ci ildə Yerevana qayıdanda yaradıb və ona rəhbərliyi də özü edib. "Aykakan jamanak” qəzeti öz mənbələrinə istinadən yazır ki, zərərsizləşdirilən silahlı qruplaşma parlamentə və Ermənistanın Baş nazirinə hücum etməyi planlaşdırıb. O da vurğulanır ki, məhz bu hal diaspor ilə indiki hakimiyyətin münasibətlərinin gərginləşməsinin göstəricisidir. Çünki qrupun fəaliyyətini məhz xaricdə yaşayan ermənilər, yəni erməni diasporu koordinasiya edib. Milli təhlükəsizlik şefi Qorik Hakobyan əməliyyatın referenduma 10 gün qalmış dəyişiklik əleyhinə çıxış edən müxalifətə təzyiq və onu qorxutmaq məqsədi daşıdığı barədə deyilənləri təkzib edib: "Bizim qurum qeyri-siyasi qurumdur və onun vəzifəsi Ermənistan və Ermənistan xalqının təhlükəsizliyini təmin etməkdir”.
Sarkisyana qarşı münasibət həmişə kəskin olub
Ermənistandakı aksiyaları şərh edən politoloq Elşad Mirbəşir "Şərq”ə söyləyib ki, Ermənistan cəmiyyətinin Sarkisyan hakimiyyətinə münasibəti həmişə kəskin olub: "Bunun da obyektiv səbəbləri var. Sarkisyan hakimiyyətə gəldikdən sonra ölkədə insanların rifah halının yaxşılaşdırılması və cəmiyyətdə sosial iqtisadi dirçəlişin təmin olunması istiqamətində bir dənə də olsun real addımlar atılmayıb. Bu da cəmiyyətdə ciddi narazılıqlara səbəb olub. Son dövrlər separatçı ölkədə yaşanan kütləvi nümayişlər uzun illərdir yığılıb qalmış etirazların nəticəsidir. Artıq cəmiyyət Sarkisyanın fəaliyyətsizliyinə daha kəskin reaksiya verir, onun getməsini tələb edirlər. Bu, yeni hadisə deyil. Səhra komandirinə qarşı hər zaman ciddi iradlar irəli sürülüb. Ermənistan cəmiyyətindəki ictimai rəy ondan ibarətdir ki, Sarkisyan hakimiyyəti birmənalı olaraq arzuolunmaz hakimiyyətə çevrilib”.
Ermənistanın mövcudluğu sual altındadır
Ekspertin qənaətincə, qəsbkar ölkədə ağır sosial-iqtisadi böhran fonunda demoqrafik problemlər də yaşanmaqdadır: "Bu da gələcəkdə Ermənistanın bir dövlət olaraq mövcudluğunu sual altında qoyur. Son bir neçə ildə düşmən ölkədən 1 milyon erməni öz ölkəsini tərk edib. Bu da ondan xəbər verir ki, Sarkisyan hakimiyyəti vətəndaşlarının maraqlarına olduqca biganə münasibət sərgiləyir. Belə olmasaydı, insanlar ölkədən çıxıb getməzdi. Sarkisyan əhalini razı sala bilmir. Bunun üçün iqtisadi gücü yetərli deyil. Ona görə də baş verənlər gözlənilən idi. Sarkisyan hakimiyyətinin həm daxili auditoriyaya, həm də qonşulara münasibətdə yürütdüyü irticaçı siyasət belə ağır nəticələrə gətirib çıxartdı. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqla, Gürcüstanla normal münasibət qura bilməməklə özünü təcrid vəziyyətə salıb. Onlar yalnız Moskvanın hesabına öz mövcudluğunu təmin edə bilir. Bu da yarımçıq mövcudluqdur. Ermənistan vətəndaşları tamamilə diqqətdən kənarda qalıb. Bu səbəbdən kütləvi etirazlar baş alıb gedir. Hesab edirəm ki, hakimiyyət ciddi tədbirlər görməsə, narazılıqlar Sarkisyanın sonuna gətirib, çıxaracaq”.
Bu ölkədə sosial-iqtisadi vəziyyət daha dözülməzdir
Müsahibimiz bəyan edib ki, Ermənistanda sosial-iqtisadi vəziyyətin dözülməz olmasına baxmayaraq enerji qiymətlərinin qaldırılması durumu daha da gərginləşdirib: "Bu, Ermənistan vətəndaşlarının təhqir olunması deməkdir. Çünki Ermənistan hakimiyyəti ölkədəki vəziyyəti gözəl dərk edir. Lakin insanların vəziyyətinin ağırlaşmasına səbəb olan addımlar atır.
Düşünürəm ki, Ermənistanda vəziyyət kifayət qədər kritikdir. Vəziyyətin gərginləşməsinə isə Sarkisyanın yarıtmaz daxili və xarici siyasəti səbəb olur”.
Ayyət Əhməd