Valideyn komitələri yalnız müəllimlərin pul işinə baxır?

Fərqanə Mehmanqızı: “Uşaqlarının təhsilinə biganə yanaşan valideyn belə bu birliyə baxıb, nəticə çıxarır”
Lalə Mehralı: “Bizdə valideyn komitəsi yalnız pulyığan, siyahıtutandır, ayrı işi yoxdur”

Sevinc Elsevər: "Valideyn komitələri lazımdı. Amma çox vaxt müəllimlər onlardan sui- istifadə edib əlavə pullar yığırlaröz ciblərinə”

 Vüqar Zifəroğlu: "Komitələrin ləğvinə isə ehtiyac görmürəm"



Məktəblərdə hər sinifdə valideyn komitələri yaradılır. Məqsəd valideynlərin təhsil müəssisələri ilə məktəb arasında əlaqələrin yaradılmasında iştirak etməsidir. Amma bu gün həmin komitələr heç də müəyyən edildiyi işlərlə məşğul olmurlar. Bu komitələrin böyük əksəriyyətinin fəaliyyəti xarici təcrübədən fərqli olaraq, şənlik, qonaqlıq və ad günü kimi tədbirləri təşkil etmək və ya keçirməkdən ibarətdir.

"Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı feysbuk səhifəsində valideynlərin övladlarının təhsilinə biganəliyindən və valideyn komitələrinin fəaliyyətindən gileylənib. İki gün öncə valideyn iclasında iştirak etdiyini vurğulayan baş redaktor Azərbaycanda təhsilin səviyyəsini aşağı salan amillərdən birinə diqqət çəkib: "Müəllimə uşaqların təhsili ilə bağlı geniş müzakirə açmışdı. Zəif oxuyan uşaqların adlarını çəkdi. İnanın, bir valideyn həmin müzakirədə ağzını açmadı. Uşaqların davranışı, geyimi ilə bağlı konkret ad çəkdi. Yenə səsini çıxaran olmadı. Elə bil adları çəkilən uşaqların bu analara aidiyyəti yox idi. İclasın sonunda Yeni il şənliyi və vinetka çəkilişi ilə bağlı müzakirələdə isə "ağız deyəni qulaq eşitmirdi”. Məktəblərdə valideyn komitələrini ləğv etməsələr, məktəblərdə "yemək, içmək”, "geyim”, "qeybət” fənləri riyaziyyatı üstələyəcək. Daha doğrusu, üstələyib belə”.

Məktəblərdə valideyn iclaslarının əhəmiyyəti, valideyn komitələrinin missiyası ilə bağlı fikirlərini öyrənmək üçün müxtəlif sahələr üzrə fəaliyyət göstərən müsahiblərimiz arasında sorğu keçirdik və fərqli yanaşmalara şahid olduq.

Psixoloq Fərqanə Mehmanqızı valideynlərin təhsilə laqeydliyi ilə bağlı fikirləri bölüşmür. Onun qənaətincə, hər kəsin öz düşüncəsi var: 
"Şəxsən mən valideynlərə tutulan iradlarla razılaşmıram. Uşaqların davamiyyətinə, onların təhsilinə münasibət bir az individual məsələdir. Əgər bu gün valideynlər iclasda iştirak edirsə, bu artıq onların uşaqları ilə maraqlandığının göstəricisidir. Bizim vaxtımızda valideynlərin valideyn iclasında iştirakı məcburi idi. Müəllimlərin kəskin xəbərdarlığına rəğmən yenə də valideynlərin əksəriyyəti məktəbə getməkdən imtina edirdilər. Amma bu gün vəziyyət tamamilə başqa cürdür. Bir nəfər kimi bütün valideynlər məktəbə gəlir və müəllimlərlə söhbət edərək övladlarının təhsili, davamiyyəti ilə maraqlanır. Hətta təkcə analar deyil, indi atalar da valideyn iclaslarında iştirak edirlər. Əvvəllər belə şeylərə çox az hallarda rast gəlirdik. Qaldı ki, iclasda uşaqların təhsili ilə bağlı müzakirələrə müəllimlərin qoşulmaması, uşaqların davranışı, geyimi ilə bağlı konkret ad çəkilən zaman onların səsini çıxarmamasına burada təəccüblü heç nə yoxdu. Adətən valideyn iclaslarında uşaqların davamiyyəti, təlim-tərbiyəsi ilə bağlı müəllimlər məruzə oxuyur və gərəkən təlimatları verir. Burada valideynlər niyə müzakirəyə qoşulmalıdır ki? Yeni il və vinetka ilə bağlı müzakirələr isə tamam fərqli şeydi. Bu müzakirələrdə valideynlərin öz rəylərini bildirməsi, səs-küy salması da çox normal bir şeydi. Bunun təhsilə sayğısızlıq və övladlarının davranışlarına laqeydlik olduğunu düşünmürəm”.

Valideyn komitələrinin ləğvinə gəldikdə isə psixoloq bu komitələrin kifayət qədər əhəmiyyətli qurum olduğunu vurğulayıb: "Mən məktəbdə valideyn komitəsinin sədriyəm. Bu cür komitələr məktəbdə valideynlər arasındakı birliyini göstərir. Uşaqlarının təhsilinə biganə yanaşan valideyn belə bu birliyə baxıb, nəticə çıxarır. Bizim uşaqlara dərs deyən müəllimlərdən biri uşaqlarla pis davranırdı. Biz valideyn komitəsi olaraq, bir araya gəldik və həmin müəllimi sinifdən uzaqlaşdırdıq. Hər hansı bir konflikt yarananda da biz birlik olaraq bu məsələni sülh yolu ilə həll edirik”.

"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralıya görə isə valideyn komitəsinin bizim məktəblərdə yalnız bir missiyası var - valideynlərdən pulu yığıb müəllimə "hörmət” eləmək: 
"Müəllimlər həmişə dilli-dilavər, bir qədər kobud desək, üzlü valideynlərin komitə sədri olmasının tərəfdarı olur, çünki bayramlarda pul yığmaq lazım gələcək, müəllimənin təəssübünü çəkmək lazım olacaq. Valideyn komitəsinin sədri seçilən valideynlər adətən qadın olur, çünki məktəblərə uşaqları aparıb-gətirənlər əsasən analardır. Müəllimənin gözündə özünü yüksək saxlamaq, hökmranlıq etmək istəyən çox qadın var ki, komitə sədri olmağa namizəd olur. Əslində valideyn komitəsinin işi məktəb-valideyn arasında körpü qurmaq, təşkilati işləri görmək, valideynlərin narazılığını araşdırmaqdır. Bizdə isə valideyn komitəsi yalnız pulyığan, siyahıtutandır, ayrı işi yoxdur. Bir valideyn bu yaxınlarda mənə şikayət elədi ki, valideyn iclasında komitə sədri dedi ki, kim müəllimlər günündə 20 manat gətirməsə, onun uşağının axırı yaxşı olmayacaq. Təsəvvür edin, müəllimənin yanında olan bir söhbətdir, o komitə sədrinə müəllim dedirdir bu sözləri, çünki özü deyə bilməz, məsuliyyət daşıyır. Komitə sədrinin dili ilə deyir ki, sabah problem yaransa, xəbəri olmadığını deyə bilsin... O valideynə Təhsil Nazirliyinin "qaynar xətt”ini məsləhət gördüm, daha sonra qarşılaşanda nəticəni soruşdum. Nə desə yaxşıdı? Hamı pul verirdi, mən də borc tapıb verdim, yoxsa uşağımı seçirlər sinifdə. Yəni sözüm ondadır ki, valideyn komitələrini müəllimlərin qara işlərini görmək üçün yaradıblar və heç bir hüquqi imkanı, əsası yoxdur. Onsuz da ki, bu komitələr mütləq olmalıdır deyə bir qərar yoxdur ki, elə ən yaxşısı ləğv edilməsidir”.

Yazar Sevinc Elsevər məktəbli iki uşaq anası olduğundan valideyn iclaslarında tez-tez olur: "İki qızım məktəblidi. Hərəsi ayrı-ayrı məktəblərdə oxuyur. İclaslarda bəzi valideynlər lal-kar kimi otururlar, bəli. Hətta öz aralarında söhbət edənlər də tapılır. Müəllimə uşaq kimi o qadınları sakitləşdirir. Ən dəcəl uşaqların valideynləri isə ümumiyyətlə, iclaslara gəlmir. Amma müəllimlər hər dəfə valideynləri iclasda iştirak etməyən uşaqlardan da danışır. Həmişə yaxşı oxuyan uşaqların valideynləri daha çox danışır iclasda. Müəllimin uşağınız yaxşıdı sözüylə qane olmurlar, yenə hardasa cüzi problem varsa, öyrənmək istəyirlər. Burdan da görünür ki, pis oxuyan, ya yaxşı oxuyan şagird yoxdu. Pis və yaxşı valideynlər var. Valideyn komitələrinin funksiyası təkcə Yeni il bayramı üçün pul yığmaqdan ibarət olmamalıdı. Söz yox ki, uşaqlar şənlik də keçirməlidirlər. Şənliksiz uşaqlıq təsəvvür etmirəm. Uşaq şənlənməlidi də, əylənməlidi də. Amma əyləncəni də elə təşkil etmək lazımdı ki, uşaq ordan nəsə öyrənsin. Getdin yedin-içdin, hoppandın-düşdün, nə olsun? Bu yaxınlarda böyük qızımın sinif yoldaşlarının valideynlərinə təklif etdim ki, pul yığaq, uşaqları teatra aparaq. Hətta dedim, mənim teatrlarda tanışlarım var, endirimlə bilet tapıram. Bakı Uşaq Teatrı hətta bizə pulsuz yerlər də verməyə söz verirdi. Mən valideynləri razı sala bilmədim. Biri dedi pulum yoxdu. Biri dedi ərim məni buraxmaz. Biri dedi vaxtım yoxdu. Amma Yeni il bayramını Uşaq Əyləncə Mərkəzindəki kafedə keçirmək üçün pul yığmaq istəyirlər. Yeyib-içmək üçün pul verirlər. Kiçik qızım isə rusdilli məktəbdə oxuyur. Keçən il Yeni ilə tamaşa hazırlamışdılar rusca. Şeirlər dedilər, uşaqlar mahnı oxudu, oynadı. Mən çox razı qaldım. Uşaq həm əyləndi, həm maarifləndi. Valideyn komitələri lazımdı. Amma çox vaxt müəllimlər onlardan sui-istifadə edib əlavə pullar yığırlar öz ciblərinə. Bu, qəbuledilməzdir. Uşaqların əyləncəsini mədəni gəzinti və maariflənmə yolu ilə təşkil etməyi isə çox az müəllim və az valideyn düşünür”.

Sevinc xanımın sözlərinə görə, bir ayrı problem də iclaslara ataların gəlməməsidi: "Mən başa düşürəm, çörək dalınca qaçırlar. Amma valideyn iclaslarına hər iki valideynin birgə getməyini daha məqsədəuyğun sayıram”.

Vüqar Zifəroğlu, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti:

- Bir valideyn olaraq münasibətim normaldır. Laqeydlik isə bütün valideynlərə aid deyil. Yəni burada daha çox ailədə təhsilə olan münasibətdən söhbət gedir, təhsil məsələsinə nə dərəcədə ciddi yanaşılır. Hər şey bir daha təkrar edirəm ki, ailənin özündən asılıdır və heç də hamı bir deyil. Şəxsən mənim övladlarımın təhsil aldığı Atatürk liseyində valideyn iclasları valideynlərin aktiv iştirakı ilə keçirilir, bunun dəfələrlə şahidi olmuşam.
Komitələrin ləğvinə isə ehtiyac görmürəm. Çünki bəzən valideynlər və məktəb arasında bir vasitəçiyə, əlaqəəndiricəyə ehtiyac olur. Bu zaman komitənin sədri kimi bir nəfər bu funksiyanı yerinə yetirə bilər.


Şəymən