Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Xaricdə təhsil alan tələbələrimiz Azərbaycanın xaricə açılan pəncərəsidir




Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatları ilə yanaşı, xarici ölkələrdə təhsil alan gənclərimizin də xüsusi xidmətləri var. Təhsil aldıqları ölkələrdəki Azərbaycan diaspor təşkilatları ilə sıx ünsiyyət quran və onlarla əlaqəli şəkildə fəaliyyət göstərən tələbələrimiz istər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, istər Dağlıq Qarabağ problemi barədə obyektiv rəyin formalaşdırılması, istərsə də zəngin tarixi-mədəni irsimizin təbliğ olunmasında fəal iştirak edir, ölkəmizi təhsil aldıqları ölkələrdə də layiqincə təmsil edirlər. Əslində elə bu istiqamətdə əsas yük də onların üzərinə düşür.

Çünki onlar təhsil aldıqları ölkələrdə vətənimizin qeyri-rəsmi səfiri missiyasını daşıyırlar. Bunun fərqində olan tələbələrimiz diaspora fəaliyyətləri zamanı, sadəcə tədbirlər keçirməklə kifayətlənmirlər. Onlar həm yerli, həm də xarici KİV-lərlə də sıx əməkdaşlıq edirlər. Son illər gənclərimizin diaspora fəaliyyətində gördüyü işlər və əldə etdikləri uğurları mətbuatımızda yer alan xəbərlərdən də açıq-aydın görmək mümkündür. Sevindirici hal isə ondan ibarətdir ki, Azərbaycan dövləti də öz növbəsində xaricdə təhsil alan tələbələrə, onların uğurlu fəaliyyətinə xüsusi diqqət yetirir, onların fəaliyyətini stimullaşdıran addımlar atır.

Tələbələrin diaspora fəaliyyəti

Qeyd edək ki, xarici universitetlərin hər birinin nəzdində həm də tələbələrin təmsil etdikləri ölkələrin adından ibarət tələbə cəmiyyətləri fəaliyyət göstərir. Elə bu tələbələrin gördükləri işlər çox zaman diaspora təşkilatlarının gördüyü işlərdən daha çox və daha effektiv olur. Onlar öz fəaliyyətləri ilə diaspora təşkilatlarını özlərinə cəlb edirlər. Bütün bu səbəblərdən tələbələrimizin xaricdə göstərdiyi fəaliyyətləri yüksək qiymətləndirmək olar. Sadəcə, onların təkliflərini diqqətlə dinləməli, lazımi dəstəyi göstərmək lazımdır. Əlbəttə, bu sahədə problemlər də var. Bəzən xaricdəki tələbələrimizin Azərbaycanın təbliği ilə bağlı cəhdləri yetərsiz olur və yaxud da istədikləri effekti vermir. Təbii ki, bunun müxtəlif səbəbləri var. Gənclərimizin təşkilatçılıq baxımından təcrübələrinin zəif olması və tədbirlərin keyfiyyətli reallaşdırılmasına dəstək verəcək donor problemidir. Bəzi hallarda diaspora təşkilatları ilə tələbələrimiz arasında bir uçurum yaranır ki, onun əvəzinə körpünün qurulması çox zəruridir.

"Mən hər dəfə Azərbaycandan kənara səfər etdikdə, orada təhsil alan tələbələrimizlə görüşməyə çalışıram"

Xaricdə təhsil alan azərbaycanlı tələbələrin diaspor fəaliyyəti ilə bağlı mövcud vəziyyətini dəyərləndirən Harvard Universitetinin məzunu, gənc fəal Bəxtiyar Hacıyev hesab edir ki, təxminən 10 il bundan öncə müqayisədə azərbaycanlı tələbələrin təhsil aldıqları ölkələrdə diaspor fəaliyyətinə cəlb edilməsində çox ciddi bir passivlik yaranıb: "10 il əvvəl əgər tələbələrin sayı az idisə, xaricdəki səfirliklərimiz, Təhsil Nazirliyi, diaspora qurumları tələbələrin diaspora və lobbiçilik fəaliyyətinə cəlb edilməsi üçün aktiv çalışırdılarsa, indi bir çox halda tələbələrimizin sayının çox olduğu şəhər və ölkələrdəki bir neçə təşkilatı çıxsaq, digər şəhər və ölkələrdə tələbələrimizin təşkilatlanmasında, diaspor fəaliyyətində çox ciddi boşluqlar var.

Mən hər dəfə Azərbaycandan kənara səfər etdikdə, orada təhsil alan tələbələrimizlə görüşməyə çalışıram. Dəfələrlə olub ki, nəinki eyni ölkədə, eyni şəhərdə, hətta eyni universitetdə bir neçə il təhsil almış azərbaycanlı tələbələr biri-birini tanımayıblar, məhz həmin görüşdə tanış olublar. Azərbaycan üçün çox əhəmiyyətli olan, inkişaf etmiş ölkələrdə bu cür hallarla qarşılaşmağımız tələbələrimizin təşkilatlanmamasını, həmin ölkələrdə fəaliyyət göstərən səfirliklərimizin tələbələrlə ünsiyyət, əməkdaşlığının aşağı səviyyədə olmasını göstərir. Son illər həm dövlət hesabına, həm şəxsi vəsait hesabına, həm müxtəlif ölkələrlə mübadilə proqramları çərçivəsində minlərlə tələbəmiz xaricdə təhsil alır. Ancaq təəssüf ki, dövlətimizin heç bir qurumunda hansı ölkədə, hansı şəhərdə, hansı sahədə, hansı təhsil pilləsində neçə nəfər təhsil alması, onların hazırda harada, hansı işlə məşğul olması barədə müfəssəl məlumat yoxdur”.

Xaricdə təhsil alan tələbələrin elektron bazası, sosial şəbəkəsinin yaradılması üzərində işləyirik

B.Hacıyevin sözlərinə görə, tələbələrin diaspor fəaliyyəti ilə bağlı müəyyən illərdə müəyyən şəhər və ölkələrdə aktivlik olsa da, bu, daha çox məhz həmin dövrdə orada təhsil alan bir neçə nəfərin şəxsi fəallıqları ilə bağlı olur. Onlar təhsillərini bitirib həmin şəhər, ölkə, universiteti tərk etdikdə, növbəti illərdə orada təhsil alan tələbələr həmin işləri davam etdirmir. Bu da həmin ölkələrdəki səfirliklərin tələbə təşkilatlarının qalıcı, davamlı, sistemli olması üçün çalışmamaqlarından qaynaqlanır.

Bir neçə aydır xaricdə təhsil alan tələbələrin elektron bazası, sosial şəbəkəsinin yaradılması üzərində işlədiklərinin vurğulayan gənc fəal artıq texniki hazırlıqların tamamlandığını, sistemin təhlükəsizlik və digər testlərin həyata keçirildiyini deyib. Onun qənaətincə, bu sistem həm dövlət qurumlarının kadr ehtiyacını ödəmək, həm özəl sektor üçün xaricdə təhsil almış mütəxəssislərin cəlb edilməsində, həm tələbələrin öz aralarında ünsiyyətinin, əməkdaşlığının artırılmasında faydalı olacaq: "Tələbələrimiz biri-birini daha yaxından tanıyıb, eyni universitet, şəhər, ölkələr üzrə ünsiyyətlərini artırdıqca, dövlət qurumları, səfirliklərimiz onları daha yaxından tanıdıqca, düşünürəm ki, diaspora fəaliyyətində də müəyyən yeni canlanma müşahidə ediləcək”.

"Zəngin Azərbaycan Uğrunda Mübarizə” İctimai Birliyinin sədr müavini, "AzeDer”in Burdur təmsilçisi Samir Orucovun sözlərinə görə, ölkəmiz son illər ərzində böyük tərəqqiyə nail olub və Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkədə gedən proseslərin daim önündə olur: "Ölkənin siyasi, sosial-iqtisadi və mədəni həyatında gənc nəsil fəal iştirak edir. Minlərlə gəncimiz beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edir, idmançıların, yaradıcı gənclərin uğurları nəticəsində Azərbaycanın bayrağı xarici dövlətlərdə yüksəlib, ölkə himni səsləndirilib. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olublar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha da yaxından tanınıb, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar əldə edilib. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında aparıcı rol oynayır, lobbiçilik fəaliyyətinə fəal qatılır. Bir azərbaycanlı kimi ölkəmizi tanıtmaq, bu istiqamətdə tədbirlər təşkil etmək mühüm əhəmiyyət kəsb edir. Təhsil aldığım universitetdə bir çox dərnəyin üzvüyəm və Türk Dünyası Araşdırmaları Topluluğunun rəhbəriyəm. Diaspor fəaliyyəti ilə məşğul olma mənim üçün çox şərəfli bir işdir. Bundan sonra da bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm. Ümumiyyətlə, xaricdə təhsil alan tələbələrimizi Azərbaycanın xaricə açılan pəncərəsi kimi dəyərləndirmək olar. Biz Azərbaycanla bağlı bütün reallıqları təhsil aldığımız ölkədə insanlara çatdırmaqla ölkəmizin həqiqət carçısına çevrilmiş oluruq”.

Xaricdə təhsil alan gənclər Azərbaycanın gənc səfirləridir

Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin Biznesin və İqtisadiyyatın idarə edilməsi fakültəsinin tələbəsi və Diaspora Jurnalistlər Birliyinin Kipr üzrə təmsilçisi Rəşad Bədirli isə hesab edir ki, xaricdə təhsil alan gənclər Azərbaycanın gənc səfirləridir: "Kiprdə gənclərə Azərbaycanın böyük tarixi, mədəniyyəti ilə bağlı məlumat veririk, qonaqpərvər bir millət olduğumuzu çatdırırıq. Qazandığımız uğurlarımız və ağrılı yerimiz olan Qarabağımız və ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə məlumat veririk. Bundan başqa, hər il gəncləri Azərbaycana dəvət edirik ki, gəlib ölkəmizin necə gözəl olduğunu və necə bir qonaqpərvər millət olduğumuzu görsünlər. Azərbaycan haqqında dünya mediasında bir çox məqalələrimiz yayımlanıb. Kiprdə keçirilən tədbirlər, bayramlar, aksiyalar və təbliğat xarakterli videolar, həmçinin nümayişlər diasporumuzun fəaliyyətində çox önəmli addımlardan biridir. Çünki əsas olan odur ki, biz gənc səfirlərin vəzifəsi Azərbaycanı dünyaya tanıtmaqdır. Biz bu yolla, bu iradə ilə yolumuza davam edirik. Bu, diaspor fəaliyyətində önəmli məqamlardan biridir. Xaricdə təhsil almaq və vətənimizi xaricdə təbliğ etmək çox önəmli bir uğurdur. Təbii ki, əyani şəkildə təhsil almaq, həm də önəmli bir vəzifə və məsuliyyətdir”.

Hansı küçədən keçirsən, ən azından bir eyvanda Azərbaycan bayrağının asılı olduğunu görürük

Rəşad Bədirli hesab edir ki, dövlət hesabına və öz hesabına təhsil almağın heç bir fərqi yoxdur. Əsas olan bayrağımızı layiqincə yüksəklərdə tutmaq və aldıqları təhsili öz ölkəmizdə tətbiq etməkdir: "Şimali Kiprdə hara getsən, Azərbaycan bayrağını, hansı rəsmi yerlərə getsən, Azərbaycan suvenirlərini gördükdə insan çox sevinir, insana çox xoş gəlir. Şimali Kiprin Prezidentinin, Təhsil Nazirliyinin, millət vəkillərinin və rəsmi qurumların otağında mütləq Azərbaycana aid suvenir və bayraq var. Hansı küçədən keçirsən, ən azından bir eyvanda Azərbaycan bayrağının asılı olduğunu görürük. Bu, çox qürurvericidir”.

Qabil Əliyev isə Yaponiyada yaşayan 35 azərbaycanlı tələbədən biridir. Həm də o, əcnəbilərin daha az üz tutduğu Sapporo şəhərində yaşayır. Qabil burada Hokkaido Universitetində menecment üzrə magistr təhsili alır. Təhsili ilə əlaqədar vaxt azlığı olsa da, gündoğar ölkədə Azərbaycanı təbliğ etməyi də unutmur. Qabil Əliyev etiraf edir ki, onun yaşadığı şəhərin sakinlərinin Azərbaycan barədə məlumatı azdır. Buna görə də onun üzərinə daha böyük

məsuliyyət düşür: "Azərbaycan deyəndə bir az çətinlik çəkirlər. Soruşurlar hara yaxındır və siz deyirsiniz ki, Xəzər dənizi. "Kaspi kay” deyirlər onlar bura. Azərbaycan deyə bir ölkənin varlığı barədə bir az yaşlı yaponlar daha çox məlumatlıdırlar. Mən özüm bir ildir buradayam. Bir az oturuşmaq, elmi işlə bağlı vaxt çox gedir istər-istəməz. İndi-indi artıq nəsə etmək istəyirəm”.

Xaricdə təhsil alan tələbələrimiz Azərbaycan tarixini daha yaxından bilməlidirlər

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramovun qənaətincə, xaricdə təhsil alan azərbaycanlı tələbələr diaspor işində daha aktiv rol oynamalıdırlar. İstənilən halda gənclər ictimai cəhətdən fəal olmalı, ölkənin maraqlarını daha çox qorumalıdır. Eyni zamanda xaricdə təhsil aldığı müddətdə Azərbaycanın təmsilçisi olduğunu bilməlidir: "Xaricdə təhsil alan tələbələrimizin tarix dərsləri güclü olmalıdır. Bir daha da konkretləşdirsək, onlara tariximizi öyrədib yola salmalıyıq. Bu istiqamətdə mütəmadi olaraq işlər aparılmalıdır. Qeyri-hökumət təşkilatları da öz növbəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrlə daha sıx əlaqələr qurmalıdırlar. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları müntəzəm olaraq xarici ölkələrə etdikləri səfər zamanı həmin ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə görüşməlidirlər. Həmçinin qeyri-hökumət təşkilatları ilə tələbələrin görüşləri təşkil olunmalıdır. Doğrudan da, əgər biz Azərbaycanı yüksək səviyyədə tanıtmaq istəyiriksə, xaricdə cəmləşən intellektual gücümüzə dəstək verib, onlarla sıx əlaqələr yaratmalıyıq”.

Şəymən Aşırlı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.