Əliniz cibinizdə olsun, qapılar bir-bir döyülür

Əmlak və torpaq vergisi üçün bələdiyyə nümayəndələri hazırlıqlara başlayıblar



2016-cı ildən etibarən Azərbaycanda əmlak və torpaq vergiləri yeni qaydalarla ödəniləcək. Ərazi üzrə bələdiyyə nümayəndələri artıq indidən hazırlıqlara başlayıblar və qapılar bir-bir döyülür. Məlumdur ki, vergi məbləğləri ilə bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Dəyişikliklərə əsasən verginin məbləği əmlakın qiyməti ilə deyil, ölçüləri ilə təyin edilir. Qısaca xatırladaq ki, mənzilinin sahəsi 30 m2-dək olan vətəndaşlar vergi ödəməyəcək. Mənzilin sahəsi 30 m2 aşdıqda əmlak vergisi mexanizmi də işə düşəcək. Əmlak vergisi mənzilin 30 kvadratmetrdən artıq olan hissəsinə görə hesablanacaq.

Amma verginin məbləği regionlardan asılı olaraq dəyişir. Belə ki, 30 kvadratmetrdən artıq hər 1 m2-i üçün vergi Bakıda 40 qəpik, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 30 qəpik, digər şəhər və rayon mərkəzlərində 20 qəpik olacaq. Kənd və qəsəbələrdə, o cümlədən kiçik yaşayış məntəqələrində isə evin 30 m2-dan artıq hər kvadratmetri üçün 10 qəpik tutulacaq.

Bakı şəhərinin özündə də vergi fərqli olacaq. Məcəlləyə edilən dəyişikliklər nəticəsində əmlak vergisinin məbləği nəinki əmlakın hansı regionlarda yerləşməsini, hətta paytaxtın mərkəzində və ya kənarında yerləşməsini də nəzərə alacaq. Belə ki, Bakının ayrı-ayrı ərazilərində əmlak vergisinin dərəcəsi fərqli müəyyən edilir. Paytaxtdakı əmlakdan vergilərin hesablanması üçün 0,7-dən 1,5-ə qədər dəyişə bilən əlavə əmsal tətbiq edilir. Başqa sözlə, Bakıdakı əmlak sahibləri üçün verginin məbləği hər m2 üçün 28 qəpikdən 60 qəpiyə qədər dəyişir. Hazırda əmlak vergisinin məbləği indiyə qədər mənzil-istismar idarələrinə ödənilən məbləğ qədərdir. Lakin 2016-cı ilin əvvəlindən etibarən verginin ödənilməsi səlahiyyəti daşınmaz əmlakın yerləşdiyi ərazinin yerli özünüidarəetmə orqanlarına - bələdiyyələrə veriləcək. Artıq bildirdiyimiz kimi, bələdiyyə nümayəndələri qapı-qapı gəzir və sakinlərə yeni qaydalarla vergi tutulacağına dair məlumat verirlər.

Amma mübahisəli tərəflər də var. Məsələn, mənzilin sahəsinin hesablanması ilə bağlı. Yaşayış və qeyri-yaşayış sahəsi deyilən bir anlayış var. Mənzilin eyvanı, dəhliz, mətbəx, sanitar qovşağı qeyri-yaşayış sahəsinə aiddir. Yeni vergi tutulması qaydalarında bunun nə dərəcədə nəzərə alındığı məlum deyil. 30 m2 dedikdə, mənzilin ümumi sahəsimi nəzərdə tutulur, yoxsa yalnız yaşayış sahəsi?

Dəqiqliyinə ehtiyac duyulan bir məsələ də mənzilin yerləşdiyi ərazinin hansı meyarlarla mərkəzə və yaxud kənar zonalara aid ediləcəyidir. Sakinlər bu haqda məlumatsız olduqlarından mənzillərinə təyin edilmiş verginin düzgün hesablanıb-hesablanmadığını da bilməyəcəklər.

Zahirən baxdıqda, 20-ci sahə adlanan ərazi paytaxtın Səbail rayonu ərazisinə daxildir, bu inzibati rayon da mərkəz hesab edilir. Amma 20-ci sahədə elə yaşayış məkanları var ki, Sabunçu rayonu da, Binə kəndi də onun yanında toya-bayrama gedəsidi. Bəs bu məsələlər necə həllini tapacaq?

Məsələyə aydınlıq gətirən "Əmlak” Ekspert Mərkəzinin rəhbəri Ramin Osmanlı "Şərq”ə açıqlamasında Məcəlləyə edilmiş dəyişikliklərlə bağlı bir sıra dəqiqləşdirmələrə ehtiyac duyulduğunu bildirdi:

- Bütün bu məsələlərlə bağlı müəyyən təlimatlar olmalıdır. Nazirlər Kabineti müvafiq qərarla təlimatları təsdiq etməlidir. Paytaxtın zonaları üzrə rəsmi siyahı tərtib edilməlidir. Biz bir neçə dəfə bu məsələni qaldırmışıq, Dövlət Əmlak Komitəsinə də iradlarımızı məktub vasitəsilə bildirmişik ki, paytaxtın zonalaşması düzgün aparılmayıb. Şəhərlərin zonalaşmasına dair beynəlxalq standartlar mövcuddur. Şəhərin zonalaşması üzrə bir sıra normalar var, məsələn, miqyası, ölçüsü, əhalisinin sayı, sənaye müəssisələrinin yerləşməsi və s. Zonalaşma normalar üzrə təyin edilir. Bakı kimi şəhərlərdə minimum 50-60 zonadan ibarət olur. Amma Bakıda cəmi 12 inzibati rayon var. Əvvəllər hətta 11 inzibati rayon idi. Ona görə də Bakı üzrə mərkəz, mərkəzə yaxın, mərkəzdən kənar zonaların təyin edilməsində çətinlik yaranır. Daha doğrusu, bu məsələdə dəqiqlik olmadığından, boşluqlar yaranır ki, bu da bəzi sui-istifadə hallarına gətirib çıxarır. Həqiqətən də, sakin yaşadığı ərazinin mərkəzə və ya mərkəzdən kənara aid olub-olmadığını bilməlidir. Bununla bağlı xüsusi qaydalar, təlimatlar olmalıdır. Təəssüf ki, bizdə bunlar yoxdur.

Mənzillərin yaşayış və qeyri-yaşayış sahələrinə gəlincə, hazırda bu məsələlər əsas və köməkçi sahələr adlanır. Əsas sahəyə mənzilin yaşayış sahəsi, yəni otaqlar, köməkçi sahəyə isə mətbəx, dəhliz, eyvan, sanitar qovşağı və s. daxildir. Amma mənzilin kvadratmetri üzrə vergi dərəcəsi hesablanarkən əsas və köməkçi sahələrə fərq qoyulmur. Vergi hesablamalarında bunlar nəzərə alınmır. Verginin məbləği ümumi yaşayış sahəsi üzrə hesablanacaq. Ümumi yaşayış sahəsinə isə həm əsas, həm də köməkçi sahə daxildir. Sakin tələb edə bilməz ki, köməkçi sahənin ölçüsü hesabdan kənar qalsın. Belə qayda yoxdur. Köməkçi sahələr yalnız fərdi yaşayış evlərində nəzərə alınır. Çünki fərdi evlərdə həyət, yardımçı sahələr olur. Baxın, mənzilin sənədlərində əsas və köməkçi sahə anlayışı var, amma vergi hesablamalarında belə bir hal nəzərdə tutulmur.

R.Osmanlı qeyd etdi ki, qanunvericiliyə məlum dəyişikliklər bir nəfərin çoxlu sayda mənzilə sahib olmasının qarşısını almaq məqsədi daşıyır. Ancaq bu, elə də əhəmiyyətli bir dəyişikliyə gətirib çıxarmayacaq:

- Ümumi hesablamalar göstərir ki, mənzillərin əvvəlki vergi rüsumları ilə müqayisədə indi tətbiq olunan vergi rüsumları təqribən 4 dəfəyə yaxın artırılır. Burada bir məsələ də diqqəti cəlb edir ki, şəhərin mərkəzi hissələrində sahəsi 30 kvadratmetrdən yuxarı olan mənzillər üçün bir kvadratmetrə görə hesablanan vergi rüsumu 60 qəpik müəyyənləşib. Bu, ilk baxışdan böyük rəqəmdir. Nəzərə alsaq ki, bu gün Bakının mərkəzində yeni tikililərdə mənzillərin sahəsi 130-140 kvadratmetrdən başlayır, bu zaman tətbiq olunan vergi rüsumu kifayət qədər ciddi rəqəm hesab oluna bilər. Amma təsəvvür edin ki, illik bir nəfər 150-200 kvadratmetr sahə üçün 120-150 manat vəsait ödəyəcəksə, onun 10 mənzili olarsa, bu rəqəm 1200-1500 manata qədər arta bilər. Bu isə bir ay üçün 100-150 manat vəsait deməkdir. Milyonlarla manatlıq mənzilə sahib olan insana pul ödəyən bir şəxs üçün bu, o qədər də böyük vəsait deyil. Mənzil islahatları baxımından, bu, hər hansı bir əhəmiyyətli dəyişikliyə səbəb olmayacaq. Yeni vergi qaydaları mənzillərin qiymətinə də hər hansı təsir göstərməyəcək. Sadə insanların büdcəsinə də bu vergi dəyişikliyi elə də ciddi təsir etməyəcək. Çünki paytaxtın mərkəzindən kənarlara doğru getdikcə, vergi rüsumu azalır. 5 nəfərlik bir ailə ildə 20 manatdan çox mənzil vergisi ödəməyəcək. Bu elə də böyük rəqəm deyil.

Mənzil vergisi Avropa ölkələrində, Türkiyədə də geniş yayılıb. Hətta Avropada insanlar vergi ödəməsin deyə, mənzil kirayələməyə üstünlük verirlər. Avropada daşınmaz əmlak obyektinin saxlanma xərcləri çox böyükdür və burada vergi rüsumları da məbləğin əhəmiyyətli bir hissəsini təşkil edir. İnsanlar yüksək vergi ödəməmək üçün daşınmaz əmlak alqı-satqısına meyl etmirlər. Azərbaycanda isə dünənədək fərqli mənzərə idi. Əlində pulu olan daşınmaz əmlak alırdı. Əmlak vergilərinin dəyişməsi, bu tendensiyanın da zəifləməsinə səbəb ola bilər.

R.Osmanlının fikrincə, əmlaka görə vergilərin hesablanmasının yerli özünüidarəetmə orqanlarına həvalə edilməsi bələdiyyələrin funksiyalarını və eyni zamanda büdcələrinin artırılmasına xidmət edəcək:

- Mənzil İstismar Sahələri demək olar, artıq ləğv edilib. MİS-lər hazırda bilmirlər necə fəaliyyət göstərsinlər. MİS-lərin səlahiyyətlərinin və funksiyalarının yavaş-yavaş bələdiyyələrə ötürülməsi prosesi gedir. Əmlakdan vergilərin tutulmasının bələdiyyələrə tapşırılması onların idarəetməsinə kömək edəcək. Bələdiyyələrin maliyyə imkanları artacaq, bununla yanaşı vəzifələri həmçinin. MİS-lərin təsir dairəsində olan sahələr bələdiyyələrə ötürüləcək. Sakinlər də vergi ödəyicisi olduqlarından bələdiyyədən problemlərinin həllini tələb edəcəklər. Lift xarab olanda da bələdiyyəyə gedəcəklər, su kəsiləndə də. Avropada da, Türkiyədə də biz görürük ki, bələdiyyələr necə geniş imkanlara malikdir. Çünki büdcələri formalaşıb. Bizdə də buna doğru gedilir.

Məlahət Rzayeva