Rayonlardan Bakıya tonlarla heyvan leşləri gətirilir

“Bu ətlər şadlıq saraylarına, dönərxanalara, restoranlara və s. iaşə obyektlərinə verilə bilər”



Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Xidmətdən verilən məlumata görə, dekabrın 1-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Bərdə rayonu S.Vurğun küçəsi 9 nömrəli evin sakini Novruzov Seyfəddin Vəliyəddin oğluna məxus olan həyətdə dövlət baytarlıq qeydiyyatında olmayan iki soyuducu kamerada 20 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri aşkar edilib. Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, göyərmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib. Laboratoriyaya göndərilən nümunələrdə bakterioloji, mikroskopik və kimya-toksikoloji müayinələr aparılıb. Aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə, salmonella və eşerixa koli xəstəliklərinin törədicisi müəyyən olunub. Biokimyəvi müayinə zamanı isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də götürülmüş nümunələrdən əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş heyvanların ətləri olduğu müəyyən edilib. Aparılan müayinələrin nəticəsinə əsasən yoxlanılan ət nümunələri qida üçün yararsız olduğu və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyi üçün onun zərərsizləşdirilməsinə qərar verilib.

Qeyd edək ki, birgə reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu "Mersedes” markalı yük avtomaşını saxlanılıb. Heyvan cəmdəklərindən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Nümunələrdə bakterioloji çirklənmə, salmonella və eşerixa koli xəstəliklərinin törədicisi müəyyən olunub. Biokimyəvi müayinə nəticəsində isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvanların ətləri olduğu müəyyən edilib. Aparılan müayinələrin nəticəsinə əsasən qida üçün yararsız olduğundan və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyindən satış məqsədilə gətirilən 5 tona yaxın ətin zərərsizləşdirilməsinə qərar verilib.

Bu qərara uyğun olaraq dekabrın 3-də həmin ətlər yükü gətirən "Mersedes Benz-Ateco” markalı 99 CP 289 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsünün, KİV və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək basdırılıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə mənşəyi məlum olmayan ətlərin bazarlarda rahat şəkildə satılması hallarının mövcud olduğunu deyib. Heyvan leşlərinin Bakıya gətirilməsi məsələsinə toxunan E.Hüseynov daha çox hansı bölgələrdən Bakıya leş gətirildiyini də açıqlayıb: "Bərdə, Masallı, Lənkəran və bir çox rayonlardan Bakıya leş gətirilir. 2 il öncə Saatlıdan bir fermer mənə yazılı şəkildə müraciət edərək bildirmişdi ki, fermasında ölən inəyi qamışlığa atıb. Leş yığanlar həmin inəyi götürüb Bakıya aparıblar”.

Bakıda bəzi restoranlar və şadlıq evlərinin leşlərdən hazırlanan məhsullar aldığını iddia edən müsahibimiz bu şəxsləri ifşa etməkdə çətinlik çəkdiklərini söyləyib: "Azərbaycanda cəmi bir yerdə laboratoriya var. O da ətin mənşəyini, yəni ətin at, ulaq və ya mal əti olduğunu məlum edir. Tam realdır ki, Bakıda və regionlarda əhaliyə mənşəyi məlum olmayan ət yedizdirilsin. Bu ətlər şadlıq saraylarında, dönərxanalarda, restoranlarda və s. iaşə obyektlərində ola bilər. Bu sahədə ölkə əhalisi böyük risk altındadır. Səbəbi də odur ki, qida təhlükəsizliyi haqqında qanun yoxdur. Dövlət orqanlarının bu sahəyə müdaxiləsi qanunla sıfıra endirilib. Bizneslə məmur məşğul olur, ekspertiza da dövlətin əlindədir. Bütün bunlara görə də əhali ortada qalıb”.

Şəymən