Bakı şəhərində daha bir tunelin üzərində avtomobillərin qanunsuz parklanması qadağan edilib. Ziya Bünyadov prospektində, "3-cü mikrorayon bazarı”nın qarşısında yerləşən avtomobil tunelinin üzərində bundan sonra avtomobil park edənlər cəzalandırılacaq.
"Azəryolservis” ASC-dən verilən məlumata görə, hazırda nəqliyyat vasitələrinin sözügedən tunelin üzərinə daxil olması üçün giriş hissəyə beton maneə qoyulub. Həmin ünvanda parklanmanın ləğv edilməsinə səbəb baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaqdır. Bu cür addımların parklanma yeri kimi hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub.
Xatırladaq ki, bir müddət bundan öncə Moskva prospektində, "Şamaxinka” deyilən ərazidə yerləşən avtomobil tunelinin üzərindəki parklanma yeri də ləğv edilib.
"Digesta” Hüquq nəşriyyatının rəhbəri, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov parklanma yerlərinin sökülməsi ideyasını bəyənmədiyini deyib. Tunellərin üzərində maşın saxlamağın qadağan olmadığını vurğulayan ekspertin sözlərinə görə, tunellərin üstü dəmir-beton konstruksiyalardan ibarət olduğu üçün heç bir təhlükəsi yoxdur: "Minik avtomobillərinin tunellərin üzərində parklanmasının hər hansısa təhlükəyə səbəb olacağını zənn etmirəm. Bu dəqiqə şəhərin hər kvadrat metri qiymətlidir. Ona görə də bu cür boş ərazilərdən istifadə eləmək lazımdır. 100 avtomobillik parklanma yerini ləğv etmək, mənə elə gəlir ki, müsbət addım deyil”.
Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə tunel üzərindəki parklanma yerlərinin sökülməsinin doğru addım olduğunu düşünür. O hesab edir ki, bu gün hər şey normal görünsə də, uzunmüddətli planda bu cür parkinqlər tuneldə deformasiya yarada bilər: "Keçid tunellərini deyə bilmərəm, amma yeraltı metro tunelləri iki üsulla tikilir. Dağ-mədən üsulları ilə tikilən tunellər daha dərin olur və onların üzərində parkinqlər də quraşdırmaq olar, bina da tikmək. Bu cür tunellər adətən prospektlərin altı ilə gedir, amma infrastruktur elə hesablanır ki, orada nəqliyyatın hərəkəti nəzərdə tutulmur.
Zənnimcə, o qədər də dərin olmayan tunellərin üzərini həddindən artıq yükləmək olmaz. Bu zaman deformasiya baş verə, tunel çökə bilər. Təbii ki, bir-iki gün tunelin üzərində maşın saxlamaqla heç bir faciə baş verməz. Amma uzunmüddətli planda o qədər də dərin olmayan tunelin üzərində parkinq kimi istifadə çox ciddi problemlər yarada bilər. Bu cür tunellər elə yerdə tikilməlidir ki, sonradan onların üzərində ağır konstruksiyalar quraşdırılmasın. Uzaqbaşı, orada kiosk köşklər yerləşdirmək olar. Əgər həmin parkinqdə 100 avtomobil dayanırsa, hərəsini 2 tondan götürsək, bu artıq 200 ton edir ki, o da kifayət qədər ağır yükdür”.
Şəymən