Rusiya mediasına çıxış imkanlarımız niyə zəifdir?

Zeynal Məmmədli: “Rusiya siyasi elitasının fikrini bölüşməyən jurnalistlərin fərqli baxışlarına rus mediasında yer verilmir”
Elçin Şıxlı: “Təəssüflər olsun ki, jurnalistikamızda savadlı rusdilli jurnalistlərin sayı çox azdır”



Rus qırıcısının vurulmasından sonra Türkiyə və Rusiya arasında yaranan gərginlik təkcə siyasi, iqtisadi və mədəni əlaqələr fonunda deyil, Kütləvi İnformasiya Vasitələrinin təbliğat sahəsində də (KİV) özünü açıq şəkildə büruzə verməkdədir. Aydın görünən odur ki, məlum təyyarə olayından sonra Rusiya mediası nəinki təkcə Türkiyəni, ümumiyyətlə, digər türk dövlətlərini, o cümlədən rəsmi Ankara ilə qardaş münasibətdə olan Azərbaycanı da ciddi formada hədəfə alıb.

Hətta Rusiyanın dövlət telekanallarında, tanınmış "Nezavisimaya qazeta”, "Moskovski komsomolets”, "Novıye İzvestiya”, "Kommersant” və başqa mətbu orqanlarında belə Azərbaycan əleyhinə yazılar, məqalələr dərc olunmağa başlayıb. Fürsətdən istifadə edən bəzi qərəzli rus mediası isə Dağlıq Qarabağ münaqişəsini yenidən gündəmə gətirərək Azərbaycana təzyiq rıçaqlarını işə salıblar. Bununla kifayətlənməyən məkirli rus "jurnalistlər” efirlərə çıxaraq, ölkəmizi tənqid etməyə və prosesləri fərqli məcraya yönəltməyə cəhd ediblər. Əlbəttə, ölkəmizə qarşı bu cür münasibət ilk dəfə gündəmə gəlmir. Zaman-zaman rus mediasının bəzi qrupları Azərbaycanı hədəf alıblar. Problem ondadır ki, rus mediasında gedən qərəzli yazılara, yanlış mövqelərə adekvat cavab verə biləcək, alternativ fikirlər ortaya qoyacaq azərbaycanlı jurnalistlər yox səviyyəsindədir. Belə çıxır ki, jurnalistlərimizin rus mətbuatına çıxışı heç də qənaətbəxş deyil. Hazırda rus mediasında çıxış edən üç-beş azərbaycanlı müxbir isə proseslərə müdaxilə edəcək, ictimai rəyə təsir göstərəcək imkana sahib deyillər. Məsələni dəyərləndirən ekspertlərə görə, mövcud problemin əsas səbəbləri jurnalistikada müşahidə olunan qeyri-peşəkarlıq və Kremlin rus mətbuatını nəzarət altında saxlamasıdır.

Nəzarətdə olan rus mediası kənar baxışlara yer vermir

BDU-nun professoru, tanınmış media eksperti Zeynal Məmmədlinin fikrincə, Azərbaycanda rus mediasına çıxış əldə edə biləcək böyük miqyasda populyar jurnalist yoxdur: "Birincisi, Azərbaycan mətbuatının beynəlxalq nüfuzu elə də çox deyil. İkincisi də indi informasiya əsridir, elektron medianın inkişaf etdiyi bir dövrdür. Yəni öz imzası ilə tanınan, müstəqil rəyləri, baxışları olan qabaqkı məşhur jurnalistlər də yoxdur. Ümumiyyətlə, indi jurnalistlərin imza ilə tanınma dövrü deyil. Sosial şəbəkələr, internet, informasiya axını o qədər güclənib ki, tək-tük şəxslərin imzası öz əhəmiyyətini itirib. Digər tərəfdən Rusiya mediası elə idarə olunur ki, o dərəcədə hökumətə tabedir ki, ölkə mətbuatı dünyanın tanınmış jurnalistlərinə belə qapısını bağlayır, nəinki təkcə azərbaycanlı jurnalistlərə. Yəni Rusiya siyasi elitasının fikrini bölüşməyən jurnalistlərin fərqli baxışlarına rus mediasında yer verilmir. Sadəcə bir-iki kənar mətbuat orqanlarında müəyyən şəxslərin yazılarına təsadüf etmək mümkündür. Bu da necə deyərlər, "suyunun suyu” qədər mənasız bir şeydir. Ona görə də bizdə məşhur jurnalist olsa belə, onun rus mediasına yol tapması mümkünsüzdür. Xüsusən rus televiziyaları elə idarə olunur ki, orada qarşı mövqeyi əks etdirən fikirlərə əsla rast gəlmək olmur. Əgər rus kanallarında gedən tok-şoulara baxsaq, görərik ki, həmin verilişlərdə moderatorluqdan əsər-əlamət yoxdur. Aparıcı öz baxışlarını güclə ekspertlərə, verilişin qonaqlarına sırımağa çalışır. Müsahiblərdən hansısa biri əsas mətləbə yaxınlaşan kimi moderator dərhal mövzunu dəyişir və sözü başqasına verir. Efirdəki tamaşaçılar isə alqışlar və ya fit çalmaqla məsələyə müdaxilə etməyə çalışırlar. Bu baxımdan hesab edirəm ki, rus mediasından xeyrimizə nəsə gözləməyə dəyməz. Çünki idarə olunan media mühitində belə problemlər olur. Fərqli fikirlərə, alternativ görüşlərə yer verilmir”.

Rusiyada mexanizmi elə qurulub ki, ancaq rejimə xidmət edən jurnalistlər təbliğatda iştirak edə bilərlər

Professor bildirib ki, Rusiya mediasında az da olsa, azərbaycanlılar çalışır. Hətta onların içində nüfuzlu olanları da var: "Amma yenə deyirəm, onlar elə bir orqanizmin içində işləyirlər ki, hər hansı əks fikir səsləndirsələr, hətta buna cəhd göstərsələr, dərhal cəzalanırlar. Yəqin ki, sırf buna görə, Rusiyanın "1-ci” kanalında çalışan xəbər aparıcısı, azərbaycanlı İradə Zeynalova da açıq şəkildə öz fikirlərini deyə bilmir. Düzdür, bəzən azərbaycanlı jurnalistlər proqramların girişində və ya məqalələrində az da olsa müəyyən məsələlərə tamas edirlər. Lakin onlardan bundan artığını gözləməyə dəyməz. Çünki əks halda işlərini itirə bilərlər. Ona görə də məsələlərin kökünə baxmaq lazımdır. Əlbəttə, demirik ki, Rusiya jurnalistlərinin hamısı ucdantutma Azərbaycana qarşıdır. Bu, sadəcə Putinin yeritdiyi siyasi kursdur. Rusiyada dövlət mexanizmi elə qurulub ki, ancaq rejimə xidmət edən jurnalistlər həmin təbliğat maşınında özlərinə yer tapa bilərlər.

Biz heç Azərbaycan televiziyalarında Rusiya ilə bağlı analitik verilişlərə, şərhlərə rast gəlmirik, nəinki xarici ölkələrin mediasında. Bəs nəyə görə türk dünyasının müdafiəsini rus mediasında axtarırıq, bunu əvvəlcə özümüzdə başlatsaq, daha yaxşı olmazmı? Axı Azərbaycanda kifayət qədər rusdilli saytlar fəaliyyət göstərir. Bu, futbol oyunu kimi bir şeydir, öz meydanımızda uda bilmiriksə, rəqib meydanda nə edə bilərik?!”

Rusiya mediasında çalışan azərbaycanlı jurnalistlər nə işlə məşğuldur?

Azərbaycan Jurnalistlər İttifaqının sədri, "Ayna”-”Zerkalo” qəzetlərinin keçmiş baş redaktoru Elçin Şıxlı deyib ki, ölkə jurnalistikasının rus mediası ilə müəyyən bağlılığı var. Amma bu, daha çox fərdi səviyyədədir: "Rusiya mediasında ermənilərlə bağlı aparılan debatlarda, müzakirə olunan məsələlərdə mütləq bir nəfər də olsa erməni nümayəndə proqramda iştirak edir. Məsələn, dünən "ORT”-də bir verilişə baxdım, orada iki erməni var idi. Özü də onların jurnalistikaya heç bir dəxli yox idi. Söhbət ondan gedir ki, ermənilər bizdən fərqli olaraq, Rusiya cəmiyyətinə daha çox inteqrasiya olunublar. Nəinki rus mediasında, hətta ABŞ-ın çəkdiyi Hollivud filmlərinin titrlərində belə erməni adına rast gəlirik. Ən azı işıq operatorunun köməkçisi erməni olur. Zaman keçdikcə, ermənilər məqsədyönlü şəkildə inteqrasiya etdikləri cəmiyyətin üzvünə çevrilir və müəyyən proseslərə, müzakirələrə müdaxilə etməyə başlayırlar. Üzdə olanları isə bu işdə biri-birinə dəstək verirlər. Ancaq azərbaycanlılarla bağlı vəziyyət tamam fərqlidir. Azərbaycan adından Rusiya mediasında çalışanlar kimlərdir? "ORT”-nin aparıcılarından biri İradə Zeynalova deyilən bir xanımdır. Onun atası azərbaycanlıdır. Amma o xanım özünü azərbaycanlı saymır. Hətta Türkiyə əleyhinə deyilən ifadələrin, yazılan məqalələrin ilk iştirakçılarının sırasında elə İradə Zeynalova dayanır”.

"Jurnalistikamızda savadlı rusdilli jurnalistlərin sayı çox azdır”

Elçin Şıxlının sözlərinə görə, Azərbaycanda rusdilli mətbuat çox aşağı səviyyədədir: "Ümumiyyətlə, bu sahədə savadlı adam tapmaq çətindir. Ələlxüsus da rus dilini mükəmməl bilən bilikli jurnalistlər yoxdur. Çünki bizdə saxta vətənpərvərlik hissi var. Hansısa azərbaycanlı ölkədə rus dilində danışırsa, təbii ki, yaxşı mənada deyirəm, o saat ona damğa vururlar, deyirlər ki, "filankəs rusdillidir, söylədiklərinə fikir vermək lazım deyil” və s. Amma unutmayaq ki, Azərbaycan Xalq Cümhuriyyətini quran şəxsiyyətlərin böyük əksəriyyəti rusdilli adamlar idilər. Çünki onlar Rusiyada, Fransada və Avropanın digər ölkələrində əcnəbi dillərdə təhsil almışdılar. Həm də biz o zaman Rusiyanın tərkibində olduğumuza görə, rus dili ikinci "ana dil” sayılırdı. Ucdantutma hamını tənqid edərək, hədəf seçərək savadlı jurnalistlərin ortaya çıxmasına mane oluruq. Mən hər gün rus televiziyalarında efirə gedən debatları izləyirəm. O gün proqrama bir türk dəvət etmişdilər. Daha doğrusu, onun sadəcə adı və familiyası "türk” idi. Vallah, utandım onun yerinə, ağzına gələni danışırdı. Verilişin aparıcısı da bundan Rusiyanın lehinə istifadə edirdi. O cümlədən rus proqramlarına dəvət olunan ingilislər, almanlar, fransızlar da rus dilini yaxşı bilmədikləri üçün efirdə düşünərək danışırlar və buna görə də fikirlərini aydın ifadə edə bilmirlər. Fürsətcil rus moderator isə ictimaiyyətdə Rusiyanın haqlı olduğu təəssüratını yaradır. Bu səbəbdən Azərbaycandan Rusiya telekanallarına çıxanlar rus dilini mükəmməl səviyyədə bilməlidir. Ancaq təəssüflər olsun ki, jurnalistikamızda savadlı rusdilli jurnalistlərin sayı çox azdır”.

"Azərbaycan mediasının bəlası öz içinə qapanmaqdır”

E.Şıxlı bildirib ki, biz heç kimin hədyanlarına, yaxud hansısa sözünə cavab verməli deyilik. Sadəcə, davamlı olaraq özümüzü isbat etməliyik: "Yəni təkcə təhdidlər gündəmə gələndə fəallaşmamalıyıq. Hər dövrdə üzərimizə düşəni etməliyik. Ancaq məsələyə başqa prizmadan baxmalıyıq. Axı biz niyə müdafiə olunmalıyıq? Onsuz da alternaitv fikir söyləməyimizdən asılı olmayaraq, rus mediası istədiyini yazır, istədiyini deyir. Belə olan halda kiminləsə mübahisəyə girməyin, kiməsə nəyisə başa salmağın nə mənası var ki? Rusiya rəhbərliyində təmsil olunan şəxslərin əqli problemləri var. Hərçənd ruslarda belə bir misal var, deyirlər, "özünü axmaq kimi göstərir, əslində isə ağıllıdır”. Rus mediası ölkə rəhbərliyinin siyasi kursuna tabedir. Ona görə düşünürəm ki, gündəmə gətirilən məsələ elə də böyük faciə deyil. Əleyhimizə danışırlar, qoy danışsınlar, ruslardır da. Nə deyək? Atalar demişkən, "it hürər, karvan keçər”. Biz Azərbaycan mediası olaraq öz işimizi görməliyik. Çalışmalıyıq ki, mediamız peşəkar olsun və hər şeyi doğru-dürüst yazsın. Həmçinin, mətbuat nümayəndələrimiz təkcə ana dilini bilməklə kifayətlənməməlidir. Biz heç Anadolu türkcəsini də fərli-başlı bilmirik. Rus dilini yaxşı bilənlərimizin sayı da azalır. İngilis dilini bilənlərdən isə ümumiyyətlə danışmaq istəmirəm.

Axtarın görün, üç-dörd xarici dil bilən jurnalist taparsız? Bizim medianın bəlası öz içimizə qapanmaqdır”.

(davamı var)

İsmayıl