Vətən, başın sağ olsun





ATA əvəzi olan qardaşımmı deyim, məsləkdaşımmı deyim, bilmirəm, Ağamalı Sadiq Əfəndim. 20 il keçdi sənin dünyanı dəyişməyindən. Nə tez keçdi bu illər bilmirəm, sanki dünən idi. Nə qədər çətin də olsa səninlə bağlı nə isə yazmaq istədim. Əlimdə "Vətən üçün yaşanmış Əfəndi ömrü” kitabını vərəqləyirəm, xatirələr dolu bir kitab, bütün sənli günlərimin xatirələri göz önümə gəlir.
Burada Vasif Süleymanın xatirəsi var, "Koroğlu ölürdü səssiz-səmirsiz” adlanır. Vasif müəllim xatirəsində bir şairin şeirinə toxunub:

Hər ölənə ağı deyib ağlamaq olmaz,
Ölümlər var, MİSRİ üstə, CƏNGİ üstədir.
Adam var ki, ölümə də qısqandım onu,
Ölüm gördüm həvəsimdən ölmək istədim.

Yenə deyirəm, Ağamalı kimi şərəfli ömür yaşamaq üçün yəqin ki, çoxları sonrakı ağılla çox şeyi qurban verməyə hazır olardı. Ancaq Ağamalı ömrünün zülm və məşəqqətlərinə hər oğul da dözə bilməzdi.
Bütün bu fikirdə xəyallarım məni çox uzaqlara, tələbəlik illərinə apardı. Onunla bağlı olan yüzlərlə hadisədən birini sizə çatdırmaq istərdim, əziz oxucum.
Biz bütün bacı və qardaşlar tələbə idik və hamımız Ağamalının evində qalırdıq. Ağamalının evi qonşulu idi. Yəni ev beş otaqlı idi. Üç otağında Ağamalının ailəsi, ikisində isə ruslar yaşayırdı.
Ruslar qonşu üzbəüz iki otaqlı evdə yaşayır və qapılarını həmişə bağlı saxlayırdılar. Biz onların pinti olduğunu bilirdik. Evin kişisi içki aludəsi idi və heç vaxt ayıq vaxtı olmurdu. Evdə də həmişə alt paltarında gəzərdi. Bir gün mən dərsdən tez gəlmişdim. Ağamalının məni çağırdığını eşitdim: "Sən atanın canı, gəl bu qapıdan bir içəri bax, gör Şah İsmayılın nəvələri kimin əsarəti altındadır”. Mən içəri baxanda dəhşətə gəldim. Belə bir mənzərəni olduğu kimi heç kitablarda da təsvir etmək olmazdı. Elə bil bu evə köçəndən bəri xörəklər üçün soyulmuş kartof və soğan qabıqlarını stolun üstünə yığmışdılar. İy vermiş xörəklər qablarda, stolun üstündə üfunət iyi verirdi. İçi yeyilmiş boş konserv qabları, köhnə, içi sökülmüş radio, televizor tullantıları bu mənzərəni daha da dəhşətli göstərirdi. "Alkaş” kişi isə mitil çarpayıda uzanıb üzərinə qonmuş milçək sürülərini qovmağa çalışırdı. O, özündə olmadığından qapı açıq qalmışdı. Biz bu mənzərəni xeyli müşahidə etdik. Sonra Ağamalı başını bulayıb eyvana çıxdı.
Universitetdə oxuduğumuz illərdə Azərbaycan tarixini bizə tərsinə keçəndə, Azərbaycan Xalq Cümhuriyyətini düşmən bir hökumət kimi təbliğ eləyən və Azərbaycanın üçrəngli bayrağından xəbərsiz SSRİ-nin tərkibində özümüzü müstəqil sayanda belə-belə hadisələrlə bizə təsir edib, qəflət yuxusundan bizi ayıltmağa çalışan oğlan. Xalq hərəkatı sənin üçün bir tapıntı idi, bütün varlığınla bu hərəkata qoşuldun. Həyatda heç nə səni qorxutmadı. Mən bunu yüz minlərlə insan meydanlara yığılanda qorxmadan evinin telefon nömrəsini qərargah kimi verəndə hələ sovet hakimiyyəti yaşayırdı və sovet "KQB”-sinin tüğyan edən dövrü idi. Çıxardığın qeyri-leqal bülletenləri "FB-CP”, "Müxalifət” qəzetlərini buraxanda, Qara Yanvar da "Azadlıq” qəzeti bağlananda Valeri Bünyadovla danışığa gedib qəzeti açdıranda, Surət Hüseynov dövlətin üzərinə hücum çəkəndə, onunla danışığa gedəndə və s. dəfələrlə bir daha şahid oldum ki, sən yenilməzsən. Bunların hamısı sənin hər an qəfil ölümün demək idi. Ölümün qəfil olmasa da, bunlar səni şəhidliyə aparırdı. Apardı da, yenə qane olmadın, son nəfəsdə gərək mən də ziyalı kimi səngərdə əsgərlərin yanında şəhid olaydım dedin. Vətən üçün yaşadığın Əfəndi ömrünü belə başa vurdun. İnşallah, vaxt olar sənin kimi xalq yolunda canını verib, şəhid olan oğlanların da adı lazımınca çəkilər və layiqli qiyməti verilər.

Ömrünü dəyişdiyin iyirmi ildən sonra bir nəzər saldım bu ötən illərə. Nədən deyim, Allah insaf versin bu gün özünü qəhrəman kimi təqdim edib, dövlətin qurucusu kimi göstərən bəzi "müxalifət” nümayəndələrinə. Görəsən, bu gün onlar bilirmi ki, Ağamalı bəy evlərinin yaxınlığında çox bərbad olan bir xeyir-şər evini balaca oğluna kiçik toy etmək adı ilə kirayəyə götürdü və burada 16 iyul 1989-cu ildə AXC- nin ilk təsis konfransı keçirildi. Sovet təhlükəsizlik orqanlarının meydan suladığı bir dövrdə, bu, Ağamalı bəyə çox baha başa gəlmişdi. Allah insaf versin hörmətli jurnalistlərimizə ki, dövlətçilik yolunda daha çox iş görüb, özünü şəhid edən oğulların haqqını kiminsə adına çıxırlar. Bunların hamısı xalqımızın, mətbuatımızın tarixidir. Allah insaf versin televiziya kanallarına ki, sənin kimi oğulların həyat və yaradıcılığını deyil, bəzi bayağı verilişləri ilə xalqı yorur. Bir də Allah insaf versin bu dövlətin o məmurlarına ki, onlar dövlətçilikdən çox maddiyyatı düşünürlər. Bu dövlət çox dəyərli insanların şəhid ömürlərinin hesabına qurulub. Bu vətən fədailərinin özləri ilə bərabər ailələri də bu çətin ömrü yaşayıblar. Onlar üçün iqtidar və ya müxalifət olmayıb, onlar üçün Azərbaycan dövlətçiliyi, onun qurulması və qorunması olub. Sən həmişə belə düşünürdün. Sən ailənə, nəslinə, millətinə şərəf gətirən bir ömür yaşadın. Sözlərimi bu gün dostun şair Məmməd İlqarın yazdığı və sənin çox sevdiyin bu şeirlə qurtarıram:

Çat verib çatlayır dözüm,
Sən çatlama canım, gözüm,
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun.
Ay vətən başın sağ olsun!

Mən bu yazını bütün Azərbaycanın mətbuat orqanlarına, radio və televiziyaya göndərirəm. Bəlkə hansısa Vətən üçün yanan azərbaycanlı övladının bu yolda özünü şəhid verən oğullara ürəyi yanıb bu məqaləni çap etdi və ya veriliş hazırladı. Ağamalı da həyatda olsaydı, belə edərdi. Bu ilin 12 dekabrı Azərbaycan demokratik mətbuatının yaradıcılarından olan, vətən fədaisi Ağamalı Sadiq Əfəndinin dünyasının dəyişməsinin 20-ci ildönümüdür. Onun üçün iqtidarlı müxalifətli Bütöv Azərbaycan və onun dövlətçiliyi var idi və o, ömrünün sonunadək vətəninə və bu dövlətçilik prinsiplərinə sadiq bir ömür yaşadı.

Güllüzar Əfəndi qızı