“Sonradan atılan daş topuğa dəyir”

QMİ öz saytında hansı məscidlərin qeydiyyatdan keçib, keçmədiyini açıqlamalıdır



Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Nardaran qəsəbəsində yalnız bir məscidi rəsmi tanıdığını açıqlayıb. Bu barədə QMİ-nin təşkilati məsələlər şöbəsinin müdiri Hacı Əlirza Qafarov bildirib. O deyib ki, Nardaran qəsəbəsi üzrə yalnız Cümə məscidi qeydiyyata alınıb və qurum tərəfindən axund təyin olunub:

"Həmin məscidin axundu Hacı Musa Qasımovdur”. İdarə rəsmisinin sözlərinə görə, qəsəbədəki digər məscidlər - Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidində QMİ tərəfindən təyinat olmayıb: "İdarə onların fəaliyyətinə görə heç bir məsuliyyət daşımır”. Məlumat üçün deyək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Nardarandakı məscidlərin qeydiyyatdan keçmədiyini bildirmişdi. Qeydiyyatsız məscidlərlə bağlı "Şərq”ə danışan ilahiyyatçı-alim Elşad Miri deyib ki, QMİ öz saytında hansı məscidlərin qeydiyyatdan keçdiyini, hansılarının isə keçmədiyini rəsmi şəkildə bəyan etməlidir: "Müəyyən hadisələr baş verəndən sonra qurumun bu cür açıqlama verməsi düzgün deyil. Çünki "sonradan atılan daş topuğa dəyir”. Əgər konkret informasiya olsaydı, insanlar və jurnalistlər, ümumiyyətlə, cəmiyyət məsələdən xəbərdar olardı. O halda QMİ-nin açıqlamasına zərurət də qalmazdı. İndi həmin məsələ ilə birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məşğul olur. Azərbaycan hüquqi dövlətdir. Yəqin ki, komitə öz hüququndan istifadə edərək, məhkəmə yolu ilə problemi həll edəcək. Amma məsələnin daha doğru şəkildə həll olunması üçün yaxşı olardı ki, həmin məscidlər bağlanmasın. Yəni Nardarandakı məscidlərin rəsmi qeydiyyatdan keçirilərək, müəyyən edilmiş şəxslərin ora təyin olunması daha məqsədəuyğun olardı”.

İsmayıl