
“Bizim ölkədə qadın azadlığı yalnız kağız üzərindədir”
Sevinc Elsevər: “Bir tərəfdə həddindən artıq azadlığa nail olmuş qadınlar var. Onların öz işi, öz gəliri var”“Digər tərəfdə isə heç bir hüququ olmayan, hər gün əzilən, döyülən, söyülən, hətta öldürülərək yaşamaq haqqı əlindən alınan qadınlarımız var”

"Nənəmin danışdığı nağılları çox kitabda axtardım, tapmadım. O da nağıl uydururmuş”
"Qızını döyməyən dizini döyər” məsəlini qafiyəyə uyğun gəlsin deyə qızı əsas götürüblər, oğlanın adını çəkməyiblər"
"Gedib qız uşaqlarını şillənin altına salırlar ki, atalarımız belə məsləhət görüb”
"Sözdə yaşayan adam” rubrikasının budəfəki qonağı gənc yazar Sevinc Elsevərdir. Onun vaxtı ilə Pərvanə imzası ilə yazdığı hər əsər ədəbiyyatda yeni bir ajiotaja səbəb olur, xanım yazar isə kəskin tənqidlərə məruz qalırdı. Buna səbəb də onun nihilist düşüncədə olması, mentalitetə qarşı çıxması və ədəbiyyatda bütləri qırma cəhdləri idi.
Ancaq bütün hücumlara rəğmən o, bir addım belə olsun geri çəkilmədən öz ampluasında davam edirdi. Bəlkə də, elə Sevinc Pərvanə imzasının günü bu gün də unudulmamasına səbəb, yazarın öz mübarizəsində qətiyyətli olmasıdır. Görəsən, Sevinc xanım Elsevər imzası ilə nədən yazır? Yenə də yaradıcılığının ana xəttini stereotiplərə qarşı mübarizə təşkil edir, yoxsa aradan keçən illər onun imzası kimi düşüncələrində də dəyişikliklər edib.
- Sevinc xanım, rubrikamızın adı "sözdə yaşayan adam”dır. Sizə görə söz adamı necə olmalıdır?
- Təkcə yazı adamı deyil, başqa adamlar da içlərindən necə gəlirsə, elə olmalıdırlar. Onsuz da özünü hansısa formada görünməyə zorlasan ikrah doğuracaqsan. Ya həddindən artıq siyasətcil adam olmalısan ki, saxtalığın gözə girməsin. Mən də ki, siyasətcil adam deyiləm. Hətta siyasətdən elə də başım çıxmır. Ya da elə olduğun kimi görünməkdən çəkinməməlisən... Sözümün canı, yazıçı üçün xüsusi bir düsturum, tərifim yoxdu. Tək bildiyim şey yaxşı yazmaq üçün ömrün boyu kağızla, vərəqlə, kitabla çarpışmalısan. Bacarsan, xoşbəxt adamsan. Bacarmadınsa, yenə xoşbəxt adamsan. Dünyanın ən gözəl işinin dalınca getmisən.
- Azərbaycanda söz adamları çoxdu. Bəs sözün həqiqi mənasında sözdə yaşayan, sözlə yaşayanları varmı?
- Qrafomanlar ən çox sözlə yaşayan adamlardı deyərdim. Bu işin xəstəsidirlər.
- Son vaxtlar, sanki uşaq ədəbiyyatına meyillənmisiniz? Bunun konkret bir səbəbi var, yoxsa o sahədəki boşluğu doldurmaq istəyirsiniz?
- Uşaq ədəbiyyatına son zamanlar meyillənməmişəm. Uşaqlarım doğulan gündən onlar üçün yazmağa çalışmışam. 2010-cu ildə isə uşaqlar üçün "Ayna, ayna, varmı məndən gözəl?” adlı bir kitab çıxartmışam. "Qadağan saatları” və "Qadının yoxmu?” şeir kitablarımın içində uşaq şeirlərim yer alıb. Nəhayət, "Donu qırmızı” adlı bir roman yazdım uşaqlar üçün və o roman Azad Qaradərəli ilə birgə "Yazı” dərgisinin əlavəsi olaraq buraxdığımız "Yemlik” jurnalında çap olundu. Uşaq ədəbiyyatı ilə məşğul olmağım üçün stimulu, ilk növbədə öz uşaqlarımdan almışam. Digər uşaqları da sevindirə bilsək, nə mutlu bizə.
Deməzdim, bizdə uşaq ədəbiyyatı sahəsində çox dərin bir boşluq var. Kənardan elə görünə bilər. Çox maraqlı imzalar var. Onların bəzilərini "Yemlik” jurnalından qabaq da tanıyırdım. Bir çoxları ilə "Yemlik” vasitəsilə tanış oldum. Uşaq ədəbiyyatı ilə hər bir yazı adamı məşğul ola bilər. Şərt deyil ki, ancaq qələmini bu sahədə işlətsin. Bizim bir çox klassik yazıçılarımız da böyüklərlə yanaşı, uşaqlar üçün yazıblar. Məsələn, Əli Kərim uşaqlar üçün ayrıca bir şeir kitabı buraxmışdı. Əkrəm Əylisli uşaqlar üçün hekayələr yazıb. Eldar Baxışın uşaq şeirləri var. "Yemlik” jurnalının birinci nömrəsində də biz uşaq ədəbiyyatı yazarlarıyla yanaşı, digər yazarlarımızın da əsərlərini çap elədik. Əkrəm Əylislinin, Rasim Qaracanın, Azad Qaradərəlinin, Murad Köhnəqalanın, Nərmin Kamalın, Seymur Baycanın, Alov İnannanın, Mirmehdi Ağaoğlunun uşaqlar üçün yazdığı şeirləri, hekayələri verdik. "Yemlik” jurnalını digər uşaq jurnallarından fərqləndirən xüsusiyyəti onun daha çox azad bir jurnal olmasıdı.
- İxtisasca kinoşünassınız. Sizcə, seriallarımız niyə bayağıdır?
- Yaxşı ssenari yazan dramaturqlar azdı. Son vaxtlarda çəkilən serialların bir çoxu aşağı zövqü olan tamaşaçıya hesablanır. Şit zarafatlar, bayağı lağlağılar... Ancaq serialların çəkilməsini aktyorların dolanışıq yeri olduğuna görə təqdir eləyirəm. Həm də bir işi görə-görə onun uzmanına çevrilə bilərsən. Bu bazar bizdə təzədi. Yəqin ki, on-on beş ilə bizdə də çox yaxşı seriallar çəkiləcək.
- Hansı mövzularda filmlərin, serialların ekranlaşdırılmasına ehtiyac var?
- Maarifçi filmlərə bu gün çox ehtiyacımız var. Hər nə qədər Sovet ideologiyasına xidmət etdiyi deyilsə də, o dövrdə çəkilən filmlərimizin cəmiyyətimiz üçün əvvəlkindən daha vacib, daha aktual olduğu qənaətindəyəm. O filmlərin Sovet filmidir, nəyə lazımdı deyə damğalanmasının da əleyhinəyəm. O filmlər təkrar-təkrar göstərilməli, baxılmalıdı. Mən bu fikirdəyəm ki, keçmiş Sovet adamları daha yaxşı adamlar olublar. Bizim onlardan öyrənəcəyimiz çox şeylər var. Və bu öyrənəcəyimiz şeyləri də o filmlərdən öyrənə bilərik. Çünki reallıqda həmin adamların əksəriyyəti çox dəyişiblər.
- Maraqlıdır, Sevinc Pərvanə ilə Sevinc Elsevər yaradıcılığında fərq varmı? Yoxsa dəyişən sadəcə imza oldu?
- İmzanı dəyişdik. Çünki o imza çox ajiotaj doğurmuşdu. Nə yazsam, o imzaya görə oxunacaq deyə bir əndişəm vardı. Mətnimə görə oxunmaq istəyirdim. İmzamı dəyişsəm, itib-batmarammı deyə özümü sınamaq istədim. Bəlkə 40 yaşdan sonra bir də dəyişdim imzamı. Əslində, hər bir yazıçının yaradıcılığı dövrlərə bölünür. Əgər, gələcəkdə ədəbiyyat tarixində qalası olsam, gənc tədqiqatçıların işini asanlaşdıracam. Asanlıqla dövrlərə böləcəklər yaradıcılığımı. (Gülür).
- Cəmiyyətdə belə bir fikir formalaşıb ki, insan ya çox sevəndə, ya da nifrət edəndə şair olur. Siz necə şair oldunuz? İlk "İlham pəriniz” kim ya da nədir?
- Mən nağıllar yazırdım. İbtidai sinifdə nağıllar yazdığım yadımdadı. Nənəm üçün yazırdım və ona oxuyurdum. Nənəm hərf tanımırdı, kitab oxuya bilmirdi. Mənə çoxlu nağıllar oxutdururdu. Mən məktəb kitabxanasına gedir, kitablar gətirir, nənəm üçün oxuyurdum. Kitab olmayanda özüm yazırdım. Nənəm də məni həvəsləndirirdi. Deyə bilərsiz, camaatın nənəsi nağıl danışır, sənsə nənənə danışırdın? Təbii ki, nənəm də mənə nağıl danışırdı. Və inanın ki, sonralar nənəmin danışdığı nağılları çox kitabda axtardım, tapmadım. O da nağıl uydururmuş. Anam üçün şeir yazdığım dumanlı yadımdadı. Kiçik bir vərəqə yazmışdım. O da "servant”ın gözündə sənədlər olan yerdə saxlayırdı. Hələ də saxlayır, ya yox deyə bilmərəm. Niyə soruşmuram, onu da bilmirəm. Bəlkə də qorxuram deyə ki, çoxdan atmışam.
Anamın adı Gülsüm
Sanki güldən yaranmış
O güldü, mən kəpənək
Dolanıram başına...
Şeir olduğu kimi yadımdadı. Yəqin ki, yazmağı öyrəndiyim vaxtlarda yazmışam. Amma bir neçə il əvvəl mənə elə gəlirdi ki, daha kiçik yaşlarda şeir yazmağa başlamışam... Xatirələri adam qarışdırır istər-istəməz.
- Əvvəllər yaradıcılığınız kəskin tənqid atəşinə tutulurdu. Sanki sizə qarşı hücumlar səngiyib. Yoxsa bizə belə gəlir?
- Səngiyib deyəndə ki, sonra daha çox qız peyda oldu. Cəsarətli mətnlər yazdılar. O mövzular mənimçün köhnəldi. Özümü təkrar eləmək istəmədiyimdən başqa mövzular axtarmağa başladım. Bəlkə də uşaq ədəbiyyatına meyillənməyim də özümü təzələmək istəyimdən doğur. Axı sən özünü eyni mövzularla təngə gətirirsənsə, oxucuya nə verə bilərsən?
- Uşaq adlarından söz düşmüşkən, Sevinc Elsevər necə anadı?
- Bu həmişə məni ən çox narahat edən və ən çətin sualdı. Yaxşı ana olmağa çalışan anadı deyərdim.
- Uşaqlarınızı dinləyərək, yoxsa daha çox məsləhət verərək tərbiyə edirsiniz?
- Hər ikisini edirəm. Onların azadlığına, şəxsi seçimlərinə mümkün qədər az müdaxilə eləməyə çalışıram. Bu günlərdə iki məktəbli Sumqayıt qatarını daşladı, ikisi qatar relsinə mişar daşı düzdü. İkisi isə hündürmərtəbəli binalara dırmaşıb təhlükəsiz manevrlər etdiklərini nümayiş etdirdilər. Məqsədləri isə eynidir: ADRENALİN.
- Uşaqlar tərəfindən törədilən qətl hadisələri də artıb, Sizcə uşaqlar niyə qəddarlaşıb?
- Çoxlu səbəblər var. Birincisi, bir çox ailələrdə sosial vəziyyət ağırdı, münasibətlər gərgindi. Bu da istər-istəməz uşaqlara təsir edir. Baxdıqları filmlər, televiziya proqramları - kriminal verilişlər o cümlədən, kompüter oyunları da uşaqlara təsirsiz ötüşmür. Müasir uşaqların əksəriyyəti nevrozdu. Doğulan gündən kəllədaxili təzyiqdən müalicə alırlar. Böyüdükcə aqressiv, özünəqapanan, ərköyün olurlar. Nəticədə də aparıb qəddarlığa, cinayətlərə çıxarır.
- Azərbaycanda qadın olmaq nə deməkdir, sizin aləminizdə?
- Bu mövzudan çoxlu şeirdə bəhs etmişəm. Bizim ölkədə qadın azadlığı, gender bərabərliyi çox qadın üçün kağız üzərində qalır. Onların böyük əksəriyyəti öz hüquqlarından istifadə edə bilmir. Mentalitet və din basqısı get-gedə artır. Bilirsiz, bir tərəfdə həddindən artıq azadlığa nail olmuş qadınlar var. Onların öz işi, öz gəliri var. Həyatlarını istədiyi kimi qurur, yaşayırlar. Digər tərəfdə isə heç bir hüququ olmayan, hər gün əzilən, döyülən, söyülən, hətta öldürülərək yaşamaq haqqı əlindən alınan qadınlarımız var. Azərbaycanda qadınların hamısı haqqında ümumi danışmaq bir qədər çətindi. Amma bircə onu demək olar ki, böyük əksəriyyətin ən adi hüquqları pozulur. Onlar təhsil ala, sevdiyi adamla evlənə, yaxud sevə bilmədiyi adamdan boşana, atanın, qardaşın icazəsi olmadan yaşadığı evi, ya kəndi, şəhəri tərk edə bilmirlər.
- Bəs, "qızını döyməyən dizini döyər” məsəlinə münasibətiniz necədir?
- Məncə, burda qafiyəyə uyğun gəlsin deyə qızı əsas götürüblər, oğlanın adını çəkməyiblər. Əsas söhbət dizi döyməkdən gedir. Yəni vaxtında övladını tərbiyə etməsən, pis işlərdən çəkindirməsən, dizinə döyərsən. Söhbət qızı döyməkdən getmir. Bizdə adamlar adətən, bu cür məsəlləri hərfi mənada qəbul edir. Sonra bunu öz həyatlarına tətbiq edirlər. Gedib qız uşaqlarını şillənin altına salırlar ki, atalarımız belə məsləhət görüb. Yox, elə deyil.
- Sevinc xanım bir müddət cəmiyyətdəki mentalitetə, stereotiplərə və ədəbiyyatda bütlərə qarşı mübarizə apardınız, nəticə necə oldu? Bir nəsil olaraq, stereotipləri və bütləri qıra bildinizmi?
- Cəmiyyət bir gündə, bir ildə inkişaf eləmir. Axundovun, Cəlilin, Sabirin başladığı maarifçilik işi hələ də davam edir. Yəni demək olmaz ki, mən bunu yazdım, onu yazdım, bağ belə gəldi, bostan belə getdi, xeyr. Amma "dama-dama göl olar” misalıyla götürsək, bir damla da bəlkə məndən olub. Əgər olubsa, lap yaxşı.
- Ölkədəki prosesləri izləyirsinizmi? Azərbaycanda nə var nə yox?
- İzləyirəm, baxıram, seyr edirəm. Bu gün tək Azərbaycanda yox, bütün dünyada hər şey şou kimi baş verir. Götürün sosial şəbəkələri. Hər gün təzə gündəm var. Hadisələr o qədər bol, o qədər üst-üstə gəlir ki, bir həftə keçəndən sonra artıq qarışdırırsan əhvalatları, adları, adamları. Biz uşaq olanda maraqlı bir lətifə danışırdıq bir-birimizə. Kompüter anlayışı ilə təzə tanış olduğumuz vaxtlar idi. Özünü şəkillərdə, bir də direktorun otağında görmüşdük. Zarafat edirdik ki, azərbaycanlı bir gün kompüterə çoxlu sual verib. Kompüter də nə sual var, hamısına cavab verib. Azərbaycanlı axırda ən əhəmiyyətli, ən vacib sualını verib: "Tay nə var, nə yox?” Kompüter bu suala cavab axtararkən o qədər tər töküb ki, nəticədə qızıb partlayıb. Lətifəsi bizdən uzaq. (gülür)
- Azərbaycanda ədəbiyyatın durumu necədir?
- Vallah, nə deyim. Bu hava durumu deyil ki, dəqiq nəsə deyəsən. Əsərlər yazılır, kitablar çıxır, yeni imzalar yaranır. Proses gedir. Hər şey öz axarındadı. Məncə, olmalı olduğu kimidi vəziyyət. İndiki vəziyyətdə biz sevinməliyik ki, ədəbi proses dayanmayıb.
- Sevinc xanım, insanlara kitabı necə sevdirməliyik?
- Bunun üçün ilk növbədə insanların həyat şəraiti yaxşı olmalıdı. Sənin mədən tox olmalıdı ki, mənəvi toxluq barədə də rahat düşünəsən. Azərbaycanlılar telefon alır, kitaba pul vermir sözləri də yersiz sözlərdi. Onda eyni məntiqlə deyə bilərik ki, ət yeyirlər, kitab almırlar. Biz "Yemlik” adlı uşaq jurnalı buraxanda işimizi bəyənən, təqdir edən, təbrik eləyən o qədər adamlar oldu ki! Çoxu da valideyndi o adamların. Amma di gəl, jurnalın satışına heç bir təsiri olmadı. Bir neçə gün bundan əvvəl Xeyriyyə yarmarkasında Şərif Ağayarın kitabının imza günü idi, mən də getmişdim. Bir valideyn uşağı üçün kitab axtarırdı. Kömək elədim ona. Çünki ondan əvvəl özüm uşaqlarıma kitab almışdım. Kitablarla tanış olmuşdum. Qadın kitabın müəllifindən, içindəki mətndən qabaq qiyməti ilə maraqlanırdı. Mən ona qiyməti iki manatlıq kitab tapdım göstərdim, sevindi.
- Sizdən sonra yeni bir ədəbi nəsil formalaşıb. Ən çox kimləri bəyənirsiz?
- İstedadlı uşaqlar var. Hamısını oxuya bilmirəm. Bütün təqdimatlara getmək, hamının kitabını almaq imkanım yoxdu. Amma saytlarda izləyirəm. Ən gənc nəsildən Fəridəni bəyənirəm. Keçən ildən bəri çap olunur. Amma Fəridə ilə bizim aramızda da bir nəsil var. Zaman keçir, yeni-yeni adamlar gəlib prosesə qoşulur. Bu ədəbiyyatımızın gələcəyi üçün çox yaxşı və vacibdi.
Şəymən