"Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapmamasının başlıca səbəbi Ermənistanda kriminal hakimiyyətin mövcud olmasıdır”.
Bu barədə "Şərq”ə politoloq Elşad Mirbəşir söyləyib. Ekspertin sözlərinə görə, Sarkisyan siyasi hakimiyyətinin əsas elementlərini terrorçuluq və işğalçılıq təşkil edir: "Separatçı ölkə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməklə, uzun illərdən bəridir ki, özünütəcrid vəziyyətdə saxlayır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində heç bir konstruktiv addım atılmır. Separatçı ölkə destruktiv mövqe sərgiləyib, status-kvonu qoruyub, saxlayır”.
Ermənistanın referendumdan sonrakı vəziyyəti şərh edən ekspert söyləyib ki, bu ölkənin referenduma getməsinin yeganə səbəbi Sarkisyanın siyasi ömrünü uzatmaqdan ibarətdir: "Referendumun nəticələrinə əsasən Ermənistan parlamentli respublika oldu və silahlı qüvvələrin ali komandanı da ölkənin baş naziri olacaq. Hesab edirəm ki, Sarkisyan bu addımı hakimiyyətdə qalması məqsədilə atdı. Çox güman ki, o, saxtakarlıqlara yol verərək ölkənin baş naziri seçiləcək və ali baş komandan olaraq fəaliyyətini davam etdirəcək. Bir daha qeyd edirəm ki, bütün proseslərin mahiyyətində də dayanan budur”.
E.Mirbəşirin sözlərinə görə, düşmən ölkədə baş tutan referendum Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə heç bir yenilik gətirməyəcək: "Çünki təcavüzkar ölkədə yenə də krimallaşmış, terrorçu rejim hakimiyyətdə qalacaq”.
Ayyət Əhməd