Növbədənkənar çıxış...

Parlament ictimai problemlərin müzakirə məkanına çevrilməlidir
Zahid Oruc: “Millət vəkili ondan arxada əyləşən həmkarının “iclası tez bitirək” kimi qeyri-demokratik və etik normalara sığmayan basqısı altında qalmamalıdır”




Ötən gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişikliklər müzakirə olunub. Dəyişikliyə əsasən, bir deputat eyni anda iki komitənin üzvü ola bilər. Hazırkı maddənin tələbinə görə isə millət vəkilinin yalnız bir komitənin üzvü olmaq səlahiyyəti var.

Dəyişikliklərdə əksini tapan maraqlı təkliflərdən biri də komitə sədrlərinə Milli Məclisin iclaslarında növbədənkənar çıxış etmək hüququnun verilməsidir. Xatırladaq ki, hazırkı nizamnaməyə görə, parlamentin iclasında növbədənkənar çıxış etmək hüququna Prezident, Milli Məclisin sədri və sədr müavinləri malikdir. Dəyişiklik layihələri müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. Təkliflərlə bağlı "Şərq”ə danışan millət vəkili Zahid Oruc deyib ki, məsələ parlamentin keçmiş iclaslarında bir neçə dəfə gündəmə gəlib: "Bu praktika müxtəlif Qərb ölkələrində mövcuddur. Komitə rəhbərlərinin və yaxud parlament sədarətinin üstün hüququnu bərqərar etmək, müzakirələrə yön vermək daxili nizamnaməyə salınıb. Amma bunu parlament üzvünün hüququnu pozmaq, onun çıxış haqqını əlindən almaq, yaxud hansısa vasitələrlə arzuolunmaz şəxsləri söz hüququndan məhrum etmək kimi dəyərləndirmək olmaz. Burda başlıca məqsəd parlament iyerarxiyasının üstünlüyünü təmin etməkdir və biz buna qarşı deyilik. Amma daxili nizamnamədə dəyişməsi zəruri olan müddəalar kifayət qədər çoxdur. Sadəcə, söhbətimizin məqsədi olmadığı üçün bu məsələnin üzərində çox dayanmıram”. Deputat söyləyib ki, əsas məsələ parlamentin hökumətin fəaliyyətinə nəzarətini artırmaq, canlı diskusiyaları reallaşdırmaq, müxtəlif dinləmələr keçirməkdir: "Rusiya Dumasında olduğu kimi bizdə də xüsusi saatlar yaradılmalıdır. Hökumətin ayrı-ayrı qurumları, təkcə büdcə müzakirələri formatında deyil, digər zamanlarda da Məclisdə hesabat verməlidir. Parlamenti gerçək şəkildə ictimai problemlərin müzakirə olunduğu bir məkana çevirməliyik. Millət vəkili ondan arxada əyləşən həmkarının "iclası tez bitirək” kimi qeyri-demokratik və etik normalara sığmayan basqısı altında qalmamalıdır. Əgər biz bundan xilas olacağıqsa, növbəli və ya növbədənkənar çıxışların o qədər də əhəmiyyəti qalmayacaq. Təəssüflər olsun ki, bir çox məsələlər formal müzakirədən keçir və bu əməliyyat deputatların qəribə "həmrəyliyinin” hesabına təşkil olunur. Bu halda komitə sədrləri müzakirədən istədikləri nəticəni ala bilmirlər”. Z.Orucun sözlərinə görə, başlıca məqsəd demokratik müzakirələrə xidmət edəcəksə, dəyişikliklərə münasibət normal olacaq: "Əksinə, biz əvvəlki kimi yenə iki aydan bir toplaşacağıqsa və zalın təzyiqi altında qalacağıqsa, onda normativlərin hansı formada dəyişdirilməsi heç nəyə təsir göstərməyəcək”.

İsmayıl