Rusiya Ermənistandakı 102-ci hərbi bazasını gücləndirmək üçün bu ölkəyə əlavə aviasiya texnikası yığmağa başlayıb. Rus ordusunun Cənub hərbi dairəsinin yaydığı açıqlamaya əsasən, Ermənistana əlavə olaraq, bir neçə hərbi helikopter göndərilib. İlin sonuna qədər daha bir neçə texnikanın göndəriləcəyi bildirilir.
Maraqlıdır ki, bu hadisə Türkiyə ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi, eyni zamanda Türkiyənin Qarabağ məsələsində Azərbaycana dəstəyini ifadə etməsi fonunda baş verir. Xatırladaq ki, ötən günlərdə Rusiya Prezidenti Vladimir Putin Ermənistandakı hərbi qruplaşmanı gücləndirmək və Türkiyə-Ermənistan sərhədinə S-400 zenit-raket sistemlərini yerləşdirmək üçün ölkənin Müdafiə Nazirliyinə əmr verib. Ehtimal olunur ki, Rusiya Ermənistana əlavə qüvvələr cəmləşdirməklə Türkiyəyə güc nümayiş etdirmək istəyir.
Məsələni şərh edən politoloq Sülhəddin Əkbər bildirib ki, Rusiyanın Türkiyə-Ermənistan sərhəddinə qoşun yığması Qərblə Rusiya arasında gedən qarşıdurmanın regiona yansımasıdır. NATO üzvü olan Türkiyə isə sərhəddində Suriya və Qarabağ kimi konfliktlər olduğundan bir sıra addımlar atmaq məcburiyyətindədir: "ABŞ-la Rusiya arasında olan qarşıdurma xətti Arktikadan Aralıq dənizinə qədər davam edir. Hər iki tərəf konflikt xəttinin əks tərəflərində qüvvə toplamağa başlayıblar. Bu proses gələn il pik həddə çatacaq. Azərbaycan hakimiyyəti də, cəmiyyəti də buna hazır olmalıdır. Rusiyanın Qarabağ məsələsinin həllinə kömək edəcəyi ilə bağlı vədləri sadəlövh açıqlamalardır. Əksinə, regionda hərbi-siyasi vəziyyət daha da kəskinləşəcək və ciddi böhranlar yaşanacaq. Biz hazırda bu böhranlardan birinin şahidiyik. Rusiya və Türkiyə arasında yaşananlar buna sübutdur”. Siyasi ekspertin sözlərinə görə, Azərbaycan Türkiyə ilə birgə Rusiya-Qərb strateji qarşıdurma xəttinin üzərində yerləşir: "Qarşıdurmanın kəskin olacağı regionlardan biri də bizim bölgədir. Rusiya hələ Türkiyə böhranından əvvəl bəyan edib ki, o, qlobal təhlükəsizlik sistemini qurur. Rusiya bu təhlükəsizlik sisteminin bir istiqamətini də Suriyada, Aralıq dənizində qurmağı planlaşdırır. Çünki ABŞ-ın raket hücumundan müdafiə sisteminin bir tərəfi Aralıq dənizində olan hərbi gəmilərdəki radarlardadır. Rusiya İŞİD-lə mübarizə adı altında Suriyaya daxil oldu. Amma məsələ burasındadır ki, İŞİD-lə mübarizə adı altında bölgəyə strateji silah yerləşdirə bilməzdi. Ona görə Türkiyə ilə münasibətləri bilərəkdən təxribata çəkdi. Rusiyaya bu böhran lazım idi. Baş verən qarşıdurmanın bir istiqaməti də Cənubi Qafqazdır”. NATO-nun bir müddət əvvəl Gürcüstanda təlim mərkəzi açmasının da təsadüfi olmadığını xatırladan S.Əkbər vurğulayıb ki, bu, hər iki tərəfin qarşıdurmaya ciddi hazırlaşdığını göstərir: "Baş verənlər təkcə Rusiya-Türkiyə qarşıdurması yox, qlobal bir prosesdir və regionumuzda yaşananlar da prosesin tərkib hissəsidir”.
İsmayıl