Ortada bir boşluq var

“Təəssüf ki, bizdə magistratura ilə bakalavr pilləsi biri-birindən o qədər də fərqlənmir”



Hazırda magistratura təhsili bir istiqamətdə və iki il müddətində keçirilir. Bu mərhələdə təhsil aldıqdan sonra elmi fəaliyyətlə məşğul olub-olmamaq magistrantın öz ixtiyarındadır. Bu mənada magistr təhsili bitirənlərin çoxu təhsilini növbəti mərhələdə davam etdirməyə maraqlı olmur. Gənclər sadəcə təhsillərini daha da kamilləşdirmək, ya da magistr dərəcəsini almaq üçün bu pilləni seçirlər.

Ancaq Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında "Təhsil haqqında” qanun layihəsinə dəyişikliklər müzakirə edilərkən Azərbaycanda magistratura təhsilinin iki istiqamətdə aparılması təklifi səsləndirilib. Deputatların fikirlərindən sonra komitə sədri İsa Həbibbəyli bildirib ki, hazırda gündəlikdə olan dəyişiklik xüsusi qabiliyyət tələb edən bir sıra sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı olsa da, millət vəkilləri magistr hazırlığının iki istiqamətə ayrılmasını da təklif edirlər. Onun sözlərinə görə, həm ixtisas, həm də tədqiqat magistraturasının olması təklif olunur: "Tədqiqat magistraturasında oxuyanlara öz ixtisasları üzrə sırf nəzəri biliklərin verilməsi, ixtisas üzrə təhsil alanlara isə praktiki biliklərin verilməsi nəzərdə tutulur. Təkliflərə görə, ixtisas üzrə magistr dərəcəsi alan şəxs yalnız ixtisas üzrə mütəxəssis olacaq. Həmin şəxslərin doktoranturaya sənəd verməsinə icazə verilməyəcək. İkinci istiqamət üzrə təhsil alanlar isə tədqiqatçı olacaqlar. Onlar magistr dissertasiyasını müdafiə edəcək və sonra tədqiqatla məşğul olacaqlar”. Gələcəkdə bu təklifin hazırlanmasının nəzərdə tutulduğu bildirilib.

"21-ci əsr” Təhsil Mərkəzinin rəhbəri, ekspert Etibar Əliyevin sözlərinə görə "Təhsil haqqında” qanunda magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur. Yəni, bu təhsil məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir: "Əslində bu üç pilləli ali təhsil modeli bizə Boloniya razılaşmasından gəlir. Sovet vaxtı 5 illik təhsil idi. Bu, Qərbin magistratura təhsilinə ekvivalent idi. Yəni, mən BDU-nun fizika fakültəsini bitirmişəm. Bizim diplomumuza fizik-müəllim yazılıb. Bu isə o deməkdir ki, biz həm müəllimliklə məşğul ola, həm də fizik kimi elmi tədqiqatlar apara bilərik. Ancaq Boloniya sistemində bunun üzərindən bir qədər xətt çəkildi. Bakalavr pilləsində tam orta təhsil və orta ixtisas təhsili ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsil mütəxəssislərinin hazırlanmasını nəzərdə tuturdu. Magistratura məsələsində isə konkret olaraq bunlar arasında fərq qoyuldu”.

Magistraturada tətbiqi gözlənilən yeni sistemin hansı effekt verəcəyinə gəldikdə isə ekspert öncədən proqnozlaşdırmağın çətin olduğunu qeyd edib: "Magistrların hər hansı ixtisas sahəsində elmi-tədqiqat və peşəkar məqsədlər üçün hazırlanması daha yaxşı olardı. Ondan sonra doktorantura mərhələsi buna söykənir. Yəni, Boloniya razılaşmasına görə 3 pillənin ikisi elmi-tədqiqatla bağlıdır. Amma təəssüf ki, bizdə magistratura ilə bakalavr pilləsi biri-birindən o qədər də fərqlənmir. Ona görə də doktoranturaya gələnlərin elmi-tədqiqat imkanları çox aşağı səviyyədə olur. Mən bunu institutların birinin elm-müdafiə seminarının üzvü kimi deyirəm. Sanki magistratura təhsili bunlara heç nə verməyib. Ortada bir boşluq var. Məhz bunu yaxşılaşdırmaq lazımdır. Bu işlərin bir monitorinqi aparılmalıdır. Magistrlar necə elmi-tədqiqat aparırlar? Bir neçə ali məktəb burada nümunə götürülməli və araşdırma aparılmalıdır”.

E.Əliyev hesab edir ki, magistr təhsili iki formada aparılarsa, tələbələrin böyük hissəsi bir illik magistraturaya gedəcək: "Tələbələrin çoxuna magistr adı lazımdır. Tədqiqat aparmağa isə kiçik bir hissə cəlb olunacaq. Magistr sırf tədqiqatla məşğul olmalıdır. Əgər bakalavr pilləsini qazanıbsa, o, elmi-pedaqoji fəaliyyətlə məşğul ola bilər. Magistr hissəsində isə elmi-tədqiqat işləri ilə məşğul olmalıdır. Artıq elmə gəlir. Hesab edirəm ki, magistraturanın iki hissəyə bölünməsi elmi tədqiqatlara marağı aşağı salacaq”.

Şəymən