“Siz istəmirsiniz ki, qanun layihəsi təkmilləşdirilsin?"
Ötən gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Toplantıda komitənin 2016-cı il üçün yaz sessiyasının işlər planı təqdim edilib. Komitə sədri, millət vəkili İsa Həbibbəyli "Təhsil haqqında” qanuna dəyişiklik haqqında məlumat verib və bildirib ki, yaz sessiyasının işlər planına 3 məsələ daxildir:
"Yaz sessiyasında "Elm haqqında” qanun layihəsi, "Məktəbə qədər təhsil haqqında” qanun layihəsinin hazırlanmasının təşkili, "Ümumi təhsil və ilk peşə ixtisas təhsili”, "Orta ixtisas təhsili, ali təhsil haqqında” qanun layihələrinin hazırlanması üçün işçi qruplarının yaradılması daxildir”.
Millət vəkili bildirib ki, xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisaslar üzrə) həyata keçirilir.
Qanuna təklif edilən dəyişikliyə görə, xüsusi qabiliyyət tələb edən sahələrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin (yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə araşdırılması ilə bağlı məhdudiyyətlər) aradan qaldırılmasını nəzərdə tutur. Bununla da qeyd olunan sahələr üzrə magistr hazırlığının ümumi əsaslarla həyata keçirilməsi mümkün olacaq.
Gənclərin magistratura təhsilində məhdudiyyətlər aradan qalxacaq
"Elm haqqında” qanun layihəsi yeni redaksiyada müəyyən düzəlişlər edilməklə hazırlanmalı və təkmilləşdirilməlidir”. Bu sözləri də komitə sədri İ.Həbibbəyli söyləyib. Onun sözlərinə görə, əsas məqsəd "Elm haqqında” qanun layihəsinin təkmilləşdirilərək Milli Məclisin yaz sessiyasına ikinci oxunuşa təqdim etməkdir:
"Layihədə səpələnmiş qaydada müddəlalar var. Burada daha konkret müddəalar yer almalıdır”. İ.Həbibbəyli onu da bildirib ki, layihədə elmin prioritetləri öz əksini tapıb və o, birinci oxunuşda bir konsepsiya kimi qəbul edilib: "Azərbaycan elminin qarşısında yeni vəzifələr durur və dövlətimizin bundan sonra elmi əsaslarla inkişaf etməsi məsələləri də layihəyə daxil edilməlidir”.
Millət vəkili Musa Qasımlı bildirib ki, bu dəyişiklik gənclərin magistratura təhsilində məhdudiyyətləri aradan qaldıracaq və onlara geniş imkanlar yaradacaq. Onun sözlərinə görə, bu, eyni zamanda Azərbaycan elminin inkişafına da böyük töhfə verəcək.
Komitədə "Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı narazılıq da yaranıb. Millət vəkili Şəmsəddin Hacıyev qanunun yaz sessiyasına saxlanılmasına etiraz edib. O qeyd edib ki, qanun layihəsində dəyişiklikləri qısa zaman çərçivəsində həll edib payız sessiyasında plenar iclasa çıxarmaq olar: "Biz 5 ildir ki, "Elm haqqında” qanun layihəsinin üzərində işləyirik. Bununla bağlı müzakirələr zamanı deputatların əksəriyyəti öz təklif və tövsiyələrini veriblər. Bunlar əsasən müəyyən fəsillər və ya maddələr üzrə olub. Bu təkliflərin bəzilərini dəyərləndirib, dəyişikliklər etdik və Milli Məclisin payız sessiyasına təqdim etdik. Düşünürdük ki, oktyabr ayında müzakirə edilər. Amma edilmədi. Həmin təklifləri mən bir həftə ərzində toplayıb İsa müəllimə təqdim edərəm. Buna işçi qrupunda da baxılar və hamının fikirləri də orada nəzərə alınar. Bundan sonra ikinci oxunuşda payız sessiyasında yenidən təqdim edilər. Hesab edirəm ki, qanun layihəsinin yenidən saxlanılmasına və bu qədər vaxt sərf edilməsinə ehtiyac yoxdur ".
Komitə sədri İ.Həbibbəyli isə həmkarının fikirləri ilə razılaşmayıb. O bildirib ki, daha təkmil qanun qəbul edilməlidir: "Siz istəmirsiniz ki, qanun layihəsi təkmilləşdirilsin? Bunun üçün biz, millət vəkillərinin təkliflərini alırıq. Siz də öz təkliflərinizi verdiniz”.
Təhsillə bağlı yeni qanunlara ehtiyac var
İ.Həbibbəyli eyni zamanda təhsil sahəsində yeni qanun layihələrinin qəbul edilməsinin vacibliyinə də toxunub. Deputat bildirib ki, Azərbaycan 25 ildir müstəqildir, amma təhsil sahəsində yalnız bir qanun var. O da "Təhsil haqqında” qanundur: "Bu sahədə başqa qanun layihələri qəbul edilməyib. Baxmayaraq ki, qanun layihələri üzərində işlər gedir, amma yeni qanun layihələri qəbul olunmur. Hesab edirəm ki, təhsil sahəsində yeni qanun layihələri qəbul edilməlidir. Məsələn, ali təhsil, orta ixtisas təhsili, peşə təhsili, məktəbəqədər təhsil haqqında yeni qanun layihələrinə ehtiyac var. Bunun üçün hətta Azərbaycan Milli Elmlər Akademiyasının potensialı da var”. İ.Həbibbəyli onu da bildirib ki, təhsil sahəsində yeni qanun layihələrinin hazırlanmasına və qəbul edilməsinə artıq start verilməlidir: "Bununla bağlı artıq hazırlıq işlərinə başlanmalıdır. Yenə də deyirəm, təhsil sahəsində qanunlar olduqca azdır. Xüsusən də məktəbəqədər təhsillə bağlı qanuna bu gün daha çox ehtiyac var. Buna görə tez bir zamanda yeni və mükəmməl şəkildə hazırlanmış qanun layihəsi qəbul etməliyik. Bunun üçün ölkədə mövcud reallığı və dünya təcrübəsini öyrənməliyik. 2016-cı ilin yaz sessiyası ilə əlaqədar bu qanun layihəsini işləyib hazırlamalıyıq".
Anar Bayramoğlu