"Hazırda heç kim "Türk axını” təbii qaz kəməri layihəsinin gələcəyi barədə suala cavab verə bilmir”. Bunu Rusiyanın "Qazprom” Şirkətinin İdarə Heyətinin sədr müavini Valeri Qolubev bildirib. Onun sözlərinə görə, sonda ağıllı məntiq qalib gələcək: "Türkiyə və Avropadan olan tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətimiz normallaşacaq”.
Məlumat üçün bildirək ki, dekabrın 3-də Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını”nın reallaşdırılması ilə bağlı Türkiyə və Rusiya arasında hökumətlərarası danışıqların dayandırıldığını söyləyib.
Şirkət rəsmisinin açıqlamasına münasibət bildirən tanınmış iqtisadçı Vüqar Bayramov "Şərq”ə söyləyib ki, Türkiyə-Rusiya arasındakı gərginlik sözügedən layihənin taleyini sual altına aldı: "Bu ölkələr arasındakı qarşıdurma tərəflər arasında enerji anlaşmasının dayandırılmasına gətirib çıxara bilər. Ona görə ki, adıçəkilən ölkələr qarşılıqlı olaraq biri-birinə embarqolar tətbiq edir. Təbii ki, belə bir halda onlar birgə regional layihə həyata keçirə bilməzlər”.
Bununla yanaşı, ekspert qeyd edib ki, məlum layihə tərəflər üçün vacib idi: "İlk növbədə Moskva üçün vacib idi. Cənub axınına Avropa Birliyi tərəfindən dəstək gəlməyəndə güman olunurdu ki, "Türk axını” bunu kompensasiya edəcək. Son hadisələr məlum layihənin reallaşmasını mümkünsüz edib. İndiki məqamda sözügedən ölkələr arasında əməkdaşlıqdan danışmaq düzgün deyil. Gərginlik davam edərsə, "Türk axını” reallaşmayacaq”.
"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, "Türk axını” donduruldu, bunun ardınca İran Türkiyəyə ixrac etdiyi qazın həcmini yarıbayarı azaltdı: "Bu gedişlə Türkiyənin gələcəkdə TANAP boru xətti ilə ixrac olunacaq Azərbaycan qazının tamamına ehtiyacı olacaq. Halbuki, bu boru xətti ilə qazın bir hissəsi Avropa Birliyi ölkələri üçün nəzərdə tutulmuşdu. Bəlkə heç TANAP-ın davamı kimi planlaşdırılan TAP boru xəttinə də ehtiyac olmadı. Bu arada, İsrail də Türkiyəyə qaz ixracatı təklif edib. Onsuz da Türkiyənin düşmənlərinin sayı artır. Belə ərəfədə İsrailin təklifini müsbət dəyərləndirib, bu ölkə ilə münasibətləri normallaşdırmaq lazımdır. İndi "one minute” siyasətini davam etdirməyin yeri yoxdur”.
Ayyət Əhməd