Nazirlər deputatları niyə saya salmır?

Əliməmməd Nuriyev: “Millət vəkillərinin telefonları hökumət zənginə bərabərdir”
Deputatların səlahiyyətlərinin artırılması fərdi qaydada deyil, konstitusion qaydada həyata keçirilməlidir



Milli Məclisin ötən iclasında deputatlar nazirlərdən şikayətlənib. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı qeyd edib ki, bəzi nazirlər, məmurlar deputatların telefon zənglərinə cavab vermir:

"Bu gün elə nazirlər, komitə sədrləri və dövlət məmurları var ki, millət vəkillərinin telefonlarına cavab vermir. Bu, doğru münasibət deyil. Kimsə elə düşünməsin ki, millət vəkili hər hansı dövlət məmuruna şəxsi xahişlərini etmək üçün zəng vurur. Bu, əsla belə deyil. Mən 20 ildən artıq olan təcrübəmdən deyirəm ki, bu gün bir sıra nazirlər və dövlət məmurları cəmiyyət üçün açıq deyillər. Ancaq millət vəkilləri cəmiyyət və xalq üçün açıqdır”. Deputat vurğulayıb ki, məhz buna görə də vətəndaşlar müəyyən problemləri ilə bağlı deputatlara müraciət edir, deputatlar da aidiyyəti üzrə sorğu göndərir, lakin problemin həllini tapmır, heç bir müsbət nəticəsi olmur. Məmurlara telefonla da zəng vurub problemi çatdırmaq qeyri-mümkündür. Millət vəkili bəzi nazirlərin və komitə sədrlərinin Milli Məclisə gəlişini paraşütlə enməyə bənzədib. F.Ağamalı da, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevi dəstəkləyərək hökumətin Milli Məclisdə hesabatları zamanı deputatların daha geniş fikir bildirmələri, tövsiyə və ya təklif vermək, nazirlərə, komitə sədrlərinə irad bildirmək, söz demək imkanının yaranması üçün səlahiyyətlərinin artırılmasının vacib olduğunu söyləyib.

Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında deputatların narazılığının yalnız konstitusiya normaları çərçivəsində həllinin mümkün olacağını dedi:

- Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır, hakimiyyət də bu mənbə ilə qarşılıqlı təmasda siyasət yürüdür. Parlamentsə qanunverici orqandır. Qanunverici orqanla icra orqanı arasında da gərək qarşılıqlı əlaqə olsun. Tarazlıq və ya çəkindirmə deyilən bir sistem mövcuddur ki, bu da hakimiyyətlə balansı saxlamağa yönəlir. Bu olmayanda icraedici aparatın işində problemlər yarana bilər. Deputatlar əlavə səlahiyyətlər istəyir, amma bunun üçün qanunverici baza olmalıdır. Ölkənin əsas qanunu onun Konstitusiyasıdır. Deputatlara əlavə səlahiyyətlər veriləcəksə, bu, ölkə Konstitusiyasında əksini tapmalıdır. Bunun üçün də gərək Konstitusiyaya normativ sənəd şəklində əlavə və dəyişikliklər edilsin. Deputatların vəzifə və səlahiyyətləri "Deputatlıq haqqında” qanunla təsbit edilib. Orada göstərilir ki, deputat müvafiq icraedici orqana sorğu ilə müraciət edə bilər, eyni zamanda deputatın icra orqanı nümayəndəsi tərəfindən təxirəsalınmaz qəbul hüququ var. Bizim deputatların, başqa ölkələrdən fərqli olaraq, elə də böyük, geniş imtiyazları yoxdur. Bizim deputatlar daha məhdud səlahiyyətlərə malikdir. Amma deputatın deyək ki, hansısa nazirə, komitə sədrinə, icra başçısına sorğu ilə müraciət etmək və ya təxirəsalınmaz qəbul olunmaq kimi səlahiyyəti də heç də az hüquq anlamına gəlməməlidir. Əsas problem qanunların aliliyinin təmin edilməsidir. Qanunların aliliyi təmin edilərsə və şəffaflıq prinsipi əsas götürülərsə, bu məsələlər avtomatik həllini tapacaq. Tutaq ki, deputat müəyyən məsələ ilə bağlı sorğu vasitəsilə konkret hansısa rəsmi quruma müraciət edir. Deputatın sorğusuna lap cavab verilirsə də, o bunun doğru olub-olmadığını necə araşdıra biləcək? Gərək şəffaflıq təmin edilmiş olsun ki, problemin nədən qaynaqlandığı və hansı yolla həllinin mümkünlüyü də bilinsin.

Ə.Nuriyev qeyd etdi ki, hansısa nazirin və ya komitə sədrinin deputatın telefon zənginə cavab verməməsi çox pis haldır:

- Millət vəkillərinin telefonları hökumət zənginə bərabərdir. Qanun tələb edir ki, deputatlar dövlət rəsmiləri tərəfindən istənilən zaman qəbul edilməli, onların telefonlarına cavab verilməlidir. İcra orqanları bunu etmirsə, deməli, qanun pozuntusuna yol verirlər. Bundan əlavə, bu yaxınlarda "Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanun qəbul edildi. Hər bir dövlət məmuru vətəndaşları qəbul etməli, şikayətinə baxmalıdır. Millət vəkilləri vətəndaşların problemlərinin həllinə yardımçı olmaq istəyirsə, bu, yalnız alqışlanmalıdır. Hesab edirəm ki, parlamentin rolunun artırılmasına ehtiyac var. Cənab Prezident də çıxışı zamanı qeyd etdi ki, Azərbaycan parlamenti dövlətçiliyin və milli maraqların qorunmasında böyük rola malikdir. Ancaq yenə deyirəm ki, deputatların səlahiyyətlərinin artırılması fərdi qaydada deyil, konstitusion qaydada həyata keçirilməlidir.

Məlahət Rzayeva