“Azərbaycanın mövqeyi doğrudur”

Yaqub Məmmədov: “Sərt bəyanatlar verməklə, söz davası aparmaqla nə Türkiyə-Rusiya münasibətləri yaxşılaşacaq, nə də ki Qarabağ problemi həll olunacaq”



Bir müddət siyasi və iqtisadi sferalarda sıx əməkdaşlıq edən Türkiyə və Rusiya arasında son zamanlar gərginləşən münasibətlər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Türkiyə tərəfindən rus hərbi təyyarəsinin vurulması, bununla da iki ölkə arasındakı əlaqələrin fərqli müstəviyə qədəm qoyması bəzi xarici ölkələrin və siyasi dairələrin məmnunluğuna səbəb olsa da, əksər ölkələrin narahatlığına səbəb olub.

Çünki iki dövlət arasındakı qarşıdurma sadəcə Rusiya və Türkiyənin deyil, eyni zamanda region ölkələrinin də problemidir. Bu səbəbdən Azərbaycan dövləti də baş vermiş insidenti təəssüf hissi ilə qarşıladı. Amma buna baxmayaraq, Azərbaycan rəhbərliyi qardaş ölkənin yanında olduğunu dəfələrlə bəyan edib. Günlərdir müzakirə olunan məsələlərlə bağlı "Şərq”in suallarını cavablandıran Milli Məclisin keçmiş spikeri, professor Yaqub Məmmədov deyib ki, Azərbaycan dövləti Türkiyəni dəstəkləməklə yanaşı, Rusiya ilə də ehtiyatlı davranmalıdır. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli birbaşa Kremldən asılıdır...

- Yaqub müəllim, Rusiya-Türkiyə arasında yaranmış gərginliyə münasibətiniz necədir?

- İki ölkənin tarixi problemlərinə baxmayaraq, son illər çox müsbət əlaqələr yaranmışdı. Rusiya və Türkiyə biri-biri ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq edirdi. Əlbəttə ki, münasibətlərin normal olması hər iki dövlət üçün, o cümlədən region ölkələri üçün çox faydalı idi. Çox təəssüflər olsun ki, münasibətlər bu dərəcədə korlandı. Mən heç vaxt istəməzdim ki, Türkiyə-Rusiya əməkdaşlığı arzuolunmaz neqativ hadisələrlə tamamilə məhv olsun. Şübhəsiz ki, qarşıdurma bölgədə əlavə gərginliyin yaranmasına səbəb olacaq.

- Sizcə, bundan sonra gərginlik artacaq, yoxsa qısa vaxtdan sonra münasibətlər düzələcək?

- Rusiya elə bir ölkədir ki, onunla bağlı proseslərin sonunu dəqiq proqnozlaşdırmaq çətindir. Ancaq inanmıram ki, iki ölkənin qarşıdurması uzun müddət davam etsin. Əlbəttə, gərginlik olacaq. Dünən Rusiya Prezidenti Vladimir Putin də dedi ki, tapılan qara qutunun nəticəsindən asılı olmayaraq, Moskvanın rəsmi Ankara ilə problemi olduğu kimi qalacaq. Belə görünür ki, Kreml rəhbərinin hələlik əlaqələri düzəltmək niyyəti yoxdur.

- Putinin türkiyəli həmkarı Ərdoğanı qeyri-etik ifadələrlə suçlamasını, təhqir etməsini siyasətin tərkib hissəsi hesab etmək olarmı?

- Siyasətdə hər şey olur. Amma uzun zamandır biri-biri ilə əməkdaşlıq edən, üstəlik, qonşu olan ölkə liderlərinin təhqirlərə yol verməsi düzgün deyil. Yəni sərt danışmasalar, daha yaxşı olar, çünki bir müddət sonra əlaqələr düzələndə peşman olacaqlar. Hadisə təzə olduğu üçün tərəflər qarşılıqlı olaraq ittihamlar səsləndirir, biri-birini suçlayırlar. Yaxşı olardı ki, təyyarənin vurulmasından dərhal sonra Rusiya və Türkiyə rəhbərləri görüşərdi və məsələni dialoq şəklində çözməyə çalışardılar. Əgər ilkin mərhələdə danışıq olsaydı, vəziyyət bu yerə çatmazdı.

- Hadisənin təxribat olduğu iddiası da gündəmdədir. Bəzi ekspertlərə görə, iki ölkənin yaxınlaşması müəyyən dairələri narahat edirdi. Bu yanaşmanı doğru hesab edirsizmi?

- Məncə də, burda şeytan əli var. Türkiyə-Rusiya münasibətlərini korlamaq üçün Qərb dövlətlərinin və müəyyən siyasi dairələrin hadisədə rolu şübhəsizdir. Fikrimcə, bu, təxribatdır və Qərbin ssenarisidir. Çünki ABŞ başda olmaqla, Avropa ölkələri Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasından ciddi narahat olurdu. Ona görə ki, iki dövlətin əlaqələri iqtisadi sferadan çıxaraq, geostrateji əməkdaşlıq səviyyəsinə gəlib çatmışdı. Hər iki ölkənin rəhbərliyi mütəmadi olaraq biri-birini ziyarət edir, enerji və digər mühüm sahələrdə danışıqlar aparırdılar. Humanitar sahələrdə müqavilələr imzalayırdılar. Qərbin buna razı olmayacağı əvvəlcədən bəlli idi. Təəssüflər olsun ki, Rusiya və Türkiyə rəhbərliyi bilə-bilə bu oyuna getdilər.

- Rusiyanın Türkiyəyə iqtisadi və siyasi sanksiyalar tətbiq etməsindən Moskva özü zərər görmürmü?

- Təbii ki, görür. Elə ən çox ziyan çəkən də Rusiyadır. Əgər Moskva yaxın günlərdə münasibətləri düzəltməsə, daha çox əziyyət çəkəcək. Çünki Rusiyada bütün tikinti bazarı türklərin əlində idi. Türklər rusları əhəmiyyətli məhsullarla təmin edirdilər.

- Azərbaycanın bu məsələdə sərgilədiyi mövqeni necə qiymətləndirirsiniz?

- Bilirsiz, belə məqamda Azərbaycan çox çətin durumdadır. Çünki hər iki dövlətlə yaxşı münasibətlərimiz var və bu, ölkəmizin xeyrinə idi. İndi isə çətin vəziyyətə düşmüşük. Türkiyə

bizim əbədi qardaşımız, dostumuzdur. Bir millət iki dövlətik. Digər tərəfdən Rusiya regionun hegemon dövlətidir. Moskvanın bölgədə gedən proseslərə mühüm təsiri var. Kremlsiz regionda baş verən münaqişələrin həll olunması mümkün deyil. Ona görə də bir qədər çıxılmaz vəziyyət yaranıb. Amma ümumi anlamda Azərbaycanın mövqeyi doğrudur.

- Cəbhədə son günlər baş verən şiddətli atışmaların Rusiya-Türkiyə gərginliyi ilə əlaqəsi varmı?

- Təbii ki, var. Cəbhədə yaşanan qarşıdurma birbaşa həmin məsələ ilə bağlıdır. Ona görə deyirəm ki, bizim bəzi siyasətçilər, siyasətdən başı çıxmayan şəxslər Rusiya əleyhinə sərt bəyanatlar verməkdən çəkinməlidir. Çünki bizim Dağlıq Qarabağ problemimiz var, ərazi bütövlüyümüz pozulub, bir milyon vətəndaşımız qaçqın düşüb. Bu münaqişənin arxasında isə birbaşa Rusiya dayanır. Sözsüz ki, vətəndaş kimi hamımız qardaş Türkiyəni dəstəkləyirik. Lakin digər tərəfdən dövlət maraqlarını da nəzərə almalıyıq, siyasi balansı gözləməliyik. Sərt bəyanatlar verməklə, söz davası aparmaqla nə Türkiyə-Rusiya münasibətləri yaxşılaşacaq, nə də ki Qarabağ problemi həll olunacaq. Azərbaycan rəhbərliyinin mövqeyi necədirsə, bizim də yanaşmamız o cür olmalıdır. Əlavə hay-küy salmağa ehtiyac yoxdur. Lazımsız söz-söhbət cəbhə xəttindəki vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxarar.

- Ermənilər Rusiya-Türkiyə arasındakı gərginliyi körükləməyə çalışır. Sizcə, Moskva bilərəkdən buna şərait yaradır?

- Proseslərin kəskinləşməsinə ən çox ermənilər sevinir. Bu saat düşmənimiz toy-bayram edir. Erməniləri qabağa verən də məhz Rusiyadır. Fikir verirsizsə, Türkiyə ilə bağlı efirə gedən bütün proqramlarda ekspert kimi ermənilərə yer verilir. Onlar da fürsətdən istifadə edib Azərbaycan, ümumiyyətlə bütün türk dünyası əleyhinə təbliğat aparırlar. Bax, ona görə deyirəm ki, Moskvanı gərəksiz yerə qıcıqlandırmaq lazım deyil. Rusiya ilə münasibətimizi korlamamalıyıq, ehtiyatlı olmalıyıq. Çünki Rusiyanı baltalamaqla heç nə əldə etmirik.

İsmayıl