“Topaz”dan istifadə edənlərin əksəriyyəti xəstədir...

Qumarla məqsədsiz nəsil yetişir ki, bu da onları uçuruma aparır



Ölkədə "Topaz” oyunlarına maraq göstərənlərin sayı durmadan artır. Xüsusən də, "Topaz” istifadəçilərinin böyük hissəsinin gənclərdən təşkil olunması cəmiyyəti narahat edən məsələdir.
Çünki bu gənclər günlərinin əksər saatlarını kitab oxumağa, idmana, biliklərinin artırılmasına deyil, məhz "Topaz” kantorlarında xərcləyir.

Ən pisi odur ki, azyaşlılar, məktəblilər də "Topaz” yarışlarında "bəxtini tez-tez sınayır”. Halbuki 18 yaşına çatmayan şəxslərin "Topaz”dan istifadə etməsi qadağandır. Onu da deyək ki, insanların marağının artdığını görən işbazlar artıq "Topaz” kuponlarının minimum məbləğini 1 manatdan iki manata qaldırıblar. Əlavə xidmət olaraq da müştərilərə "Topaz” rəhbərliyi tərəfindən aldadıcı "lotoreya”lar təqdim olunur.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev gənclərin, xüsusən də tələbələrin və məktəblilərin bu tip mərc oyunlarına cəlb olunmasının xoşagələn hal olmadığını deyib: "Topaz”ın və digər totalizatorların aktiv şəkildə öz fəaliyyətini genişləndirməsi gənclərimizin belə qumar oyunlarına aludəçiliyini artırır, onları tədrisdən yayındırır. Ən pisi də odur ki, bu tip oyunlar zamanı onlar həm də digər pis vərdişlərə alışırlar. Təəssüflər olsun ki, bu cür faktlara respublikanın istənilən yerində rast gəlinir, bölgələr üzrə deputatlara bu yöndə çox sayda şikayətlər daxil olur”.

Millət vəkilinin sözlərinə görə, "Topaz” eyni zamanda ailələrin müflisləşməsinə gətirib çıxarır: "Valideynlər deyirlər ki, tələbələr evdən təhsil haqlarını götürüb "Topaz” oynayırlar. Başqa bir təhlükə odur ki, nəzarət olunmayan və qeydiyyatdan keçməyən totalizatorların sayı durmadan artır. Hesab edirəm ki, polis və vergi orqanları bu sahəyə nəzarətini gücləndirməlidirlər. Belə qumarxanaların fəaliyyəti tamamilə aradan qaldırılmalıdır. Qanunvericilik baxımından Nazirlər Kabineti bu sahəni tənzimləyən əsasnaməsində, yaxud da bədən tərbiyəsi və idman haqqında qanunda müvafiq dəyişiklik etməlidir. Dəyişikliklərlə bağlı öz təkliflərini irəli sürən millət vəkili deyib ki, "Topaz” oyunlarında iştirak üçün yaş həddi qaldırılmalıdır: "İndiki qadağa 18-ə qədərdir. Hesab edirəm ki, 21 yaşa qədər yeniyetmələrin oyunlarda iştirakına qadağa qoyulmalıdır ki, tələbələr bu işdən kənarda qalsınlar. Eyni zamanda, belə mərc oyunlarının keçiriləcəyi yerlər təhsil müəssisələrindən ən azı 500 metr məsafədə yerləşdirilsin. Çünki bizdə olan məlumata görə, orta məktəb şagirdləri də bu oyunlara cəlb olunur. Bu isə çox təhlükəlidir. Uşaqlar evdən pul oğurlayır, dərsdən yayınır, həmçinin psixoloji cəhətdən gərgin olurlar. Çünki insan hər dəfə mərcə pul qoyanda səbirsizliklə nəticə gözləyir. Uduzanda isə valideynlərinə yalan danışmağa məcbur olur, ya da oğurluğa gedir. Çünki evdən müəyyən xərcləri üçün götürdüyü pulu artıq qumarda uduzub”.

"Topaz”ın Azərbaycan gəncliyini bəlaya sürüklədiyini vurğulayan Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov "Topaz”dan istifadə edənlərin əksəriyyətinin psixoloji problemli olduğunu deyib. Psixoloqun sözlərinə görə, bu xəstələr pataloji yalan danışır, evdən pul oğurlayır. Bu isə onların şəxsiyyət kimi formalaşmasına ciddi zərbə vurur: "”Topaz” psixoloji asılılıq kateqoriyasına aiddir. Bu cür oyunlara aludə olan insanlarda əvvəldən də müəyyən problemlər olur və zaman keçdikcə, bu çatışmazlıqlar daha da artır. Onlar içindəki bu boşluğu "Topaz” vasitəsilə doldurmağa çalışır. Bu isə özlüyündə bir sıra kənar təsirlərə yol açır. İnsanlarda şəxsiyyət pozuntusu yaranır, onlar yalan danışır, məsuliyyət azalır və oyun oynayaraq daha rahat yolla pul qazanacaqlarını düşünürlər. Amma bu, sadəcə görüntüdür. Sonradan uduzurlar, gözləntiləri özünü doğrultmur. "Topaz”da uduzduğuna görə, depressiyaya düşən, intihar edən, ailə üzvlərinə basqı edən, oğurluğa əl atanlar az deyil. Çünki istədikləri məbləği əldə edənə qədər mübarizə aparır, hətta evlərinin əşyalarını da satırlar. Bu cür oyunların reklamı yeniyetmələrə xüsusilə pis təsir edir, ailə ilə problem yaşayırlar”.

Psixoloq "Topaz”a meyilli insanların psixoloji dəstəyə ehtiyacı olduğunu düşünür: "Hansısa problemləri olan insanlar könünüllü olaraq psixoloji yardım almaq istəmirlər. Bizə müraciət edənlərin böyük əksəriyyəti yaxınlarının, valideynlərinin təkidi ilə gəlirlər. Və dəstək alandan sonra da normal həyata qayıdır, pis vərdişlərdən uzaq gəzirlər. Təbii ki, "Topaz”a marağın artmasında dünyada baş verən proseslərin, iqtisadi-sosial problemlərin də təsiri olur.

Xüsusən də, ətrafındakılar "Topaz” oynayırsa, bu zaman istənilən adamın bu yola əl atması daha asan olur. Onu da deyim ki, qumarla məqsədsiz nəsil yetişir ki, bu da onları uçuruma aparır. Hansı ki, bizim gənclər zəhmətə alışmalıdır. Asan yolla pul qazanmağın heç kəsə faydası yoxdur. Ona görə də biz əl-ələ verib, mövcud problemin həllinə nail olmalıyıq.

Şəymən