Azərbaycanda şəhər yerlərində rəsmi nikahı olmayan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı artıb, kənd yerlərində, əksinə, azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatların yayılması şöbəsinin müdir müavini Leyla Kərimovanın sözlərinə görə, paytaxtda 283 nəfər vətəndaş nikahında olaraq doğuş həyata keçirib. Lənkəranda 147, Masallıda 178, Cəlilabadda 175, Şəmkir rayonunda 124, Sabirabadda isə 121 nəfər erkən yaşda uşaq dünyaya gətirib.
Qeyd edək ki, Azərbaycan cəmiyyətində vətəndaşlıq nikahı birmənalı qarşılanmır və bu, narahatlıq doğuran məsələ hesab olunur. Çünki bu, ölkəmizdəki ənənəvi ailə institutunun sıradan çıxmasına şərait yaradır, doğulan uşaqların gələcəyi üçün bəzi ciddi fəsadlara yol açır.
"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, nikahdankənar doğulan uşaqların sayının artması evlənən cütlüklərin qeydiyyatdan keçməməsi ilə bağlıdır: "Bu, daha çox vətəndaşların dövlət qeydiyyatından keçməməsi ilə bağlıdır.
Belə təəssürat yaranmasın ki, qeydiyyatı olmayan vətəndaşların hamısı qanunsuz yolla uşaq dünyaya gətirirlər. Statistikada qeyri-rəsmi nikahdan doğulan uşaqlar kimi göstərilən bu körpələrin əksəriyyətinin valideynləri əslində, adət-ənənə ilə ailə quranlardır. Yəni o ailələrin nişanı da, toyu da dədə-baba qaydası ilə keçirilib. Amma nikaha girən qadının qeydiyyata salınmaması belə statistik rəqəmlərin yaranmasına səbəb olur. Əksər hallarda bu məsələnin əsasında dini nikahlar da dayanır. Yəni rəsmi tərəfdən belə görünür. Amma qeyri-rəsmi tərəfdən məlum olur ki, bu insanlar el adəti ilə ailə quran şəxslərdir. Çox az faiz olur ki, həqiqətən də qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirirlər və bunlar da həssas insanlardır”.
Təşkilat rəhbərinin sözlərinə görə, nikahdan kənar doğulan uşaqların çoxunun sənədləşmə işləri aparılmır ki, bu da onun gələcək taleyinə mənfi təsir edir. Ən əsası, uşaq təhsildən kənar qalır: "Nikahdan kənar doğulan uşaqlarla bağlı problemlər bununla bağlı sənədləşmə işləri aparılmayanda yaranır. Son zamanlar görürsən ki, nikahdan kənar uşaq doğulur, amma valideynlərdən biri, əsasən də ata ondan imtina edir. Bu halda uşaq sənədsiz olaraq qalır. Bu, təhlükəli tendensiyadır. Ona görə ki, uşaq anonim qalır. Onun varlığı ilə bağlı heç bir hüquqi sənəd olmur. Bu da cinayətkarlıq üçün əlverişli mühit yaradır. İkinci bir tərəfdən, bu hal uşağın məktəbə getməsində problem yarada bilər. Uşağın bağça və məktəbə getmə vaxtı olsa da, sənədi olmadığından onun ora gedə bilmədiyi hallar da mövcuddur. Belə uşaqlar, ümumiyyətlə, elə bil ki, vətəndaş olaraq mövcud deyillər. Əhalinin siyahıya alınma prosesində də real rəqəmlərin ortaya çıxması sahəsində bu amil ölkə üçün müəyyən problemlər yaradır”.
İctimai Birlik sədri maraqlı bir faktı da diqqətə çatdırdı. Onun sözlərinə görə, əvvəllər vətəndaş nikahına yaşlı insanlar daxil olurdusa, indi bu proses də gəncləşib: "Son zamanlar ailə münasibətlərində bizə xas olmayan qəribə tendensiyalar ortaya çıxmağa başlayıb. Nikaha girən şəxslər daha çox vətəndaş nikahı ilə yaşamağa üstünlük verir. Hətta baxmayaraq ki, ailə quranlar normal şəkildə toy edir, amma nikaha daxilolma məsələsinə gələndə bəhanələr ortaya çıxır. Bu da daha çox insanların maddiyyət məsələsilə, əmlakın qeydiyyata düşməsi, orada hansısa bir hüququn həmin qadına tanıdılması ilə bağlıdır. Əvvəllər vətəndaş nikahına daha çox yaşlı, uşaqları böyümüş insanlar vətəndaş nikahında yaşayırdı. Qalanları isə rəsmi nikahda idi. İndi isə bir çox insanlar hesab edir ki, qeydiyyata salmamaq və evləndikləri xanımın hüququnu tanımamaqla müəyyən məsuliyyətdən azad ola bilərlər. Şükür ki, məişət zorakılığı ilə bağlı qanun qəbul olundu. Artıq vətəndaş nikahı və ya dini nikah da ailə hesab olunur. Ona görə də kimlərsə düşünürsə ki, məsuliyyətdən azad olacaq, bu mümkün deyil. Bir çox hallarda qadınlar hüquqlarını bilmədiyindən elə bilir ki, dövlət qurumları və məhkəmə onların hüququnu tanımayacaq. Qadın bilməlidir ki, uşaq nikahdan kənar olsa da, onun atalığını müəyyən etmək və aliment almaq haqqı var. İndi nikahdan kənar uşaq dünyaya gətirənlərin çoxu gənclərdir. Bu isə xoşagəlməyən faktdır. Bu məsələdə kişiləri qınaq obyektinə çevirmək daha yaxşı olardı. Özünü Azərbaycan kişisi sayan kəs uşağına və həyat yoldaşına sahib çıxmalıdır”. M.Zeynalova hesab edir ki, nikahdan kənar doğulan uşaqlara pis baxma kimi stereotiplər artıq aradan götürülüb: "Buna indi o qədər də diqqət yetirmirlər. Əvvəllər bununla bağlı ictimai qınaq vardı. Ona görə də qanunsuz uşaqlar o qədər də doğulmurdu. Hər kəs ciddi ictimai qınağa tuş gəlməmək üçün uşağın qanuni yolla dünyaya gəlməsini istəyirdi. İndi isə əvvəlki stereotiplər yoxdur, o qınağı görmürəm. Təəssüf ki, bizlər xoşa gəlməyən stereotipləri tez götürürük, lazım olanı isə çətin qavrayırıq. Belə məsələdə ictimai qınağın qalması yaxşı hal idi. İndi isə heç kim buna qarışmır və bu, normal da qəbul olunur. Təbii, elə cəmiyyətdə yaşayırıq ki, burada yaşı ötmüş qızlara da rast gəlirsən. Onlar da həyatına stimul vermək üçün uşağının olmasını istəyir. Ona görə onları da
anlamaq lazımdır. Azərbaycan o ölkələrdən deyil ki, övladı olmayanda gedib iti götürüb, ona uşağı kimi yanaşsın. Bundansa, yaşı keçmiş qızın nikahdan kənar uşaq doğması daha yaxşı haldır”.
Şəymən