Vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğunun ayrılmaz hissəsidir. Nə qədər qanunlar qəbul edilsə də, hüquqi baza ən mükəmməl formada hazırlanmış olsa belə, vətəndaş aktivliyi, vətəndaş cəmiyyəti institutları da güclü, hərtərəfli fəaliyyət göstərməlidir ki, dövlətçiliyin əsasları zəifləməsin.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm müşavirələrdəki çıxışlarında, həm də vətəndaşlarla görüşləri zamanı vurğulayıb. Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda da Prezident vətəndaş cəmiyyətinin aktivliyinin zəruriliyini bir daha diqqətə çatdırmışdı: "Cəmiyyəti narahat edən məsələlərlə bağlı konkret addımlar atılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, lazım gəldikdə cəza tədbirləri həyata keçirilir. Bu sahədə sistem xarakterli islahatlar, institusional islahatlar mühüm rol oynayır. Biz bu sahədə "ASAN xidmət”in fəaliyyətini qeyd etməliyik. Bu yaxınlarda "ASAN xidmət” BMT tərəfindən yüksək mükafatla təltif edilib. Qısa müddətdə, iki il ərzində 4 milyondan çox insan bu xidmətin imkanlarından faydalanıb. Biz bu şəffaflıq prinsiplərini bütün sistemimizə - dövlət quruculuğu sisteminə, maliyyə sisteminə tətbiq etməliyik və bu müsbət təcrübəni yaymalıyıq. Konkret tapşırıqlar verilib və əlavə tədbirlərin görülməsi üçün indi iş gedir”. Daha sonra Prezident həyata keçirilən inzibati tədbirlərlə yanaşı, vətəndaşların hüquqi dövlət quruculuğu işinə necə dəstək ola biləcəklərini də açıqlamışdı: "İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz.
Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür”.
Dövlət başçısı qeyd edib ki, qanun pozuntularının, sosial ədalətsizliyin qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni mexanizm yarana bilər: "Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”.
Göründüyü kimi, ölkə başçısı biz vətəndaşlardan aktivlik tələb edir. Bəs ictimaiyyət vətəndaş cəmiyyətinin formalaşmasında nə dərəcədə aktivdir?
Avropa Oyunları zamanı da vətəndaş cəmiyyətinə etibar edildi
"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli vətəndaş cəmiyyətinin hakimiyyətin əsas qollarından biri olduğunu qeyd etdi:
- Baxın, Prezident yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir. Şuranın sədri əksər beynəlxalq tədbirlərdə Azərbaycanın vətəndaş cəmiyyətini - yəni Azərbaycanı təmsil edir. Vətəndaş cəmiyyətinə hökumətin inamı, etibarı olmasa, belə bir təmsilçiliyə razılıq verilərmi? Həm də Şura Azərbaycanı çox ləyaqətlə, dövlətçilik və milli maraqları qorumaqla təmsil edir. Dəfələrlə biz şahidi olmuşuq ki, beynəlxalq tədbirlərdə Şura sədri də, digər üzvlər də ermənilərin cavabını layiqincə verib, Azərbaycanın haqq səsini beynəlxalq aləmə çatdırıblar. Bu, o deməkdir ki, hökumət vətəndaş cəmiyyəti nümayəndələrinə etibar edir, onların fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Təkcə, adını çəkdiyim şura deyil, hazırda ölkəmizdə yüzlərlə qeyri-hökumət təşkilatları mövcuddur. Yaxşı haldır ki, əksər QHT-lər Şura ətrafında birləşib və vətəndaş cəmiyyətinin daha da mükəmməl formalaşması prosesində iştirak edirlər. Vətəndaş cəmiyyətinin əsas funksiyalarından biri də hüquqi dövlət quruculuğunda iştirakdır. Bu gün elə məsələlər var ki, onların icrasında vətəndaş cəmiyyəti öz sözünü deyir. Ölkəmizdə keçirilən bir sıra beynəlxalq səviyyəli tədbirlərdə vətəndaş cəmiyyəti gərəkən aktivliyi nümayiş etdirir. Məsələn, götürək, "Avroviziya-2012” yarışmasını. Yaxud, Bakıda keçirilən ilk Avropa Oyunlarını. Hamımız müşahidə etdik ki, QHT-lər mötəbər beynəlxalq səviyyəli tədbirlərin həyata keçirilməsinə öz səlahiyyətləri çərçivəsində nə qədər iş gördülər. İctimaiyyətin maarifləndirilməsi, ictimaiyyətə düzgün məlumatların çatdırılması, hətta bəzi neqativ xarakterli hərəkətlərin qarşısının alınmasında da vətəndaş cəmiyyəti institutları fəal oldular. Bilirik ki, ölkəmizin bədxahları dinc dayanmır, beynəlxalq tədbirlərin mötəbərliyini azaltmaq, Azərbaycana gələcək xarici qonaqlarda barəmizdə mənfi fikir formalaşdırmaq üçün qarayaxma kampaniyaları aparmağa çalışırlar. Təbii ki, bütün bu şər kampaniyaların qarşısı dövlət səviyyəsində alınır. Eyni zamanda bu işdə vətəndaş cəmiyyəti də dövlətimizin ən böyük dəstəkçisi rolunda çıxış edir. Məsələn, medianın özü. Bilirsiniz ki, Bakı -2015 Avropa Oyunları ilə əlaqədar "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradıldı. Koalisiyada QHT nümayəndələri, ziyalılar, aparıcı KİV-lərin rəhbərləri təmsil olunurdu. Məqsəd də Avropa Oyunları ilə bağlı ictimaiyyəti düzgün məlumatlandırmaq, cəmiyyəti təbliğat prosesində iştiraka cəlb etmək idi. Müsbət haldır ki, KİV-lər bu işin öhdəsindən lazımınca gəldilər. Azərbaycanın inkişafına xor baxan bəzi dairələrin "qara piar”ına qarşı gərəkən cavabı verdilər. Avropa Oyunları ilə bağlı belə bir koalisiyanın formalaşması vətəndaş cəmiyyətinin dövlətçilikdə nə qədər önəmli yer tutduğunu sübut edir.
Vətəndaş cəmiyyəti korrupsiyaya qarşı mübarizədə
V.Tofiqli vətəndaş cəmiyyəti institutlarının hüquqi dövlət quruculuğundakı aktiv fəaliyyətinə də toxundu:
- Şəxsən biz, bələdiyyələrin fəaliyyəti ilə bağlı hökumətə nə qədər təkliflər vermişik. Hazırda bələdiyyələrin büdcəsinin müzakirələri keçirilir. Dekabrın 25-dək müzakirələr başa çatdırılıb, təkliflər hökumətə təqdim edilməlidir. Bizə 10 gün vaxt verilib ki, müzakirələr aparaq və təkliflər irəli sürək. İctimai dinləmələr keçirilir və müxtəlif təkliflər səslənir. Bu onu göstərir ki, vətəndaş cəmiyyəti institutları qanunvericiliyin təkmilləşməsində, hüquqi bazanın formalaşmasında aktivliyə çağırılır. Yaxud da götürək, korrupsiya və şəffaflığın təmin edilməsi istiqamətində dövlətin atdığı addımları. Hamımıza məlumdur ki, cənab Prezident bu işdə ictimaiyyəti xüsusi fəal olmağa çağırıb. Çıxışlarında da bunu xüsusi vurğulayıb.
Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir. Vətəndaşlar üzləşdikləri qanun pozuntuları ilə bağlı bu idarəyə müraciətlər edir, korrupsiya halları ilə bağlı lazımlı informasiyaları verirlər. İdarə yaradılandan nə qədər vətəndaşımızın hüquqları bərpa olunub, korrupsionerlər isə cəzalarını alıblar.
İdarənin açıqladığı statistik rəqəmlərə baxaq; 2015-ci ilin birinci yarısında idarəyə vətəndaşlardan 5150 müraciət daxil olub. Şübhəsiz ki, müraciətlərə də aidiyyəti üzrə baxılıb. Nəticədə 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib. Bu fakt vətəndaşların korrpusiyaya qarşı mübarizədə, həmçinin hüquqi dövlət quruculuğunda aktivliyini göstərir.
Orduya vətəndaş nəzarəti
İctimai nəzarətin yaradılmasında məqsəd müstəqil dövlətimizin möhkəmləndirilməsi və inkişafı naminə şəffaflığın artırılmasına nail olmaq, korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına qarşı ölkə Prezidentinin apardığı mübarizədə vətəndaş həmrəyliyi nümayiş etdirməkdir.
Azərbaycan demokratik dəyərlərə söykənən dünyəvi bir dövlət quruculuğu yolu keçir. Bu yolun başlanğıcında qarşılaşdığımız maneələr mərhələli şəkildə aradan qaldırılır və nəticədə sərbəst, hərtərəfli inkişafa geniş imkanlar açılır. Hüquqi dövlət quruculuğunun nizamlı xətt üzrə aparılmasına müsbət təkan verəcək bir neçə amil var ki, onlardan biri də ictimai nəzarətdir.
Buna Azərbaycan Respublikasının Konstitusiyası, "Əmək Məcəlləsi”, "İctimai iştirakçılıq haqqında”, "İnformasiya əldə etmək haqqında”, "Polis haqqında” qanunlar və başqa hüquqi sənədlər də cəmiyyətimizdə ictimai nəzarətin ən yüksək səviyyədə təmin edilməsinin hüquqi bazasını tam formalaşdırıb. Qalır, bircə vətəndaşlarımızın lazımi hüquqi biliklərə yiyələnməsi, qanunvericilik bazasından xəbərdar olmaları, dövlətimizin vətəndaşların bütün hüquq və bərabərliklərinin qarantı kimi çıxış etdiyini bilmələri. Etiraf etməliyik ki, bəzən vətəndaşlar çəkingən davranır, hüququn aliliyinə inamsızlıq nümayiş etdirirlər.
Məhz bu zaman hüquqların kobud pozuntusu, məmur özbaşınalığı ayaq tutub yeriyir.
Vətəndaş cəmiyyətinin formalaşması məsələsi uzun illər gündəmdə olub. Bir neçə il əvvələ kimi Silahlı Qüvvələrə ictimai nəzarətdən danışılır, geniş müzakirələr aparılırdı. Qeyri-hökumət təşkilatları bunun vacib olduğunu deyir və bu mövqedən çıxış edirdilər ki, Silahlı Qüvvələrə ictimai nəzarət tətbiq edilərsə, bəzi neqativ halların aradan qaldırılması mümkün olar. Xatırlayırsınızsa, millət vəkillərinin, ziyalıların, ehtiyatda olan zabitlərin hərbi hissələrə səfərləri də təşkil edilirdi. Bunun özü vətəndaş cəmiyyətinin formalaşması, Silahlı Qüvvələrin ictimai nəzarətdən kənar qalmaması istiqamətində atılan addımlar idi. Bu gün artıq biz bunun bəhrəsini görürük. Xüsusilə, general-polkovnik Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra əsgər analarının narahatlığına son qoyulub. Hansı üsulla? Məhz Silahlı Qüvvələrin, hərbi hissələrin vətəndaşlar üçün açıq olması yolu ilə. Baxın, müəyyən vaxtdan bir hərbi hissələrdə "Açıq qapı” günləri keçirilir. Valideynlər övladının xidmət keçdiyi hərbi hissə ərazisinə sərbəst şəkildə daxil olur, övladı ilə görüşür, yataq şəraiti ilə, qidalanması ilə tanış olur, zabitlərlə söhbət edir. Bu, böyük uğurdur. Bir var, ata-ana övladı barədə hardansa və çox zaman da yanlış informasiya alsın, bir də var, valideyn hərbi hissəyə getsin, övladını görsün, onun necə xidmət keçdiyini, problemi varsa, nədən ibarət olduğunu heç bir vasitəçi olmadan birbaşa özü öyrənsin. Vətəndaş cəmiyyəti elə budur. Yəni, dövlət, istər hansısa rəsmi strukturu, istərsə də, hərbi xidmət sahəsini, təbii ki, cəbhə ilə əlaqəli müəyyən məsələlər istisna olmaqla, vətəndaşlardan gizli saxlamır. Bu da vətəndaşlarda dövlətə və Silahlı Qüvvələr də daxil, hakimiyyət strukturlarına inamı artırır.
Məlahət Rzayeva
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim üçün