Hikmət Babaoğlu: “Ölkə mətbuatının gələcəyindən narahat deyiləm və internet medianın onu geridə qoyacağına inanmıram”
Elşad Eyvazlı: "Mətbuat təhlükə altına düşməməlidir”
Şamil Vəliyev: "Jurnalistikamıza yeni prinsiplr daxil olur”
(əvvəli ötən sayımızda)
Heç kimə sirr deyil ki, jurnalistika cəmiyyətin ayrılmaz parçasıdır. Elə bunun nəticəsidir ki, ölkədə vətəndaş jurnalistikası da inkişaf edir. Belə institutun yaradılması yeni akademik standartların formalaşması deməkdir. Ona görə ki, Azərbaycan cəmiyyəti totalitar sovet rejimindən yeni müstəqil və informasiyalı vətəndaş cəmiyyətinə keçir. Bu o deməkdir ki, jurnalistikamıza yeni prinsiplər daxil olur. Azad ölkə, azad cəmiyyət olduğumuza görə insanlar fikirlərini, gördüklərini internetdə, sosial şəbəkələrdə paylaşırlar.
Yeni meyarların yaranması akademik institut mövzusunu aktuallaşdırır. Bu baxımdan ictimai rəyi tənzimləyən vətəndaş jurnalistikasının olması vacib sayılır. Ona görə ki, bütün hallarda jurnalistika ictimai dəyərlərə xidmət göstərir. Amma bu sahədən həm cəmiyyət, həm də dövlət üçün faydalı olan formada istifadə etmək lazımdır. Bəzi həssas məqamlar var ki, vətəndaş onları bilməyə bilər. O isə vətəndaş jurnalistikasının qeyri-peşəkar olduğunu deməyə əsas verir. Bunun nəticəsində ortaya subyektiv düşüncələr, şəxsi arzular çıxır. Belə hallar arzuolunmazdır. Bir şəxsin gördüyü və ya onun şəxsi düşüncələri cəmiyyətin fikirlərinə təsir etməməlidir. Amma jurnalistika elə bir ictimai institutdur ki, o, özü-özünü təhlil edir və faydasız olanları kənara atır. Bu səbəbdən də vətəndaş jurnalistikasından çəkinmək lazım deyil.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli vətəndaş jurnalistikasının inkişafının ənənəvi medianı sıradan çıxaracağını mümkün hesab etmir: "Bu haqda deyilənlər heç vaxt reallaşa bilməz. Söhbət ondan gedir ki, ənənəvi media öz işinin peşəkarıdır. Heç bir vətəndaş onları əvəz edə bilməz. Vətəndaş gördüyü hər hansı hadisəni çəkib paylaşa bilər, xəbəri daha tez yayar. Amma bu, hər şey demək deyil. Peşəkar jurnalistika bunun üçündür və onların üzərinə düşən missiyalar var. Peşəkar jurnalist xəbəri dəqiqləşdirir, hadisənin görünməyən tərəflərini araşdırır, müxtəlif tərəflərin mövqeyini öyrənir, balansı saxlayır. Bundan əlavə, onlar cəmiyyət üçün faydalı informasiyanı axtarmalı, tapmalı və onu hazırlayıb oxucuya çatdırmalıdırlar. Amma vətəndaşlar bunu etmirlər və beynəlxalq prinsiplərdən də xəbərsizdirlər. Onlar sadəcə, gördüklərini yayırlar. Halbuki jurnalistikanın çox prinsipləri var. Bu baxımdan internet jurnalistikasının ənənəvi medianı qabaqlaya biləcəyinə inanmıram. İnternet mətbuatı nə onu ötüb keçə, nə də əvəzləyə bilər. Ona görə də ölkəmizdə mətbuata xüsusi diqqət ayrılır, onun inkişafı üçün layihələr həyata keçirilir. Belə addımlar ənənəvi medianın süni şəkildə sıradan çıxarılmasının qarşısını alır. Mənə elə gəlir ki, cəmiyyət informasiyaya ehtiyac duyduqca, peşəkar jurnalistika yaşayacaq. Media dəqiqliyə, qərəzsizliyə riayət edir”.
Ekspertin qənaətincə, ənənəvi medianın sıradan çıxacağını demək, proqnozlaşdırmaq doğru deyil: "Ümumiyyətlə, internet media geniş anlayışdır. Çünki qəzetlərin onlayn versiyaları da bu anlayışa daxildir. Bundan əlavə, sosial şəbəkələr, vətəndaş jurnalistikası da bura aiddir. Bu baxımdan, internet medianın daha əlyetən olduğu danılmazdır. Bu, bütün dünyada aktual problemdir. Amma mən qəzetlərin sıradan çıxa biləcəyini düşünmürəm. Faktiki olaraq, qəzet oxunur. Əgər çoxluq indi onu onlayn versiyada oxuyursa, elə bu da "qəzet oxunur” deməkdir. Daha dəqiq desəm, hazırda qəzetin yayım forması fərqlidir. Bu isə ciddi problem deyil”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun fikrincə, ölkədə çap mediasının güclənməsi üçün lazımi şərait yaradılıb: "Azərbaycanda ənənəvi medianın inkişafı üçün dövlət hər şey edir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dediklərimə əyani sübutdur. Fikir versəniz, hətta qəzetçiliyə qayıdış var. Amma bu işdə cəmiyyətin rolu danılmazdır. Tələb və təklif uyğunlaşmalıdır, paralellik olmalıdır. Yəni çap mediasının gələcəyi onun cəmiyyətlə dialoqundan asılıdır. Cəmiyyətin sifarişi nəzərə alınmalıdır. İstəyərəm ki, qəzetlərimiz daha keyfiyyətli çıxsın. Keyfiyyət deyəndə - maraqlı xəbərlər, araşdırma və təhlil yazıları, diqqətçəkən reportajlar, oxucunu cəlb edən müxtəlif aktual, sosial problemlərlə bağlı məqalələr və s. nəzərdə tuturam. Əgər çap mediası bunu bacarırsa, niyə də narahat olaq? Ona görə də ölkə mətbuatının gələcəyindən narahat deyiləm və internet medianın onu geridə qoyacağına inanmıram”.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı faktiki olaraq, internet medianın və ya vətəndaş jurnalistikasının çap mətbuatını üstələdiyini söyləyib: "Bu da gələcəkdə qəzetlərin taleyinin necə olacağı ilə bağlı suallar yaradır. Ümumiyyətlə, bütün dünya qəzetləri hazırda problemlərlə üz-üzə qalıblar. Bizim hər birimiz əvvəllər qəzetdə işləmişik və onun taleyi bizi narahat etməyə bilməz. Təəssüf ki, qəzetçilər arasında bilik yoxdur. Bu isə öz fəsadını göstərir. Ona görə də qəzet tendensiyasında gerilik müşahidə olunur. Məsələn, onlar dünya mətbuatından tərcümələr verə bilmirlər. Hesab edirəm ki, inkişaf üçün Türkiyə, Rusiya və Avropa təcrübəsindən yararlanmaq olar. Onlar maraqlı araşdırma və təhlil yazıları ilə çıxış edirlər. Amma Azərbaycanda bəzi qəzetlər var ki, səhifələrini daha çox internet materialları ilə doldururlar. Yəni saytların yazısını götürüb çap etməklə kifayətlənirlər, internetdəki yazılara xammal kimi baxırlar. Təbii ki, bunu hamıya aid etmək olmaz. Yaxşı ki, hamı belə deyil və öz layihələri, rubrikaları olan qəzetlərimiz var. Onlar özlərinə məxsus yazılar təqdim edirlər. Ümumiyyətlə, mətbuat təhlükə altına düşməməlidir. Müəllimlik kimi çıxmasın, gərək qəzetçilər daha çox çalışsınlar, sayt xəbərlərinə və yazılarına göz dikməsinlər. Əgər belə davam edərsə, təbii ki, inkişafdan söhbət gedə bilməz. Çox arzulayıram ki, bütün qəzetlər özlərinə məxsus xəbərlər, araşdırmalar, təhlillər təqdim etsinlər. Saytlar da onların yazılarını istinadla yaysınlar”.
E.Eyvazlı onu da bildirib ki, hazırda ölkədə mətbuata böyük diqqət və qayğı var: "Qəzetlər belə fürsətlərdən yararlanmalıdırlar. Hazırda internet media daha geniş yayılsa da, qəzetçiliyin öz yeri, öz ənənələri var. Mətbuatın gələcəyi ilə bağlı vəziyyət bütün dünyada geniş müzakirə olunsa da, mən vəziyyətin qorxulu olduğunu düşünmürəm. Sadəcə, bir qədər gerilik var. O isə aradan qaldırıla bilən məsələlərdir. Qəzetlər heç bir saytda çıxmayan, onlara məxsus yazılar, məqalələrlə çıxış etməlidirlər. Gündəlik xəbərləri hamı saytlardan izləyir. Bunun içindən önəmliləri seçilib şərh edilərək oxuculara təqdim edilə bilər. Amma təəssüf ki, bəzi qəzetlər saytlara arxayındırlar və onların yazılarını özlərinə məxsus kimi təqdim edib oxucuları aldadırlar”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev qeyd edib ki, bütün hallarda jurnalistika ictimai dəyərlərə xidmət göstərir: "Amma bu sahədən həm cəmiyyət, həm də dövlət üçün faydalı olan formada istifadə etmək lazımdır. Bəzi həssas məqamlar var. Təbii ki, vətəndaş onları bilməyə bilər. Bu isə vətəndaş jurnalistikasının qeyri-peşəkar olduğunu deməyə əsas verir. Bunun nəticəsində ortaya subyektiv düşüncələr, şəxsi arzular çıxır. Belə hallar arzuolunmazdır. Bir şəxsin gördüyü və ya onun şəxsi düşüncələri cəmiyyətin fikirlərinə təsir etməməlidir. Amma yaxşı ki, jurnalistika elə bir ictimai institutdur ki, o, özü-özünü təhlil edir və faydasız olanları kənara atır. Ona görə də vətəndaş jurnalistikasından çəkinməyə ehtiyac olduğunu düşünmürəm. Onu düzgün təhlil və tənqid etməyi, faydalı cəhətlərin nə olduğunu aşılamağı bacarmalıyıq. Peşəkar jurnalistikamız daha diqqətli olmalıdır”.
"Vətəndaş jurnalistikası və internet mediaya ənənəvi mətbuatı sıradan çıxarıb” iddiasına gəlincə, həmsöhbətimiz deyib ki, bu məsələyə qorxu hissi ilə yanaşmağa ehtiyac duymuram: "Texnika günü-gündən daha çox inkişaf etsə də, qəzetin öz yeri var. Bəli, texniki vasitələr hər şeyin fövqündə dayanmağa başlayıb. Amma çap mediasının ölmək təhlükəsi yoxdur və ola da bilməz. Onu da qeyd edim ki, məlumatın harada çıxmasından asılı olmayaraq, yetər ki, doğrular söylənilsin. Çünki jurnalistikanın hədəfi yalnız və yalnız həqiqətləri çatdırmaq olmalıdır”.
Professor onu da əlavə edib ki, Azərbaycan mətbuatının inkişafı üçün ehtiyac olan məsələlər həll olunur: "Mən də jurnalistikamızın inkişafı ilə bağlı bir təklif irəli sürmüşəm. Bildirmişəm ki, medianın balanslı inkişafı, onun nəzəri əsaslarının daha ətraflı təhlili və tədqiqi üçün akademik jurnalistika institutunun yaradılmasına ehtiyac var. Jurnalistika cəmiyyətin ayrılmaz parçasıdır. Elə bunun nəticəsidir ki, ölkədə vətəndaş jurnalistikası da inkişaf edir. Belə institutun yaradılması yeni akademik standartların formalaşması deməkdir. Çünki Azərbaycan cəmiyyəti totalitar sovet rejimindən yeni müstəqil və informasiyalı vətəndaş cəmiyyətinə keçir. Bu o deməkdir ki, jurnalistikamıza yeni prinsiplər daxil olur. Azad ölkə, azad cəmiyyət olduğumuza görə insanlar fikirlərini, gördüklərini internetdə, sosial şəbəkələrdə paylaşırlar. Yeni meyarların yaranması akademik institut mövzusunu aktuallaşdırır. İctimai rəyi tənzimləyən jurnalistikanın olması vacibdir”.
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb