Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Azərbaycanla-Argentina arasında turizm sahəsində əməkdaşlığa dair sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi olub. Komitə üzvləri, ölkədə turizmin vəziyyətindən, bu sahədə problemlərdən danışıblar. Komitə üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə öz çıxışında otel biznesi məsələsinə toxunub. Antalyada otellərdə bir otağın 24-25 min dollara satıldığını vurğulayan millət vəkili deyib ki, kim istəsə ala və qalmadığı dövrdə isə onu icarəyə verib pulunu qazana bilər. A.Əlizadə hesab edir ki, Azərbaycanda turizmin inkişafına nail olmaq üçün bu təcrübədən istifadə olunmalıdır.
Bəzi ölkələrdə buna kondo-otellər də deyilir
Qeyd edək ki, dünyanın əksər şəhərlərində, istənilən səviyyəli otellərdə nömrə - otaq almaq mümkündür. Bu biznesi apart-otel də adlandırırlar. Apart-otellər adi mehmanxanalardır, amma o, bir şəxsə yox, çoxsaylı investorlara məxsusdur.
Nömrəni alan müştəri otelin administrasiyası - idarəçi şirkətlə müqavilə bağlayır. Otelin idarəçisi bütün oteli, o cümlədən müştərinin otağını idarə edir - sahibi isə bu otaqdan icarə şəklində konkret məbləğdə qazanc əldə edir. Ən əlverişlisi odur ki, nömrənin təmiri və müştərinin tapılması idarəçinin üzərindədir. Otel nömrələri təmirli və mebellə birlikdə satılır. Burda otellərə məxsus rahatlıqlar - restoran, hovuz, sauna, idman zalı və s. olur. Adətən bunlar 4-5 ulduzlu, məşhur brendin adını daşıyan otellər olur. Bəzi ölkələrdə buna kondo-otellər də deyilir. Xaricdə alınan adi evlərdən fərqli olaraq, oteldəki nömrələr sahibinə heç bir əziyyət çəkmədən, yəni müştəri axtarmadan qazanc əldə etməyə imkan verir.
Otelin potensial müştəriləri müxtəlifdir. Nömrə almaq həm xaricdə istirahət etmək istəyənlər, həm təhsil alanlar, həm də başqa ölkədə bizneslə məşğul olanlar üçün əlverişlidir. Ən əsası, otel nömrəsi biznesi ev və ya digər bahalı əmlaka pulu çatmayanlara da xaricdə əmlak almağa imkan verir. Otel nömrələrinin sahibləri burda ildə bir neçə həftə pulsuz qalmaq hüququna malikdirlər. Bu müddət və otaq sahibinin qalacağı vaxt otel rəhbərliyi ilə dəqiqləşdirilir ki, sonradan heç bir problem yaranmasın. Qalan vaxtlarda isə həmin nömrə digər otaqlar kimi müştərilərə verilir və bundan gələn gəlir nömrənin sahibi ilə otel administrasiyası arasında bölünür.
Otel biznesi
Son illər isə dünyada 5 ulduzlu otellərin tikilib nömrələrinin dərhal satışa çıxarılması sürətlə populyarlaşır. İndi dünyanın müxtəlif ölkələrində tikilən çoxsaylı otellərdə nömrələri hələ tikinti dövründə güzəştlə və uzunmüddətli ödənişlə almaq olur. Belə otellərin ilk sahibləri bu üsulla otelin tikintisinə qoyduqları pulu dərhal götürür və sonradan yalnız onun idarə olunmasıyla məşğul olurlar ki, bu da onlara tamamilə kifayət edir. Nömrələrin sahibləri isə müasir dizaynla yenicə tikilmiş, keyfiyyətli təmirli və hər şəraitlə nömrələrə sahib olurlar.
Onu da deyək ki, otel biznesinin sadaladığımız üstünlükləri ilə yanaşı, bəzi çatışmazlıqları da var. Apart-otellərin əldə edilməsində mənfi cəhətlərdən biri nömrənin icarəsindən gələn illik gəlir otelin administrasiyası ilə bağlanan müqavilənin imzalanma vaxtına qədərki qiymətlərə əsaslanır. Bu o deməkdir ki, icarənin gəlir faizləri nömrənin ilkin dəyərindən hesablanır və ölkədə daşınmaz əmlakın qiyməti artsa, bunun müştərinin gəlirlərinə təsiri olmayacaq. İkinci mənfi cəhət - nömrə sahibinin qazanacağı pul onun oteli idarə edən şirkətlə razılaşmasından asılıdır - yüksək brendlərlə olan apart-otellərin administratoru nə qədər məşhur və böyük olsa, razılaşmaların qaydaları o qədər sərt olacaq və icarədən olan gəlirin o qədər yüksək faizini özünə saxlayacaq.
... bizim turizm sektorumuz qonşu ölkələr, xüsusilə də Türkiyə ilə rəqabət apara biləcək səviyyədə deyil
Konkret olaraq, millət vəkilinin Azərbaycanda otel biznesi təcrübəsindən yararlanmaq təklifinə gəldikdə isə iqtisadçı-ekspert Natiq Cəfərli indiki şərtlərlə bunun real görünmədiyini deyib. İqtisadçı hesab edir ki, Azərbaycan otel biznesi təcrübəsindən yararlanmaq üçün ilk növbədə ciddi turist ölkəsi olaraq öz yerini möhkəmləndirməli, turist sayını artırmalıdır. Ancaq o zaman otel yatırımları təcrübəsindən faydalanmaq olar.
Otel otaqlarına yatırım qoyulmasının Türkiyədən əlavə İspaniyada, Yunanıstanda, Portuqaliyada kifayət qədər populyar olduğunu vurğulayan iqtisadçı deyib ki, buna səbəb həmin ölkələrin ilin çox hissəsinin günəşli olması və turist axının çoxluğu ilə bağlıdır: "Məhz bu parametrlərə görə investorlar həmin ölkələrdə otel yatırımları etməyə üstünlük verirlər. Onlar özləri qalmadıqları dövrdə isə həmin daşınmaz əmlakdan qazanc əldə edirlər. Azərbaycanda turistik mərkəz olmalı, yüksək infrastruktur qurulmalı, xidmətin keyfiyyəti artırılmalı və qiymətlər xeyli dərəcədə aşağı düşməlidir. Artıq Azərbaycan turist bazarında öz yerini tutduqdan sonra investisiya sahələrinə tələb yaranacaq. Yerli iş adamları isə bu tələblərə cavab vermək üçün müxtəlif təkliflər irəli sürməyə başlayacaqlar ki, heç şübhəsiz, həmin təkliflər arasında otel otaqlarının satılması da yer alacaq. Ancaq indi Azərbaycana gələn turistlərin sayı, onların ölkəmizdə xərclədikləri vəsaitin miqradı göstərir ki, bizim turizm sektorumuz qonşu ölkələr, xüsusilə də Türkiyə ilə rəqabət apara biləcək səviyyədə deyil”.
N.Cəfərli deyib ki, Azərbaycanda turizmin inkişafına nail olmaq üçün bir çox sahələrdə ciddi islahatlar aparılmalıdır: "İlkin olaraq, viza problemi öz həllini tapmalıdır. Qonşu Gürcüstan demək olar ki, bütün ölkələrə vizanı ləğv edib. Hətta Türkiyə ilə Gürcüstan vətəndaşları biri-birinə sürücülük vəsiqəsi ilə gedib-gələ bilirlər. Azərbaycan isə MDB-dən başqa bütün ölkələrə qarşı viza rejimini tətbiq edir. Hətta qardaş Türkiyə üçün də vizanı ləğv eləməmişik. Halbuki, Azərbaycanda vizanın ləğvi turizm sahəsindəki problemlərin başlanğıc nöqtəsidir. Hər bir turistin ilk növbədə maraqlandığı məsələ sənədləşmənin asan olması və zaman itkisinə yol verilməməsidir. Azərbaycanda turizm sektorunun inkişafına mane olan digər amil aviabiletlərin həddindən artıq yüksək qiymətə olmasıdır. Əgər Azərbaycan turist axınına nail olmaq istəyirsə, uçuş biletləri ucuzlaşdırılmalıdır. Üçüncüsü isə xidmət sahəsində keyfiyyətin artırılması, otel qiymətlərinin ucuzlaşdırılmasıdır. Ancaq sadaladığım bu problemlərin ard-arda həllinə nail olduqdan sonra sonuncu təklif olaraq otel otaqlarının satılması təklifini qaldırmaq olar. Əslində burada dövlətlik heç nə yoxdur, birbaşa bazarın işidir”.
Şəymən