“Nəqliyyat bələdçisi” ideyası yaxşıdır

Jurnalist və nəqliyyat eksperti “ASAN”la “Baku Bus”un sərnişin nəqliyyatında maarifləndirmə işini alqışladı



"ASAN Könüllüləri” təşkilatı və "Baku Bus” MMC birgə layihə çərçivəsində "Nəqliyyat bələdçisi” adlı yeni təşəbbüsə başlayıb. Layihənin əsas məqsədi qayda-qanunlara tam şəkildə riayət edən sürücülər və ictimai nəqliyyatda vətəndaş məsuliyyətini unutmayan sərnişinlərin köməyi ilə daha rahat və təhlükəsiz sərnişindaşımaya şərait yaratmaq, ictimai nəqliyyatda mövcud problemlərə diqqət çəkməkdən ibarətdir.

"ASAN xidmət” mərkəzlərinin cari və məzun könüllüləri ictimai nəqliyyatda innovativ texnologiyalarının tətbiqiylə nəqliyyat daşınmalarının keyfiyyətinin artırılması məqsədi ilə istifadəyə verilən "Baku Bus” avtobuslarına minmək və düşmək qaydaları ilə əlaqədar sərnişinləri maarifləndirir.

Belə ki, ictimai nəqliyyatda davranış qaydalarının təkmilləşdirilməsinə, onun səviyyəsinin yüksəldilməsinə dair təşəbbüslə çıxış edən gənclər sərnişinlərin maariflənməsinə yardım göstərmək məqsədi ilə bukletlər paylamaq, müxtəlif flashmoblar keçirib, videoçarxlar hazırlamalıdırlar.

Layihədə 500-ə yaxın ASAN könüllüsünün "Gəlin, ictimai nəqliyyatdan düzgün istifadə edək” şüarı ilə iştirakı nəzərdə tutulur.

Sosial şəbəkədə könüllülərin şəklini paylaşan tanınmış telejurnalist İlhamiyyə Rza: "İctimai nəqliyyat yavaş yavaş sivil görkəm alır. Bu işi təşkil edənlərə halaldır!!” -deyə şərh əlavə edib. Paylaşımı haqda "Şərq”ə danışan telejurnalist belə layihələrin təqdirəlayiq olduğunu qeyd edib: "Bildiyimə görə bu layihə "Baku Bus”lar xəttə buraxılanda başlayıb. Lakin uzun müddətdir ictimai nəqliyyatdan istifadə etmədiyim üçün rastlamamışdım. Bu günlərdə müşahidə etdim ki, "Baku Bus”un avtobusları çox dəqiq və səliqəli işləyir. Bütün xəttlərə bu avtobuslar buraxılsa, şəxsi avtomobilə ehtiyac qalmaz”.

Müəyyən qədər sərnişinlərin təlimatlandırılmasına, maarifləndirici tədbirlərə ehtiyac olduğunu deyən İlhamiyyə Rza insanların bunların sayəsində artıq qayda qanunlara davranışına diqqət etdiyini bildirib.

İctimai nəqliyyatdakı ümumi vəziyyət haqqında danışan "Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı isə cəmiyyətimiz üçün həqiqətən də belə maarifləndirici tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu deyib: "Baku Bus”un yeni layihələri, ideyaları təqdir olunasıdır. Bu layihələri alqışlamaq lazımdır ki, ictimai nəqliyyatdan istifadə qaydalarının mənimsənilməsi, sərnişinlərin maarifləndirilməsi, davranış qaydalarının təbliğ olunması istiqamətində mühüm addımlar atılır. Bəzən biz ictimai nəqliyyatda davranış qaydalarına riayət etməyən, sərnişinləri narahat edən, maneçilik törədən vətəndaşlarla rastlaşırıq. Belə davranışlar milli dəyərlərimizə də ziddir. İctimai nəqliyyatda davranış qaydalarını təbliğ etmək üçün müəyyən maarifləndirmə tədbirlərinin görülməsi məqsədəuyğundur”.

E. Muradlı təşkilatlar və şirkətlər tərəfindən həyata keçirilən aksiyalara vətəndaşların da dəstək verilməli olduğunu bildirib: "Bir müddət bundan əvvəl "Baku Bus” avtobusunun sürücüsünə qarşı kobudluq edən vətəndaş haqqında mediada danışılmışdı. Əslində xarici ölkələrdə belə mənfi hallar törədən şəxslər məhsuliyyətə cəlb olunur. Həmin sərnişin barəsində tədbir görülməli idi ki, davranış qaydalarına əməl etməyən digər şəxslər üçün nümunə olsun. Sərnişinlər özləri bu problemlərlə bağlı müəyyən addımlar atmalıdır”.

Aysel Aslan