Millət vəkili Fazil Mustafa media təmsilçilərinə müraciət edib
Millət vəkili Fazil Mustafa öz feysbuk səhifəsində çox maraqlı bir mövziya toxunub. Böyük Quruluş Partiyasının başqanı hesab edir ki, ümumiyyətlə rəsmi qaydada Hacı, Kərbəlayı, Məşədi adlarının istifadəsi qadağan olunmalıdır. O, hətta bununla bağlı bir neçə dəfə təklif verdiyini də vurğulayıb: "Qoy küçədə, bacada, ev və qonşu dairəsində kimsə bu adlarla bir-birini çağırıb təkəbbür nümayiş etdirsin. Bu tanıtım birbaşa dini xurafatla və saxtakarlıqla bağlıdır və heç vaxt səmimi din adamı özünə mənəvi borc olaraq gördüyü ziyarəti xatırladan faktı titul olaraq adının qarşısına pərçimləyib reklam etməz. Bu cahilliyi anladıq. Ancaq anlaşılmaz oldur ki, niyə belə bir cahillliyin yayılmasında daha çox rol alan bizim bir sıra media təmsilçilərimiz olur? Xəbər paylaşırlar ki, Hacı filankəs tutuldu, Hacı filankəs buraxıldı. Adamın vətəndaş olaraq adı və soyadı varsa, rəsmi olaraq yayılan xəbərdə niyə dini titul işlədirlər, özləri də səbəbini bilmirlər. Təkcə dini ekstremizmə qarşı mübarizə kifayət etməz, həm də dini saxtakarlığa qarşı mübarizə vacibdir. Dini xarakterli ziyarət adlarınin istifadəsinin saxtakarlıq olduğunu hamılıqla göstərməyə başlasaq, bu adların arxasında gizlənən insanların bunlarsız öz adları ilə nə qədər çılpaq göründüyünün şahidi olacaqsınız."
Fazil Mustafa tarixdən də sadə bir nümunə gətirir:
Hz. Peyğəmbər (SAS)-ə Hacı Məhəmməd deyilibmi? Yaxud da Hz. Əbubəkr, Hz.Ömər, Hz. Osman və Hz. Əli kimi İslam böyüklərinə aid Hacı Əbubəkr, Hacı Ömər, Hacı Osman, Hacı Əli kimi tanıtımlara tarixi mənbəədə rast gəlmisinizmi? Savadlı jurnalistlərimizi bu qondarma dini titulların, tanıtımların mediada leqallaşdırmaqdan imtina etməyə çağırıram.