Azərbaycanlı qız erməni oğlanla evlənib

Bu izdivacı normal qəbul edənlər də oldu, qəbul etməyənlər də



Rusiyada yaşayan erməni oğlan ilə evlənən azərbaycanlı qızın toy video-görüntüləri sosial şəbəkədə müzakirələrə səbəb olub. Leyla adlı azərbaycanlı qızın Artyom adlı erməni ilə ailə qurması birmənalı qarşılanmayıb. Azərbaycanlı sosial şəbəkə istifadəçiləri qızın bu addımını qınayıblar, lakin bu izdivacı normal qəbul edənlər də olub. Məsələn, istifadəçilərdən biri: "milliyyətin fərqi yoxdur, əsas xoşbəxtlikdir” -deyə rəy bildirib.

Qeyd edək ki, erməni oğlanla azərbaycanlı qız 2012-ci ildə ailə qurublar. Lakin görüntülər sosial şəbəkələrdə indi yayılıb. Videoda bəyin bahalı avtomobildən tapança ilə atəş açması da diqqətdən yayınmayıb.

İctimaiyyət nümayəndələrinin də azərbaycanlı bir xanımın, erməni ilə ailə qurmasına fərqli yanaşırlar.

Məsələn, yazıçı Şərif Ağayar deyir ki, onun üçün "düşmən xalq” ifadəsi yoxdur. O, "Şərq”ə deyib ki, erməni ekstremizmi, "Böyük Ermənistan” ideyası ilə beyni zəhərlənmiş şovinistlər düşməndir: "Onlar təkcə mənim yox, bütün mütərəqqi insanların və insanlığın düşmənidir. Mənim düşüncəmə görə, insanlar millətlərinə, dinlərinə və irqlərinə görə deyil, haqqa və şeytana münasibətinə görə fərqlənirlər. Bir var haqqa qulluq edənlər, bir də var şeytana.... Bəziləri haqqa qulluq edənləri dəstəkləyər, bəziləri isə şeytana qulluq edənləri. Bəhs etdiyiniz bəy-gəlini tanımadığım üçün konkret bir fikir söyləyə bilmərəm. Haqq yoldadırlarsa, Tanrı, nahaq yoldadırlarsa, şeytan köməkləri olsun”. Müəyyən mənada "Sevgi sərhəd tanımır” deyimi ilə razılaşan yazar hesab edir ki, istənilən halda dövlətlər arasındakı düşmənçilik münasibətləri insanların sevgi münasibətlərinə təsir etməməlidir.

Gənc politoloq Zaur Məmmədov isə bu evliliyi tənqid edib. Gənclərdə vətənpərvərlik hissinin ailədən başlayaraq tərbiyə olunmağının vacibliyini qeyd edən ekspert bir türk, azərbaycanlı xanımına erməni oğlanı ilə evlənməyi yaraşdırmadığını deyib: "Mən özüm də uzun müddət Rusiyada yaşadığıma görə fəaliyyətim və təhsil aldığım vaxt ərzində müxtəlif gənclərə rast gəlmişəm. Belə düşünürəm ki, bir qızın və ya oğlanın hansı ölkədə böyüməsi, yaşaması vətənpərvərlik hissinə mane olmamalıdır. Xarici ölkələrə təhsil almağa gedən və ya yaşayan azərbaycanlılar vətənimizin tanınması, Azərbaycan reallıqlarının dünyaya çatdırılması üçün təqdirəlayiq işlər görməli, başqalarına nümunə olacaq addımlar atmalıdırlar”.

Bununla bərabər politoloq bildirib ki, sevgi milliyyətdən, dindən asılı olmamalıdır. Ancaq ermənilər bizim düşmənimizdir və azərbaycanlı xanım erməniyə görə həmvətənlilərinin başını aşağı etməməlidir: "Uşaqlıqdan həmin xanıma bizim tariximizi öyrətsəydilər, belə bir şey baş verməzdi. Bunda ailənin tərbiyəsi daha önəmlidir. Bu səbəbdən o qız qədər ailəsi də, valideynləri də günahkardırlar. Bizim Ermənistanda yaşayan azərbaycanlılar ermənilərin içində yaşadığı halda ermənilərlə ailə həyatı qurmurdular. Çünki düzgün tərbiyə olunurdular. Azərbaycanlı olan bu xanımın isə Rusiyada, ətrafında öz soydaşlarımızın olduğu bir mühitdə belə bir addım atmağı xoş deyil”.

Aysel Aslan