“Meymunda hədəflər məlum deyil, hətta məlum olsa da, gizli saxlanılır. Onun oyun qaydaları üzdən mülayim, sadə görünsə də, əslində təhlükəli və amansızdır”
Artıq 2015-ci il yekunlaşmaq üzrədir. Astroloji hesablamalara görə, Keçi ili öz yerini Meymun ilinə verməyə hazırlaşır. "Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimlinin proqnozlarına görə növbəti astronomik il 2016-cı ilin 8 fevralında, Bakı vaxtilə axşam saat 18:40-da start götürəcək.
- Builki Meymunun rəngi hansıdır?
- Rəngi qırmızı, ünsürü od - Alovlu Qırmızı Meymun ili.
- Ümumiyyətlə, rənglərinin fərqi nədən ibarətdir?
- Astrologiyada rənglər hansısa elmi göstəriciyə əsaslanmır, minillik təcrübə və müşahidələrin nəticəsi kimi göstərilir. Zodiak illərində 6 rəng var ki, onların ən mürəkkəbi qara və qırmızıdır. Bu, bir növ iğtişaş və müharibələrə, qıtlığa işarə olunur.
- Yeni ilin əsas rəmzləri, simvolları barədə nə deyə bilərsiniz?
- İlin göy cismi Ay, aparıcı bürcləri Xərçəng və Buğa, illəri Meymun, Siçovul və Əjdaha, rəngi qırmızı, ağ və açıq-mavi, daş-qaşı zümrüd, rubin, Ay daşı, metalı isə gümüşdür.
- Meymun ilinin ümumi xarakteristikası necədir?
Yola saldığımız Keçi ili kimi yeni Meymun ili də oyunu, oyunbazlığı sevir. Düzdür, Keçinin ümumi hədəfi sağlam olsa da, ora aparan yolu ədalətsiz, gərgin, hiyləgərliklərlə dolu olur, güclü olan qalib gəlir - nə yolla olursa-olsun. Üstəlik, Keçi yaradıcılığı sevir, sevənlərə kömək edir, qorxaq və tərəddüd içində olan, riskdən qorxan adamları cəzalandırır. Meymunda isə hədəflər məlum deyil, hətta məlum olsa da, gizli saxlanılır. Onun oyun qaydaları üzdən mülayim, sadə görünsə də, əslində təhlükəli və amansızdır. Meymun xəyanətə meyillidir, münaqişə yaratmaq, yalanlarla idarə etmək, gözləmədiyin yerdən vurmaq onun peşəsidir.
- Əvvəlki meymun illərində hansı mühüm hadisələr baş verib?
- ABŞ öz istiqlaliyyətini elan edib, Şərqdə ilk dəfə olaraq Azərbaycanda səhnəyə opera qoyulub, XI Qırmızı Ordu Azərbaycana hücum edib və Azərbaycan Demokratik Cümhuriyyəti devrilib, Azərbaycanın ilk dövlət informasiya qurumu - Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) fəaliyyətə başlayıb, Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlayıb, Fətəli xan Xoyski Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib, Azərbaycan Yazıçılar və Rəssamlar İttifaqları yaradılıb, Azərbaycan televiziyası fəaliyyətə başlayıb, CNN yayıma başlayıb, Xocalı soyqırımı törədilib, Azərbaycan Respublikası BMT-yə və UNESCO-ya üzv qəbul olunub, Şuşa və Laçın işğal edilib, Azərbaycan Xalq Hərəkatının liderləri hakimiyyətə gəlib, qəbul imtahanlarına test üsulu tətbiq edilib, milli pul vahidi olan manat dövriyyəyə buraxılıb, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılıb, "Azərsu” Səhmdar Cəmiyyəti yaradılıb, Çeçenistanın Prezidenti Əhməd Kadırov terror nəticəsində həlak olub, Ukraynada "Narıncı inqilab” başlayıb, bütün dünyanı əhatə edən "Facebook” sosial şəbəkəsi fəaliyyətə başlayıb və s.
- Meymun ili hansı ildə və bürcdə doğulanlara düşərli olacaq?
- İlləri yuxarıda dedim. Bürclərə gəlincə, daha çox Su və Torpaq ünsürlülərin bəxti gətirəcək...
- Hər bir ilin aktiv ölkələri olur. Gələn il hansı ölkələrin aktiv olacağı gözlənilir?
- Avstraliya, Türkiyə, Azərbaycan, Şotlandiya, Hollandiya, Almaniya, İrlandiya, Polşa, İsveçrə, Suriya, Sakit okean adaları, İraq, İran, Əfqanıstan...
- Keçi ili heç də yaxşı hadisələrlə yadda qalmadı, müharibələr, siyasi aləmdə baş verən qalmaqallar və s. Bəs bu il necə qalmaqallı, yoxsa sakit keçəcək?
- Ötməkdə olan ildə dünyamiqyaslı çox suallar açıq qalıb ki, onlara tezliklə cavab tapmaq olmayacaq. Deməli, proseslər də dayanmayacaq.
- İl ərzində ölkəmizdə devalvasiya, bina yanğını, "Günəşli” yatağında faciə oldu. Bunun davamı olmayacaq ki? Ümumiyyətlə, Azərbaycana aid nə kimi proqnozlarınız var?
- Azərbaycan dünyanın bir parçasıdırsa, dünyada baş verənlər bizə də təsirsiz ötüşmür. Amma mövcud durumu təsvir etmək üçün astroloq olmağa ehtiyac yoxdur. Azərbaycanın 93 faizlik gəlirini təşkil edən neft sürətlə ucuzlaşmaqdadır. Ölkəmizə də ən böyük zərbə bundan gəlir. Üstəlik, obyektiv və subyektiv təsirlər də vəziyyəti gərginləşdirməkdədir. Əgər nəzərə alsaq ki, qonşularımız bizi o qədər də sevmir, demək həmişə təhdid, terror ehtimalı qalır.
- Yenə də hansısa yüksək vəzifəli məmurlar gedəcəkmi vəzifədən?
- Eldar Mahmudov kimi hay-küylü olmasa da, vəzifəsini itirən tanınmış məmurlar olacaq. Hətta onlardan ikisini "yerindənqopmaz” da adlandırmaq olar.
- Bəs, Dağlıq Qarabağ məsələsində bir irəliləyiş olacaqmı?
- Atəşkəssiz bir il olacaq, döyüşlərin həcmi böyüyəcək. Lakin hər hansı ərazilərin geri qaytarılması gündəmdə olmayacaq.
- İncəsənət sahəsində nə kimi yeniliklər gözlənilir?
- Meymun illəri səhnə, ekran, efir sahəsində çalışanlara bol enerji və şanslar verəcək.
Şəymən