“İndiki uşaqlar öz təfəkkürləri ilə bəzi böyüklərdən irəlidədir. Hərf tanımayan, üzündən oxumağı bacarmayan uşaqlar belə çox rahat şəkildə telefondan, kompüterdən istifadə edir”
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hesab edir ki, son dövrlər informasiya texnologiyalarının inkişafı ilə əlaqədar kitaba marağın azalmasına baxmayaraq, Azərbaycanda uşaq kitablarına xüsusi maraq var. Bu il nazirliyə uşaq kitablarının nəşr olunması üçün çoxlu müraciətlər olduğunu vurğulayan Ə.Qarayev deyib ki, bunu nəzərə alaraq, gələn il nəşr edəcəkləri kitablar sırasında uşaq ədəbiyyatına daha çox üstünlük veriləcək. Nazir deyib ki, uşaqlarımızın gələcəyini təmin etmək üçün onlarda kiçik yaşlarından kitaba marağı oyatmalıyıq. Azərbaycanda uşaq ədəbiyyatına maraq oyatmağın yolları ilə bağlı öz fikirlərini "Şərq”lə bölüşən ədəbi tənqidçi Əsəd Cahangirin sözlərinə görə, uşaq ədəbiyyatına marağın azalmasının bir çox səbəbləri var:
"Əsas səbəblərdən biri odur ki, biz 90-cı ildən sonra yeni siyasi, iqtisadi, sosial münasibətlər sisteminə daxil olduq. Bu isə o deməkdir ki, biz artıq qapalı sovet mədəniyyətinin daşıyıcıları deyilik, açıq dünya mədəniyyətinin nümayəndələriyik. Bizim ədəbiyyatımız da dünya mədəniyyətinin ölçülərinə uyğun olmalıdır. Bu günün uşağı 30 il bundan əvvəlki dövrün qapalı təfəkkürünün təsiri altında böyüyən sovet cocuğu deyil. Məhz bu səbəbdən də Azərbaycanın uşaq yazarlarının əsərləri uşaqlar üçün maraqlı deyil. Çünki bizim ədəbiyyatımız zamanın tələbi ilə ayaqlaşa bilmir. İndi internet erasıdır. Uşaqlar bütün günü televizor, kompüter arxasında oturur. Kitab oxumağa maraqları yoxdur”.
Ədəbiyyatın inkişafı üçün dövlət qayğısının mühüm şərt olduğunu vurğulayan Ə.Cahangir deyib ki, ədəbiyyatın təqdimatı yüksək səviyyədə keçirilməlidir: "Mövcud şəraitdə heç bir Azərbaycan yazıçısının, şairinin öz gücünə piar aparmaq imkanı yoxdur. Bunun üçün kifayət qədər maddi resurslar olmalıdır. Uşaqların tərbiyəsi, əxlaqında mütərəqqi rol oynaya biləcək seçmə əsərlərin müəllifləri televerilişlərə dəvət olunmalı, onların əsərlərinin televiziyalarda reklamı aparılmalıdır. Onların əsərləri əsasında bədii kompazisiyalar, teletamaşalar göstərilməli, kitabları dərc olunmalıdır. Hələ ki, dövlət tərəfindən belə addımlar atılmadığı üçün uşaq ədəbiyyatının inkişafı da kölgədə qalıb. Hörmətli nazirin açıqlamasının bu problemi aradan qaldırmaq məqsədi güdməsindən heç bir şübhəm yoxdur”.
Tənqidçinin sözlərinə görə, dövlət qayğısı ilə yanaşı, istedad, həvəs və fədakarlıq və uşaqlara qarşı sevgisinin olması da mühüm şərtdir. Uşaq ədəbiyyatı müəllifi üçün ən vacib tələblərdən biri onun müasir dünya ədəbiyyatına bələd olmasıdır: "Bəzən biz böyüklər uşaqların ağlını öz uşaqlığımızla ölçürük. Hansı ki, uşaqlara uşaq kimi baxmağın tərəfdarı deyiləm. İndiki uşaqlar öz təfəkkürləri ilə bəzi böyüklərdən irəlidədir. Hərf tanımayan, üzündən oxumağı bacarmayan uşaqlar belə çox rahat şəkildə telefondan, kompüterdən istifadə edir. Hesab edirəm ki, uşaq ədəbiyyatına töhfə vermək istəyən müəlliflər müasir dünya uşaq ədəbiyyatının nümunələrindən bəhrələnə bilərlər. "Harry Potter” kitabında müasir dövrün nəbzi tutulduğu üçün dünyada uşaq ədəbiyyatının ən məşhur nümunələrindən sayılır. Sovet dövründə bizim də uşaq ədəbiyyatı nümunələrimiz çox idi. Biz daha çox Abbas Səhhətin "Od tutub qırmızı atəşlə yenə yandı üfüq, Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq” şeirini sevərək oxuyurduq. Mirzə Ələkbər Sabirin "Gəl- gəl a yaz günləri, İlin əziz günləri”, "Ala-bula boz keçi, ay qoşa buynuz keçi” misralarını dönə-dönə əzbərləyirdik. Lakin mən azərbaycanlı uşağı olsam da, daha çox xarici müəlliflərin əsərlərini oxumağa üstünlük verirdim. Çünki mənim məktəb həyatımı, arzularımı, hisslərimi, problemlərimi ifadə edən azərbaycanlı müəllif yox idi. Mən Norveç yazıçısı Anne-Katrine Vestlinin "Ata, ana, nənə və səkkiz uşaq meşədə” kitabını bütün uşaqlıq dövründə oxumuşam. Bizim müəlliflərin əsərlərində uşaqlarda fərdi hisslərin, dostluq, sədaqət, fədakarlıq hisslərinin formalaşması, onların bir vətəndaş olaraq cəmiyyətdə şəxsiyyət kimi formalaşması və bu yolda rastlaşdıqları çətinliklərə qarşı dözüm, öz eqolarına üstün gəlmək kimi xüsusiyyətlər aşılanmır. Məqsədim uşaq ədəbiyyatı nümayəndələrinin zəhmətini yerə vurmaq deyil. Lakin bizdə ancaq uşaq şeirləri olub. Uşaqlar üçün tərbiyəvi əhəmiyyət kəsb edən nəsr əsərlərimiz olmayıb, heç indi də yoxdu. Bu mənada uşaqların həyatını özündə əks etdirən romana, povestə çox ciddi ehtiyacımız var. Bunun üçün də yuxarıda dediyim kimi, istedada, intellekt və bütün bunların fonunda uşaq ədəbiyyatına marağı artırmaq üçün yazarlara dövlətin maddi dəstəyi lazımdır”.
Şəymən