Abid Tahirli ilə sonralar dostluğa çevrilən tanışlığım 1990-cı illərin axırlarına təsadüf edir. O zaman o, namizədlik, mən isə doktorluq dissertasiyası üzərində çalışırdıq. Elə ilk günlərdən aramızda səmimiyyət körpüsü yarandı. Bu işdə Abidin xoş, işıqlı, saflıq dolu çöhrəsi, işgüzarlığı, ünsiyyətcilliyi ilə yanaşı, "Odlar Yurdu” qəzetindən tanıdığım imzasının vətəndaşlıq qayəsi ilə dolu bir ürək sahibinə məxsus olmasını dərhal bildirməsi də xüsusi rol oynadı.
"Odlar Yurdu” o zaman yazıçı Elçinin sədrliyi ilə fəaliyyət göstərən "Vətən Cəmiyyəti”nin mətbu orqanı idi. Ayda bir dəfə işıq üzü görən kiçikformatlı bu qəzetin hər nömrəsi əldən-ələ gəzirdi. Çünki, onun səhifələrində vətən təşnəli soydaşlarımızın nisgilləri, arzu və amalları haqda qəzetin həcminə uyğun yığcam, ancaq məzmun və mündəricə baxımdan tutumlu yazılar dərc edilirdi. Həmin materiallar Odlar Yurdu olan vətənimizin - Azərbaycanın keşməkeşli tarixi haqda oxucuya məlumat verir, milli tarixi yaddaşımızın imperiya siyasəti ilə yatırdılmağa çalışılan sinir kodlarını oyaq saxlamağa çalışır və bu işi çox gözəl bacarırdı. Eyni zamanda onun yaradıcı heyəti özünün gələcək fəaliyyət yolunu da müəyyənləşdirirdi; Abid Tahirli də həmçinin. Onun namizədlik (hazırda fəlsəfə doktoru) dissertasiyasının mövzusunun əsl vətən mücahidlərindən biri Ceyhun bəy Hacıbəylinin 1920-ci ilə qədərki həyat və yaradıcılıq yoluna həsr edilməsi də təsadüfi deyildi. Çünki, Odlar Yurdunun, Vətənin (Vətən cəmiyyətinin) sözün geniş mənasında əsl fədaisinə, vətəndaşlıq qayəsi ilə alışıb-yanan pasibanına çevrilən Abid Tahirli Azərbaycan Demokratik Cümhuriyyətinin ilk rəsmi mətbu orqanı olan "Azərbaycan” qəzetinin qurucularından və ilk redaktorlarından, Dövlət müstəqilliyimizin qalib dövlətlər tərəfindən tanınmasına nail olmaq üçün Paris (Versal) Sülh danışıqlarına göndərilən nümayəndə heyətinin tərkibində əsl vətənpərvərlik mücadiləsi aparmağa etibar edilən Ceyhun bəyin həyat və fəaliyyət yoluna laqeyd qala bilməzdi. O, Ceyhun bəyin həyat və fəaliyyət yolunu öyrənməklə əslində Azərbaycanın Dövlət müstəqilliyinə, onun əldə edilib möhkəmləndirilməsi, beynəlxalq ictimai fikirdə təsdiqinin necə fədakarlıqlar bahasına başa gəlməsinə, bu işin milli-tarixi müqəddəsliyinin müəyyən səhifələrinə işıq tutur, soydaşlarını bu qazanılmış nemətlərin qorunub saxlanması uğrunda daim sərvaxt olmağa səfərbər edirdi.
Abid elmi və publisistik, ictimai vətəndaşlıq fəaliyyətinin sonrakı mərhələsində də öz həyat amalına sadiq qaldı; Azərbaycanın Dövlət Müstəqilliyinin yenidən bərpası və onun bolşevik-rus işğalından azad edilməsi uğrunda son nəfəslərinə, sümükləri belə yanandək mübarizə aparan və hazırkı dövlət müstəqilliyimizdə xüsusi xidmətləri olan siyasi mühacirət irsini, onun publisistikasını və mətbu orqanlarının tarixini öyrənməyə həsr etdi. Bu problemə həsr etdiyi elmi-tədqiqat işini - doktorluq dissertasiyasını uğurla müdafiə etdi. Həmin əsərə Birdəfəlik Dissertasiya Şurasının üzvlərindən biri kimi, mən də ürəklə səs verdim. Əslində o səsləri Abid özü qazanmış, özünün ictimai yaradıcılıq fəallığı ilə geniş ictimai fikri həm humanitar elmimizin, həm də milli dövlətçiliyimizin xeyrinə səfərbər etmişdi.
Abidin bir-birinin ardınca çap etdirdiyi "Azərbaycan mühacirəti” (2001), "Azərbaycan mühacirət mətbuatı” (iki hissədə, 2002 və 2003), "Sözlə yaradanlar, sözü yaşadanlar” (2001), "Deyilən söz yadigardır” (2003), "Azərbaycan mühacirət mətbuatında publisistika...” (2005) və s. kitab və monoqrafiyalarda mühacir mücahidlərin Azərbaycanın Dövlət müstəqilliyinin yenidən bərpası uğrunda qatlaşdıqları məhrumiyyətlər, sarsılmaz inamla apardıqları mübarizənin bir çox mühüm məqamları işıqlandırılmaqla qalmayıb, "İdrak işığında” (2010), "Fırtınalar qoynunda” (2006), "İlyas Əfəndiyevin publisistikası” (2005) və b. kitablarda toplanan məqalə və araşdırmalar ölkə daxilindəki sosial-siyasi, ictimai mədəni və mənəvi-əxlaqi problemlər elmi-nəzəri təhlil süzgəcindən keçirilmişdir. İsmayıl bəy Qaspıralıya həsr etdiyi "Bütün türklərin tərcümanı” (2013; 2014) monoqrafiyasında bütün türk dünyasının, türksoylu xalqların milli-siyasi, sosial-mədəni birliyi ideyasının ictimai fəaliyyət düşüncəsində meydana gəlməsi və inkişaf mərhələləri, qabarma və çəkilmə prosesləri araşdırılmışdır. Bununla A.Tahirli təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının da pasibanı olmaq missiyasını daşımağa hazır və qadir olduğunu nümayiş etdirmişdir.
2013-cü ildə qədim dövrdən 1930-cu illərədək uzun bir dövrü əhatə edən "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi oçerki” adlı kitabın çapdan çıxandan az sonra A.Tahirlinin internetdə yayılan məqaləsində həmin kitabda İsmayıl bəy Qutqaşınlıya çox az yer verildiyinə etirazla yanaşı, tanınmış yazıçı (İ.Qutqaşınlı) haqqında geniş məlumat vermək də lazım bilinmişdi. Qəbələnin Nohurqışlaq kənd orta məktəbinin tarixinə həsr etdiyi "Məktəb: tariximiz, taleyimiz” (2013) kitabı həmin etirazı və yazını sanki tamamladı. Bütün bunlar Abidin məhəlli düşüncəli olmasına yox, yurd sevgisi, torpağa bağlılıq duyğusunun nəhayətsizliyinə dəlalət edir. Çünki yurda, torpağa bağlı olmayan adamda vətən və millət sevgisi, vətənə xidmət amalı ola bilməz. Abid Tahirlidə isə bütün bu mənəvi-əxlaqi keyfiyyətlərin hamısı lazımi səviyyədə cəmləşmişdir. Ceyhun bəyin həyat və fəaliyyət yolunu bütövlükdə araşdırmağa davam etməsi də Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətinin Türkiyə dövrünə dair yeni materialların tədqiqatçı alim həmkarı və dostu Mehdi İsmayılovla birgə üzə çıxarıb oxuculara təqdim etməsi və s. Abidin vətəndaş alim narahatlığından, tədqiqatçılıq əzmindən, həqiqət axtarışından irəli gəlir.
Abid Tahirli dostların, doğmaların və tanışların hər hansı problemlə qarşılaşdığını biləndə onun imdadına çatmağa çalışır... O, aramızda nə vaxtsa baş verən elmi polemikaya da sağlam mövqedən yanaşmağı bacarır. Belə məqamlarda yol verdiyi cırnamalar ötəri olur və Abidin çöhrəsində sanki səhər şəfəqləri görünür. Bütün bunlar onun daxili zənginliyindən, intellektinin kamilliyindən xəbər verir. Bu cür insanlar üzərlərinə düşən hər hansı missiyanı axıra çatdıra bilirlər...
Alxan Bayramoğlu,
Filologiya elmləri doktoru, professor