Dünən yazıçı Varisin Moskvada, nüfuzlu "Sovremenniki i klassiki” seriyasından çap edilən "Yanvarın 13 günü” kitabının təqdimat mərasimi keçirilib. Kitab yeni ilin ilk 13 günündə yazıçının fəlsəfi düşüncələrini əhatə edir, hər günün sonunda da yazıçı oxucularına bir hekayə təqdim edir. Əsərin qəhrəmanı cəmiyyətdə daim öz yerini axtaran, özünü özünə tanıtmaq yolunda daim əziyyət çəkən, Xeyir və Şər arasındakı əbədi mübarizədə gah qazanan, gah da itirən İnsandır.
Formasına görə əsər yazıçının gündəliyini xatırladır ki, orada da o həyatın mənası, xoşbəxtlik, insan taleləri, sevgi barədə düşüncələrini qeyd edir. Kitabın adında yazıçının təsvir etdiyi zaman yer alır, nəqletmədə isə onun fəlsəfi fikirləri sıralanır.
Bu fəlsəfi fikirlərin bir çoxu, aforizm səviyyəsindədir. Əsərdə Azərbaycanın tolerantlığına, xalqımızın mənəvi zənginliyinə, Qarabağ mövzusuna da yer ayrılıb.
Varisin uğurlarının bir azərbaycanlı olaraq onu da çox sevindirdiyini vurğulayan jurnalist Sənan Şəfizadə deyib ki, Varisin çox gözəl qələmi var və o, Azərbaycanı xaricdə layiqincə təmsil edən yazıçılarımızdandır: "Varisin qələminə məxsus əsərlər ölkəmizdə və Azərbaycandan kənarda hər zaman yüksək qiymətləndirilib. Eyni zamanda, satış rekordları qırıb. Mövcud şəraitdə oxucu diqqətini cəlb etmək və gündəmdə qalmağı bacarmaq asan məsələ deyil. Ancaq Varisin bu istiqamətdə heç bir çətinliyi olmayıb. "Kitab oxumaq vaxtı yetişdi” aksiyasını da ilk dəfə Varis edib və onun bütün kitablarının üzərində bu qeyd öz əksini tapıb.
Adətən imza günləri keçirərək romanlarını oxuculara təqdim etdiyini vurğulayan Varis ilk dəfə olaraq media üçün təqdimat keçirdiyini deyib: "Yanvarın 13 günü” digər kitablarımdan bir qədər fərqli olduğu üçün ölkə mediasının qarşısına keçib, roman haqqında ətraflı izah verməyi lazım bildim. Hər zaman əsərlərimdə Azərbaycan həqiqətlərinə yer verərək onları dünya ictimaiyyətinə çatdırmağa çalışmışam. "Son məktub” romanımda Xocalı faciəsindən, "Metamarfoz” romanımda isə Milli Qəhrəman Mübariz İbrahimovun igidliyindən söz açmışam.
"Yanvarın 13 günü” kitabında 18-ci əsrdə sufizm poeziyasının tanınmış nümayəndəsi olan Seyid Nigar Qarabağinin adı çəkilib. Dünya səviyyəli mütəfəkkirin adının Azərbaycanla bir yerdə çəkilməsi ermənilərin Qarabağın onların olması iddiasına böyük zərbədir. Eyni zamanda, mən bu əsərdə qəhrəman obrazı kimi İlham Zəkiyev obrazına önəm vermişəm. Erməni snayperi onu dünya işığından məhrum etsə də, o, öz gücünü idman sahəsində sınayır.
Həmçinin əsərdə mübahisə doğuran bir məqam vardı ki, həmin hissəyə görə mənə irad tutdular ki, Ermənistana qarşı torpaq iddiası qaldırmısan. Buna səbəb odur ki, mən kitabda "İrəvanda xal qalmadı” mahnısından bir bənd verib, qeyd etmişəm ki, sərhədlər zorən dəyişdirilsə də, mahnıların sözlərini dəyişdirməyə heç kəsin gücü çatmır. Amma mənə qarşı qaldırılan iddiaların heç bir önəmi yoxdur. Əsas odur ki, "Yanvarın 13 günü” kitabında mən qarşıya qoyduğum missiyama nail olmuşam. Yazıçılıq təcrübəmdə bir şeyi müşahidə etmişəm ki, hansısa bir yazar öz xalqının, dövlətinin problemlərini əks etdirən kitaba toxunduğu mövzunun adını verəndə dünya ictimaiyyəti bu hadisələrə biganə qalır, reaksiya vermirlər. Əgər mən kitablarımı "Xocalı”, "20 Yanvar” adlandırsaydım, dünyada maraq doğurmayacaqdı. Bilirlər ki, zərərçəkən tərəfin verdiyi informasiyalar həmişə əks tərəfin əleyhinə olur. Amma həmin mövzuları özündə əks etdirən əsərlərə tamamilə fərqli adlar verəndə həm kitab oxunaqlı olur, həm də yazar təmsil etdiyi xalqın səsini dünyaya çatdırır. Əfqan yazıçısı Xalid Hüseyni "Çərpələng uçuran” əsəri ilə Əfqanıstan bəlalarını dünyaya çatdırmaqla uzun müddət Əfqanıstana qarşı olan imperialist baxışların dəyişməsinə müvəffəq oldu. Ədəbiyyat böyük silahdır. Tarixi faktların bədii formada oxuculara çatdırılması daha böyük effekt verir. Mən hətta "Əzilmiş fotoşəkillər” romanımda Sumqayıt hadisələrinə də işıq salaraq, bu hadisəni təşkil edənlərin adını qeyd etmişəm. Bu kitabı oxuyan hər kəs biləcək ki, Sumqayıt hadisələri azərbaycanlıların ermənilərə qarşı soyqırımı yox, sosializmi dağıtmaq üçün dünya qüvvələrinin təşkil etdiyi bir oyun olub. Orada yəhudilərin ermənilər tərəfindən öldürülməsi faktını da açığa çıxarmışam”.
Daha sonra Varisin "Sənə İnanıram” romanının ssenarisi əsasında ekranlaşdırılan eyni adlı serialda baş qəhrəman "Həmid” obrazını canlandıran Ruslan Sabirli də öz çıxışında bir yazıçı kimi Varisin çox yüksək keyfiyyətlərə sahib olduğunu deyib. Tədbir iştirakçıların müzakirəsi ilə davam etdirilib.
Şəymən