Moskvada Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Seyran Ohanyan arasında ikitərəfli görüş baş tutub. Məlumata görə, görüşdə tərəflər hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqqında müqavilə imzalayıblar.
Bundan başqa, danışıqlar zamanı Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi-texniki yardım məsələsi də müzakirə olunub.
Nazirlərin görüşü və məlum müqaviləni "Şərq”ə şərh edən politoloq Elxan Mehdiyevin sözlərinə görə, Moskva istəyir ki, bütün MDB ölkələrinin hava hücumundan müdafiə sistemi onun əlində olsun: "Əlbəttə, bu, Moskvaya böyük fürsətlər verir. Baxın, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Ona görə də separatçı ölkə bu işlərə gedir. Gürcüstan isə əksinə, NATO üzvlüyünə getmək istəyir. Azərbaycan gəlincə, həmin məsələ hələ ki, gündəmdə deyil. Ermənistan tərəfi Kremlin təkliflərini çox həvəslə və məmnuniyyətlə qəbul edir. Ona görə ki, Ermənistanın hava məkanının qorunmasını Rusiya üzərinə götürür. Bu da o deməkdir ki, gələcəkdə Azərbaycan hərbi əməliyyata əl atarsa, düşmən ölkənin hava məkanını Kreml qoruyacaq. Bir sözlə məlum addım həm Ermənistan, həm də Rusiyanın maraqlarına çox uyğundur”.
Ayyət Əhməd