Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Bu ucuzlaşmanın neft istehsalçısı olan ölkələrin, o cümlədən, Azərbaycanın gəlirlərinə vurduğu zərbə artıq milyardlarla dollar həcmində hesablanır.
Ekspertlər neftin qiymətinin hansı həddə qədər ucuzlaşacağını dəqiq bilməsə də, ciddi bir artım olacağını da zənn etmirlər. Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban neftin ucuzlaşmasının hansı müddətə qədər davam edəcəyinin qeyri-müəyyən olduğunu deyib. Onun sözlərinə görə, elə bu gün (dünən) Şotlandiyanın ən böyük, Böyük Britaniyanın isə ikinci böyük bankı olan "Royal Bank of Scotland” çox maraqlı bir proqnoz açıqlayıb: "Onlar 2016-cı ildə neftin qiymətinin 16 dollara düşəcəyini ehtimal edirlər. Bankın məlumatına görə, gələn il dünya iqtisadiyyatı üçün verilən proqnozlar özünü doğrultmayacaq. Dünya iqtisadiyyatı çökəcək və OPEC ölkələri arasında bazarda öz mövqelərini qorumaq və daha çox neft istehsal edib, bazara çıxarmaq uğrunda mübarizə başlayacaq. Neftin tələb-təklifi üstələməsi və bazara daha çox neft çıxarılması nəticəsində neftin qiyməti 1998-ci il səviyyəsinə düşəcək”.
- Yaxın 2-3 il ərzində neftin qiyməti əvvəlki həddə çatmasa belə, müəyyən qədər bahalaşma ehtimalı varmı?
- İri neft şirkətləri 2014-cü ildən üzü bu yana neftin qiymətinin bahalaşmayacağına dair proqnozlar verirdilər. İndi isə artıq konkret şəkildə 2017-ci ilin sonuna qədər neftin bahalaşmayacağını bəyan edirlər. İki gün öncə BP şirkəti özünün kapital və əməliyyat xərclərinin azalmasını rəsmən elan edib. Digər neft şirkətləri, o cümlədən də Azərbaycan Dövlət Neft Şirkəti də 2016-cı il özünün xərclərinin optimallaşdırılması ilə bağlı rəsmi mövqeyini ortaya qoyub. Əgər neft hasil edən şirkətlər belə bir açıqlamalar yayırsa, ekspertlərin proqnozlarına niyə inanmayaq?
- Hökumət gələn ilin dövlət büdcəsi üçün neftin bir barelini 50 dollardan hesablayıb. Neftin qiymətinin 30 dollardan aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün nə vəd edir?
- Neftin qiymətinin 50 dollar civarında götürülməsi büdcə kəsirlərini artıracaq. Cari il üçün hökumət neftin qiymətini 90 dollardan hesablamışdı. Hansı ki, il ərzində neftin orta qiyməti 50 dollardan bir qədər yuxarı oldu. Azərbaycan dövlət büdcəsini Milli Məclisdə müzakirəyə çıxarıb, rəsmi dəyişikliklər etmədi ki? Əvəzində büdcədə nəzərdə tutulan xərcləri azaltdı. 2016-cı ildə də buna bənzər hadisələr yaşanacaq.
- Mətbuatda dizelin qiymətinin 8 qəpik bahalaşması ilə bağlı xəbərlər öz əksini tapıb. Sizcə, bu artım manatın devalvasiyası ilə adekvatdırmı?
- İqtisadiyyatı xammala bağlı olan neft ölkələrinin hər birində milli valyutanın məzənnəsi aşağı düşüb. Sözün açığı, kifayət qədər rezervləri olmayan ölkələrdə bu cür artımlar tez-tez müşahidə olunacaq. Neftin ucuzlaşması davam etdiyi müddətdə milli valyutamız da ona uyğun öz kursunu davam etdirəcək. Bu isə bir çox sahələrdə qiymət artımına yol açacaq.
- Bəs benzinin qiymətində hansısa dəyişikliklər gözləniləndirmi?
- Adətən neft ucuzlaşdıqca, neft ixracatından asılı olan ölkələrin daxili bazarlarında neft məhsullarının da qiyməti artır. Ancaq Azərbaycanda neft məhsullarının qiyməti bazar qanunları ilə yox, dövlət tərəfindən tənzimlənir. Dövlət isə həmin qiymətləri ölkədəki sosial-iqtisadi vəziyyətdən çıxış edərək tənzimləyir. Bu baxımdan Azərbaycanda benzinin qiymətinin artıb, yaxud da azalacağı ilə bağlı konkret fikir bildirmək mümkün deyil. Rusiyada gələn il üçün neft məhsullarının bahalaşmasını proqnoz ediblər. Çünki ölkə büdcəsinin doldurulmasında neft məhsullarının kifayət qədər rolu var.
- Cəmiyyətdə ictimai nəqliyyatda gediş haqlarının artacağı ilə bağlı bir təşviş yaranıb. Buna zəmin varmı?
- Yanacağın qiymətində heç bir artım olmayıbsa, gediş haqlarının artması da mümkün deyil. Cəmiyyətin bu narahatlığında məntiq yoxdur.
Şəymən