“Başına gətirilən işləri, əməlləri cəmiyyətlə bölüşmək hər kəsin haqqıdır. Bunu panika kimi təqdim etmək doğru deyil”
Azərbaycanın bəzi bank rəhbərləri bir araya gələrək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Məlumata görə, müraciətdə onlar son günlər edilən bir sıra çağırışlardan narahat olduqlarını bildiriblər.
Müraciətdə deyilir ki, bəzi şəxslər dələduzluqla məşğul olaraq, sosial şəbəkələrdə, xüsusilə də vatsapda ölkənin bir sıra aparıcı bankları haqqında anti-təbliğat çağırışlar yayırlar: "Bu məsələnin araşdırılması üçün bir sıra kommersiya banklarının rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Ən qısa müddətdə bu dələduzluqla məşğul olan şəxs və ya şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək, qanunvericilik çərçivəsində tədbirlər görülməsi xahiş edilib. Kommersiya banklarının rəhbərləri bu dələduzluq əməllərini mövcud vəziyyətdən sui-istifadə edərək siyasi-iqtisadi stabilliyi pozmağa, bank müştəriləri arasında məqsədli şəkildə təşviş yaratmağa yönəlmiş addımlar hesab edərək, bu əməlləri qəti şəkildə pislədiklərini qeyd ediblər”.
Vəziyyəti şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli "Şərq”ə deyib ki, məsələləri qarışdırmaq olmaz: "Doğrudur, banklar haqda əsassız yerə panika yayan insanlar haqqında müəyyən xəbərdaredici tədbirlər görülməlidir. Söhbət həbsdən getmir. Yəni ən azı xəbərdarlıq olmalıdır ki, əsassız yerə şayiələr yayıb, panika yaratmasınlar. Digər yandan hansısa bir şəxs banka müraciət edib, öz vəsaitini geri almaq istəyirsə və bank onun əmanətini qaytarmırsa, əmanətçi bu haqda sosial şəbəkədə status paylaşırsa, o adam həqiqəti söyləmiş olur. Burada hansısa panikadan söhbət belə gedə bilməz. Başına gətirilən işləri, əməlləri cəmiyyətlə bölüşmək hər kəsin haqqıdır. Bunu panika kimi təqdim etmək doğru deyil”.
Ekspert diqqətə çatdırıb ki, hazırda bank sektoru üçün ən ağır dönəm başlayıb: "Yalan və əsassız şayiələr isə bu sahədəki durumu daha da dərinləşdirə bilər. Bu baxımdan həqiqəti əks etdirməyən çağırışlar edən insanlara xəbərdarlıq edilməlidir. Amma öz başına gələn hadisələri sosial şəbəkələrdə paylaşanları kimsə qınaya bilməz. Həmin şəxsin təqib olunması mənasız olardı. Gərək banklar yaxşı xidmət göstərsinlər ki, əhali şayiələrə inanmasın. Bu işdə bankların da üzərinə böyük məsuliyyət düşür”.
Ayyət Əhməd