Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan açıqlama verərək cəbhə xəttində atəşkəs rejiminin başa çatdığını bəyan edib. O deyib ki, artıq Azərbaycanla atəşkəs bitib, bölgədə açıq müharibə gedir. Ancaq bir sıra ekspertlər Ermənistan tərəfinin iddialarının əsassız olduğunu deyirlər.
Onların fikrincə, düşmən cəbhə xəttində baş verən itkiləri gizlətmək məqsədi ilə bu cür bəyanatlar səsləndirir. Məlumdur ki, atəşkəsin bitib-bitməməsini Ovanisyan və digərləri həll etmir. Cinayətkar Sarkisyan hakimiyyəti cəbhədəki gərginlikdən diqqəti yayındırmaq üçün min oyundan çıxırlar. Sırf bu məqsədlə cəbhə bölgəsində müxtəlif təxribatlar törətməyə cəhd edirlər. Çox güman ki, ermənilər son vaxtlar aldıqları zərbələrin təsirindən belə sərsəm fikirlər səsləndirirlər. Lakin buna baxmayaraq, erməni tərəfinin müharibə anonsunu ciddiyə alan politoloqlar da az deyil. Məlumat üçün deyək ki, 4 bəndlik "Bişkek protokolu”nda münaqişə bölgəsinə hərbi müşahidəçilərin cəlb olunması nəzərdə tutulur. Tərəflər sülhməramlı qüvvələrin yerləşdirilməsindən imtina edirlər. Artıq 21 ildir Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində sülhməramlı kontingent yoxdur. Tərəflər atəşkəsi heç bir vasitəçi olmadan qoruyurlar. Amma hamıya məlumdur ki, atəşkəs rejiminin pozulmasında və insan itkilərində bütün günah erməni silahlı güclərindədir.
"Nə qədər ki, ərazilərimiz işğal altındadır, müharibə davam edəcək”
Azərbaycanın Müdafiə Nazirliyi düşmənin müharibə ilə bağlı hədələrini cavablandırıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Azərbaycan ordusunun sərəncamındakı silahlardan istifadə olunsa, ermənilərin itkisi onların ağlına gəlməyəcək qədər çox olacaq: "Ermənistan Ordusu nə qədər atəşkəsi pozmağa davam edəcəksə, yaşayış məntəqələrimizi, dinc sakinləri atəşə tutacaqsa, onlara daha çox və iriçaplı üstün silahlarla cavab zərbələri endiriləcək. Silahlı Qüvvələrimizin sərəncamındakı silahların dağıdıcı gücü, tətbiq dərinliyi, dəqiqliyi düşməndən dəfələrlə artıqdır. Erməni tərəfi də bunu yaxşı bilir”. Nazirlik sözçüsü erməni tərəfinin heç də yeni bir söz demədiyini vurğuladı: "Onsuz da biz heç vaxt deməmişdik ki, müharibə qurtarıb. Nə qədər ki, ərazilərimiz işğal altındadır, müharibə davam edəcək. Biz qarşı tərəfdə dinc əhaliyə maksimum şəkildə toxunmamağa çalışırıq. Hətta, xatırlatmaq yerinə düşər ki, bir neçə ay əvvəl ermənilərin işğal etdikləri Ağdərə ərazisindəki Talış və Madagis kəndlərinin sakinləri xarici KİV-ə müsahibələrində özləri də etiraf etmişdilər ki, Azərbaycan Ordusu istəsə, bizi vura bilər. Amma bunu etmir. Sadə ermənilər Ermənistandakı cinayətkar hərbi rejimin uydurduğu yalanları bu açıqlamaları ilə ifşa etdilər”.
"Ovanisyanın bəyanatı məsuliyyətsiz və əndazəyə sığmayan sözlərdir”
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin ötən gün yerli KİV-lərdə yayılan və guya, Azərbaycan Silahlı Qüvvələrinin il ərzində cəbhədə 215 əsgər itirməsi açıqlamasına da toxunan V.Dərgahlı bunu Ovanisyanın "yuxusu” adlandırıb: "Ovanisyanın bu bəyanatı öz müdafiə nazirinin hərəkətləri qədər çox məsuliyyətsiz, heç bir əndazəyə sığmayan sözlərdir. Onlar öz sayıqlamalarını mətbuat vasitəsi ilə ictimaiyyətə sırımaqda, itkilərini gizlətməkdə ustadırlar. Bu sahədə böyük təcrübələri var. Bizdə olan məlumata görə, Ermənistan tərəfi öz itkilərinin sayını gizlədir. İtkiləri o qədər çoxdur ki, onları açıqlamaqdan çəkinirlər. Odur ki, Azərbaycan tərəfinin itkiləri barədə şişirdilmiş, yalan, təxribat dolu xəbərlər yaymaqla erməni ictimaiyyətini qismən də olsa sakitləşdirmək istəyirlər.
Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki hər bir şəhid, yaralanan hərbçi barədə informasiyanı mütəmadi olaraq ictimaiyyətə açıqlayır. Şəhidimizin qanı isə artıqlaması ilə alınır. Azərbaycan ictimaiyyəti əmin olmalıdır ki, torpaqlarımız işğaldan azad edilənədək ordumuz düşmənə qarşı tədbirlərini davam etdirəcək. İşğal altında olduğu hər gün Azərbaycan torpaqlarından Ermənistana əsgər tabutları gedəcək”.
"Erməni qoşunları Azərbaycan ərazisində nə qələt edir?”
Millət vəkili Rasim Musabəyov da bildirib ki, Ermənistanın "atəşkəs bitdi, müharibə başlayır” hədəsi sadəcə boş-boş sözlərdir. Onun sözlərinə görə, rəsmi İrəvan indiyədək bu cür provokasyan üsullara əl atıb: "Ermənistan tərəfinin dedikləri fikirlər reallığa söykənmir. Axı erməni qoşunları Azərbaycan ərazisində nə qələt edirlər? Zəhmət çəksinlər, qoşunlarını ərazilərimizdən çıxarsınlar. Vaxtilə Azərbaycanla Ermənistan arasında atəşkəs müvəqqəti elan olundu. Həmin atəşkəsin arxasınca iki ay müddətində müqavilə bağlanmalı idi və bununla da ermənilər öz işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çəkməliydi. Lakin həmin proses bu vaxta kimi həll olunmadı”.
"Bişkek protokolu” tərəfləri nəyəsə məcbur etmir”
Hərbi ekspert Rəşad Süleymanov vurğulayıb ki, atəşkəs formal olaraq 21 ildir kağız üzərində mövcuddur: "Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik, hüquqi öhdəliklər qoymadığına görə, bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Bir sözlə, həmin protokol tərəfləri məcbur etmir. Sadəcə tərəflər atəşkəs üçün razılığa gəliblər. "Bişkek protokolu”na görə tərəflərdən yalnız biri atəşkəsə əməl etməyəcəyini bəyan edərsə, sənəddəki müddəalar qüvvədən düşmüş sayılır. Ötən ilin avqust ayından cəbhədə artilleriyadan istifadə olunur. Ancaq atəşkəsin tənzimlənməsinə dair sənədin mövcudluğu indiki şəraitdə faktiki olaraq yalnız nəzəri mülahizələri özündə birləşdirir”.
"Ovanisyanın "müharibə başladı” bəyanatı ciddi qarşılanmalıdır”
Siyasi ekspert Qabil Hüseynli isə tamam fərqli düşünür. O hesab edir ki, erməni rəsmisinin müharibə bəyanatı ciddiyə alınmalıdır: "Ermənistan atəşkəs rejiminin bitdiyini elan etməklə, faktiki olaraq Azərbaycana müharibə elan edib. Görünür, İrəvan rəhbərliyi Rusiyadan, o cümlədən də Kollektiv Təhlükəsizlik Şurasından hansısa təminatlar alıb. Erməni müdafiə nazirinin "müharibə başladı” bəyanatı olduqca ciddi qarşılanmalı və Azərbaycan tərəfi məsələni qabartmalıdır. Ermənistanın bu hərəkətləri Azərbaycanı qorxutmaq, təsir etmək, həm də danışıqlar prosesini tamamilə pozmaq xarakteri daşıyır. Vəziyyət xoşagəlməzdir. Azərbaycan tərəfi atəşkəs rejiminə ciddi riayət olunması üçün beynəlxalq təşkilatlara məruzə etməlidir”.
"Regionda irimiqyaslı müharibə başlana bilər”
Politoloq Elşad Mirbəşiroğlu da bildirib ki, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq-norma və prinsipləri çərçivəsində ədalətli həllinin tərəfdarı olsa da, müharibənin baş verməsi istisna edilmir: "Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladıqca və beynəlxalq ictimaiyyət də buna susqunluqla yanaşdıqca, müharibənin baş vermə ehtimalı böyükdür. Prezident İlham Əliyevin də dediyi kimi, "Biz nəticəsiz danışıqları sonsuzluğa qədər aparmaq fikrində deyilik”. Bu sərt və prinsipial mövqe qarşı tərəf və ATƏT-in Minsk Qrupunun həmsədrləri üçün çox ciddi qəbul olunur. Regionda irimiqyaslı müharibə başlana bilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistandan konstruktiv mövqe sərgiləməyi tələb etməlidir. Prezidentlərin Bern görüşündə isə biz bir daha nə Ermənistanın, nə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin buna hazır olmadıqlarını gördük. Məncə, Ermənistan Müdafiə Nazirliyi sözçüsünün səsləndirdiyi fikirlər beynəlxalq aləmin diqqətini çaşdırmağa yönəlib. Atəşkəsi dəfələrlə pozan Ermənistana dəfələrlə xəbərdarlıq edilib ki, bunun cavabı ağır olacaq. Bu gün cəbhədə baş verən gərginliyə görə, Ermənistan məsuliyyət daşıyır. Onlar Azərbaycanla müharibəyə cəsarət etməz”.
İsmayıl