" Nəzəri bilikləri mükəmməl olsa belə, universiteti təzəcə bitirmiş tələbənin 40-45 yaşlı adama məsləhətlər verməsi effektsizdir"
Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrində vakant psixoloq vəzifələrinə qəbul elan edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, işə qəbul həmin müəssisələrdə müvafiq komissiya tərəfindən müsabiqə yolu ilə həyata keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər elan verildiyi gündən etibarən 30 gün ərzində işə qəbul komissiyasına müraciət edərək lazımi sənədləri təqdim etməlidirlər.
Psixoloq Dəyanət Rzayev isə deyib ki, psixoloqların əksəriyyətinin hazırlıq səviyyəsi tibb müəssisələrində işləmək üçün qənaətbəxş deyil. Əslində dövlət müəssisələrində də belə bir addımın atılması müsbət haldır. Amma psixologiya ilə psixoterapiya fərqli anlayışlar olduğu üçün onları qarışdırmamaq lazımdır: "Xəstələrin psixi durumunun müalicəsi psixiatrların işidir. Psixoloq isə insanların psixoloji durumu və davranış problemlərini müəyyən edir. Prinsip etibarı ilə bu elan təqdirəlayiqdir. Amma indiki reallıqda psixoloqların tibb müəssisələrində fəaliyyət hazırlığı şübhə altındadır. Bunun üçün ixtisaslı psixoloqlar hazırlanmalıdır. Çünki ümumi psixoloqun işi araşdırmalar, elmi tədqiqatlar aparmaqdır. Birbaşa insanlarla psixoterapevtlər işləməlidir. Azərbaycanda isə belə kadrlar demək olar ki, yoxdur”.
Psixologiyanın bir çox sahələri olduğunu vurğulayan ekspert deyib ki, tibb müəssisələrində daha çox klinik psixoloqlar fəaliyyət göstərir: "Hansı ki, klinik psixologiyanın özünün bir çox vəzifələri var. Klinik psixoloqlar peşəkar fəaliyyətlərində iş metodu kimi psixoloji məsləhətlərdən geniş istifadə etməlidirlər. Buraya müxtəlif konsultasiyalar, məsələn, xroniki xəstəliklərdən əziyyət çəkən somatik xəstələrin konsultasiyası və ya cərrahiyyə əməliyyatlarından əvvəl xəstələrə verilən məsləhət və tövsiyələr aiddir.
Klinik psixoloqlar pedaqoji-psixologiya üzrə müxtəlif seminar və treninqlərdə iştirak edir, interaktiv təlim metodlarını öyrənirlər. Klinik psixoloqlar tibbi etika məsələləri üzrə mütəxəssis qismində çıxış edirlər. Pasiyentlərin diskriminasiyası hallarına yol verilməməsi, onların hüquqlarının qorunması, cəmiyyətə inteqrasiyası məsələləri klinik psixoloqun daim diqqət mərkəzində olmalıdır. Klinik psixoloqların həm ambulatoriyada, həm də stasionarlarda işləyə bilərlər”.
D.Rzayevin sözlərinə görə, tibb müəssisələrində hansı psixoloqların fəaliyyət göstərəcəyi ilə bağlı əlavələr edilməli və prinsiplər müəyyənləşdirilməlidir: "Müəllim psixoloqun vəzifəsi məktəbdə işləməkdir. Onların tibb müəssisələrində fəaliyyət göstərməsi heç bir effekt verməyəcək. Bunun üçün savaddan əlavə təcrübə də olmalıdır. Mənə elə gəlir ki, tibb müəssisələrində fəaliyyət göstərəcək psixoloqlar üçün xüsusi təlimlər keçirilməlidir. Azərbaycan Pedaqoji Universitetinin Psixologiya fakültəsini qurtaran 20 yaşlı gənclər psixoloq olduqlarını iddia edir. Belə gəncləri birbaşa işçi kimi tibb müəssisələrinə qəbul etmək doğru deyil. Onlar öncədən hazırlıq keçməli, təcrübə toplamalıdır. Çünki cavan, təcrübəsiz psixoloqları insanlar da ciddi qəbul eləmir. Nəzəri bilikləri mükəmməl olsa belə, universiteti təzəcə bitirmiş tələbənin 40-45 yaşlı adama məsləhətlər verməsi effekt vermir. Konsultasiyanın effektiv olması üçün psixoloqun müəyyən qədər həyat təcrübəsi olmalıdır. Eyni zamanda, psixoloqların özünəməxsus xarizması da olmalıdır”. Psixoloq deyib ki, klinik psixologiya üzrə magistraturanı bitirən tələbələrin tibb müəssisələrinə cəlb olunması daha məqsədəuyğundur. Çünki adi psixoloqlardan fərqli olaraq bu sahədə onlar nisbətən hazırlıqlı kadr hesab olunur: "Müsabiqədə iştirak etmək istəyən namizədlər üçün hansı standartlar qoyulacaq. Məsələnin kökü bundan ibarətdir. İndi hamı özünə psixoloqam deyir. 3-cü kursda oxuyan tələbə də televiziyaya çıxıb camaata psixologiyadan dərs keçir. Fırıldaqçıları, narkomanları, dələduzları efir vasitəsilə cəmiyyətə psixoloq kimi sırıyırlar. Hansı ki, onların heç birinin psixoloji biliyi və təcrübəsi yoxdur. Onlar sadəcə psixologiyanı gözdən salmaqla məşğuldur”.
D.Rzayevin sözlərinə görə, müsbət rəy qazanan mütəxəssislərin Psixi Sağlamlıq Mərkəzinə bir aylıq iş təcrübəsinə göndərilməsi müsbət haldır: "Həmin müəssisədə kifayət qədər peşəkarlar çalışır. Amma bu, bir- iki ayla həll olunmalı məsələ deyil. Dünyəvi standartlara görə, psixoloq 950 saat dərs keçməlidir. 650 saat nəzəriyyə və praktikadır. 200 saat isə mütəxəssislərin nəzarəti ilə konsultasiya etməlidir. 100 saat da şəxsi terapiya müddətidir. Bu müddətdə psixoloq olmağa namizəd peşəkarlara müraciət edərək öz problemlərindən danışmalıdır. Bütün bu standartları keçdikdən sonra hansısa tibb müəssisəsində psixoloq kimi çalışa bilər. Ancaq Azərbaycanda belə bir standartların aparılmasına inanmıram. Digər tərəfdən də şəxsi fəaliyyətlə məşğul olan psixoloqların 1 saatlıq seansı 30 manatdır. Bu isə o deməkdir ki, gündə ən azı 2 saat konsultasiya aparan psixoloqun aylıq maaşı 1800 manata yaxın olur. Bu baxımdan heç bir professional konsultant hansısa tibb müəssisəsində 150-250 manata işləməz. Həmin müsabiqədə iştirak edənlər universiteti yenicə bitirən tələbələr olacaq ki, yuxarıda da qeyd etdiyim kimi, onların təcrübəsi olmadığı üçün keçirdiyi konsultasiyalar da effektiv olmur”.
Şəymən