"Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında beş ay saxlandıqdan sonra ailəmə qovuşdum. Məhkəmə zalından azad olundum. Məni sərhədi keçmək maddəsi ilə günahlandırdılar və təqsirimi boynuma aldıqdan sonra 5 ay həbs kəsdilər”.
Bu sözləri Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı, Bolnisi rayonunun Faxralı kənd sakini Turqay Mikayılov deyib. O, Ermənistanda təkadamlıq kamerada saxlandığını, azərbaycanlı olduğu üçün mənfi münasibətə və təzyiqlərə məruz qaldığını bildirib: "Sözsüz ki, mənə düşmən kimi baxırdılar. Azərbaycan, Dağlıq Qarabağ haqqında soruşurdular. Mən isə cavabında bildirirdim ki, Gürcüstan vətəndaşıyam. Öz dövlətimi sevdiyim kimi Azərbaycanı da sevirəm. Bəzən sual-cavabdan bezdiyim üçün onların suallarına acıqla cavab verirdim. Mənə deyirdilər ki, səni kimsə məqsədli şəkildə Ermənistana göndərib. Sonra mənə sərhədi keçmək maddəsi ilə ittiham irəli sürdülər”. T.Mikayılov sağlamlığı ilə bağlı ciddi narahatlıq keçirdiyini də söyləyib: "Həkim müayinəsindən keçəcəm. Bəlkə də yeməyimə nəsə qatırdılar. Qorxuram ki, səhhətimdə problem yaransın”.
Soydaşımız Gürcüstanın Ermənistandakı səfirliyinə təşəkkürünü çatdırıb: "Səfirliyə təşəkkür edirəm ki, Gürcüstan vətəndaşı kimi daim mənimlə maraqlanıblar. Eyni zamanda Kvemo Kartli bölgəsinin qubernatoruna və rayon rəhbərliyinə ailəmə göstərdikləri qayğı və diqqətə görə minnətdarlığımı bildirirəm”. Məlumat üçün deyək ki, Faxralı kənd sakini Turqay Mikayılov Ermənistanda 5 ay həbsdə saxlandıqdan sonra dekabrın 23-də məhkəmə zalından azad edilib.
Məsələni "Şərq”ə şərh edən "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib ki, təcavüzkar Ermənistan hakimiyyətindən hər cür pisliyi, xəyanəti, təhqiri gözləmək olar: "Ermənilərin "yaxşılığına” etibar etmək olmaz. Humanizm onların xislətinə yaddır. Ona görə də ermənilərdən hansısa insani addım gözləmək absurddur. Əslində soydaşımızın 5 ay həbsdə saxlanması yolverilməzdir. Çünki Ermənistanla Gürcüstan arasında heç bir siyasi, hərbi konflikt, münaqişə yoxdur. T.Mikayılov isə Gürcüstan vətəndaşıdır. Ancaq o, milliyətcə azərbaycanlı olduğu üçün Ermənistanda əsarətdə saxlanılıb. Yəni ermənilər soydaşımızın milli kimliyini biləndən sonra ondan faydalanmaq, Azərbaycan haqqında hər hansı məlumatlar əldə etmək istəyiblər. Təbii ki, ermənilərin bu hərəkəti beynəlxalq qanunlara ziddir və hüquqi konvensiyaların kobud surətdə pozulmasıdır. Amma yenə deyirəm, düşməndən fərqli nəsə gözləmək yersizdir”.
Z.Məmmədli soydaşımızın səhhəti ilə bağlı narahatlığına da münasibət bildirib: "Ermənilərdən hər cür təxribatı gözləmək olar. Çox güman ki, müvafiq qurumlar T.Mikayılovu tibbi müayinədən keçirəcəklər. Əgər onun qanında və ya hansısa orqanında zərərli kənar maddələr aşkar olunarsa, yəqin ki, ciddi müalicə ediləcək. Onun sağlamlığına qarşı təxribat sübut olunarsa, beynəlxalq məhkəmələrə də müraciət etmək mümkündür”.
İsmayıl