Müəyyən depressiya baş verib

Ola bilsin ki, intihar edən məhkum daha dözə bilməyib



Bu günlərdə 1 saylı Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Məlumata görə, özünə qəsd edən şəxs barəsində həbs-qətimkan tədbiri seçilmiş Manaf Paşayevdir. Bu, M.Paşayevin doqquzuncu məhkumluğudur. Sonuncu dəfə onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

M.Paşayev noyabrın 3-də "Binə” Ticarət Mərkəzində Bakı şəhər sakini Ramil Cəfərova məxsus mağazadan geyim əşyalarını oğurladığına görə DİN ÇPA-nın və Xəzər RMŞ-nin əməkdaşları tərəfindən tutularaq, Qaradağ RPİ 10-cu PB-yə təhvil verilmişdi. Bundan başqa iddia olunur ki, M.Paşayev 2 gün əvvəl elə həmin təcridxanada intihar etmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin kamera yoldaşı olub. Bu arada M.Paşayevlə bağlı maraqlı faktlar açıqlanıb. Bildirilir ki, ona məhkəmədə hökm oxunmalı imiş. Təcridxana əməkdaşları M.Paşayevi məhkəməyə gətirmək üçün onun kamerasına gediblər və məhbusun özünü asaraq intihar etdiyini görüblər. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək prosesdə hökm oxunacağı gözlənilirdi.

Məlumat üçün bildirək ki, 57 yaşlı M.Paşayev ilk dəfə 1982-ci ildə məhkum edilib. O daha çox oğurluqla məşğul olurmuş. 2 dəfə isə xuliqanlıq əməlinə görə həbsxanaya salınıb. Ümumilikdə isə M.Paşayev həyatının 25 ilə yaxınını dəmir barmaqlıqlar arxasında keçirib.

Qeyd edək ki, M.Paşayevin intiharı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, intiharın səbəbi araşdırılır.

Məsələyə münasibət bildirən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Şərq”ə söyləyib ki, intiharın səbəbləri araşdırılmalıdır: "Ola bilsin ki, həmin məhkumun psixoloji durumu yerində olmayıb. Çünki ayrı-ayrı şəxslər müxtəlif cinayət əməlinə görə həbs edilərsə, öncə onların psixoloji durumu öyrənilməlidir. Psixoloji gərginlik aşkarlanarsa, onlarla psixoloq daha yaxından maraqlanmalıdır. Görünür, komfort həyatdan cəzaçəkmə müəssisəsinə düşəndə, müəyyən depressiya baş verib. Bəziləri iradəli olur. Eləsi də var ki, iradəsi olmur. Düşdüyü vəziyyətdən yalnız özünü öldürməklə qurtarmaq barədə düşünür. Bir sözlə, həbsxana və ya təcridxanalarda nəzarəti gücləndirmək lazımdır. Bütün hallarda səbəblər araşdırılmalıdır”.

Ayyət Əhməd