Liftin qəzaya düşməsinə artıq sərnişinin minməsi səbəb olub
Lift qəzaları səngimir. Bu dəfə paytaxtın Nərimanov rayonu ərazisində "Yeni İnşaat” MTK-ya məxsus yaşayış binasının liftində qəza baş verib və 7 nəfər xəsarət alıb. Hadisə ilə bağlı Nərimanov rayon prokurorluğunda səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb.
Bakı şəhər Prokurorluğunun məlumatında bu haqda bildirilir ki, zərərçəkmişlərdən 3-ü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi isə xəstəxana şəraitində davam etdirilir. Prokurorluq, polis orqanları, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının, məhkəmə-tibbi ekspertinin və "Bakılifttəmir” İstehsalat Birliyinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, liftlərdə qəzalar son illər həqiqətən də artıb. Sovet illərində tikilmiş binaların liftləri istifadə müddətini bəlkə də çoxdan başa vurub. Onları heç təmir edən də yoxdur. Sakinlərsə real təhlükə ilə üz-üzədirlər. Köhnə binalar və onların köhnə liftləri ilə məsələ aydındır. Baxan yoxdur, heç kim də məsuliyyət daşımır. Bəs müasir yaşayış komplekslərində niyə zaman-zaman lift problemi yaşanır? Bu məsələdə bir az sakinlər günahkardır. Birincisi, bəzən sakinlər liftdən istifadə qaydalarını bilmir. 3-4 nəfər liftə minirsə, biri də tələsik özünü çatdırır ki, "mən də, mən də”. Daha düşünmür ki, bu liftin də yükgötürmə qabiliyyəti var. İkincisi, müasir binaların bir çoxu dövlət komissiyası tərəfindən təhvil alınmamış olur, liftin keyfiyyətli olması da yoxlanmır. MTK binanı tikib, mənzilləri satıb aradan çıxır. Hansısa bir problem ortaya çıxanda isə sakin hara, kimə müraciət edəcəyini bilmir. Uzaqbaşı, binanın
komendantına müraciət edirlər, o da "mən indi MTK sədrini hardan tapım?!” deyib çarəsizliyini göstərir. Lifti dəyişmək isə külli miqdarda vəsait tələb etdiyindən sakinlər bu işə qol qoya bilmir.
Nərimanov rayonundakı yaşayış binasındakı liftdə qəzanın başvermə səbəbləri barədə isə FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov dünən "Şərq”ə məlumat verdi.
O.Bayramovun sözlərinə görə, qəzaya səbəb, ilkin məlumatlarda göstərildiyi kimi, liftin trosunun qırılması deyil. Qəzaya səbəb liftin yükgötürmə qabiliyyətindən artıq yüklənməsidir:
- Liftə onun yükgötürmə qabiliyyətindən artıq sərnişin minib. Yük artıq olduğundan lift zirzəmiyə düşüb. Bəzi mənbələr liftin trosunun qırıldığını, liftin şaxtaya düşdüyünü xəbər vermişdi. Bunlar, doğru deyil. Hadisə yerində ekspertiza aparılıb, araşdırmalar başa çatdıqdan sonra prokurorluq son qərarı verəcək.
Hadisə baş verdikdən sonra FHN-in Sənayedə təhlükəsizlik və dağ-mədən Agentliyinin mütəxəssisləri binaya gəlib, baxış keçiriblər. Həmin binanın sakinlərindən biri polis əməkdaşıdır, qəza barədə məhz o, müvafiq orqanlara xəbər verib, köməyə çağırıb.
O bildirdi ki, sözügedən bina dövlət komissiyası tərəfindən təhvil alınıb. "Kupça”lı binadır. Ona görə də binanın sakinlərinə lift xidməti göstərilməlidir. Bu işə cavabdeh də "Bakılifttəmir” İB-dir.
Hansı binalar ki, təhvil alınmayıb, problem onlarla bağlı yaranır. Bina təhvil alınmayıbsa, oradakı liftlərə də binanın inşasını həyata keçirmiş MTK-lar cavabdeh olur.
Liftlərdə təhlükəsizlik məsələlərinə gəlincə, o qeyd etdi ki, bu işlə "Bakılifttəmir” İB məşğul olmalıdır:
- Bəzən liftdəki qəzalarla bağlı FHN-in 112 xidmətinə çağrılar edilir. Amma FHN liftlərin təhlükəsizliyinə cavabdeh deyil. Bu işlə Lift İdarəsi ("Bakılifttəmir” İB) məşğul olmalıdır. Həmin idarə məhz buna görə yaradılıb. Və Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Həm BŞİH, həm də "Bakılifttəmir” İB sakinlər arasında maarifləndirmə işləri aparmalıdırlar. Liftdən istifadə qaydaları binaların girəcəyinə, liftlərin qapısına yazılıb vurulmalıdır. FHN üzərinə düşən işi yerinə yetirir. FHN yanğın təhlükəsizliyi ilə bağlı sosial çarxlar hazırlayıb və onlar telekanallarda yayımlanır. Metropolitendə, idarə və təşkilatlarda təhlükəsizlik tədbirləri ilə bağlı plakatlarımız vurulur. BŞİH və "Bakılifttəmir” İB də öz üzərinə düşən işi icra etsin.
Məlahət Rzayeva