9-cu sinif şagirdinə təcavüz edənlər məhkəmə zalından azadlığa buraxılıb

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı kəskin reaksiyalara səbəb oldu
Baş Prokurorluq məhkəmənin hökmündən protest verib


Azyaşlı qızların zorlanması faktları ilə mediada, ictimaiyyətdə tez-tez rastlaşırıq. Kənar şəxslərin, hətta öz ailə üzvlərinin belə təcavüzünə məruz qalan qızlar haqqında geniş mülahizələr yürüdülür. Cəmiyyətdə bu zorakılıq hallarının kəskin pislənməsinə baxmayaraq belə hadisələr haqqında getdikcə daha çox eşidirik. Lakin nəzərə almalıyıq ki, bu hələ eşidə bildiklərimizdir. Buna oxşar çox hallar baş versə də, əksəriyyəti hüquq-mühafizə orqanları ilə yanaşı, mediadan, insanlardan da gizli saxlanılır. Bəzən isə bu cinayəti törətmiş şəxslərin müxtəlif səbəblərdən azadlıqda qaldığını müşahidə edirik. Hər zaman öz aktuallığını saxlayan bu mövzu haqqında bu dəfə Sumqayıtdan xəbər gəldi.

Məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda 9-cu sinif şagirdi olan qıza qarşı seksual xarakterli hərəkətlər etmiş şəxslər barəsində olan cinayət işinə baxılıb. Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyev barəsində bəraət hökmü çıxarılıb. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Abşeron rayonu ərazisində orta məktəbin 9-cu sinif şagirdini zorlayıb, əməllərini videokamera ilə lentə alaraq, qızı bu vasitələrlə şantaj edən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Təqsirləndirilən şəxslərin barəsində başqa yerə getməmək haqda verilən qətiimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalındaca həbs ediliblər.

Cinayətin cəzasız qalması səbəbləri və cəmiyyətdə qadınlara qarşı zorakılıq hallarının artması barədə "Şərq”ə öz fikirlərini çatdıran ekspertlər qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin genişlənməsinin zəruriliyini qeyd ediblər.

"Təmiz Dünya” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova məsələ ilə bağlı zərərçəkmiş qızın müdafiəsinin lazımi qaydada aparılıb-aparılmaması prosesinə toxunub: "Ola bilər ki, həmin prosesdə zərərçəkmiş şəxsin müdafiəçisi olmayıb və ya sübut yetərsizliyindən təqsirləndirilən şəxslər azadlığa buraxılıb. Hər bir halda son nəticə budur ki, zorlama faktı cəzasız qalıb və bu, narazılığa səbəb olub. Dəqiqləşdirmək üçün həmin işə baxılmalı, cinayətin necə baş verdiyi müəyyənləşdirilməlidir”.

"Belə cinayətlərdə zərərçəkən tərəf olmasına baxmayaraq, qadınlar da ittiham olunur” - deyən hüquq müdafiəçisi məhkəmə üçün lazım olan sübutların çıxarılması üçün zərərçəkmiş şəxsin hansısa vəkilə müraciət etməyə imkanı olmadıqda və ya qarşı tərəfin hansısa vasitələrə əl atması ilə cinayətin cəzasız qala biləcəyini vurğulayıb.

Məsələnin ictimailəşdirilməməsi barədə isə hüquq müdafiəçisi lazımi orqanlara vaxtında müraciət edilməsinin vacibliyini qeyd edib: "Bəzən mentalitetə uyğun olaraq, təcavüzə məruz qalmış xanım aidiyyəti təşkilatlara müraciət etməkdən çəkinir. Əminliklə deyə bilərəm ki, əgər vaxtında tədbir görülərək, məsələ ictimailəşdirilsəydi, ciddi cəzaya nail oluna bilərdi”.

M.Zeynalova hazırda məhkəmələrin bəzi qərarları ilə bağlı cəmiyyətdə reaksiyaların sərtləşdiyinin müşahidə olunduğunu da diqqətə çatdıraraq: "Belə bir narazılıqdan öncə əvvəlki proseslərdə bu məsələ qaldırılaraq, nəzarətdə saxlanılmalı, qadın hüquqlarının müdafiəsini həyata keçirən təşkilatlara müraciət edilib, vəkil tələb edilməli idi. Qeyd etməliyəm ki, zorlama faktına məruz qalan insanlar adətən susur. Hətta bir qadın polisə müraciət edirsə, demək o, "qəhrəmandır”. Biz öncə qadınların öz haqlarını tələb etməsini təmin etməyə çalışmalıyıq” -deyə əlavə edib.

Zorlama faktlarının artmasında cəmiyyətin mövqeyinə diqqət çəkən yazar Aqşin Yenisey isə qadınların zorakılığa məruz qalması, məktəbdən uzaqlaşdırılması, yetkinlik yaşına çatmadan ərə verilməsi kimi halların dini düşüncənin cəmiyyətdə getdikcə genişlənməsinin nəticəsi hesab edir: "Çox az adam dini "Quran”ın özündən oxuyur. Böyük əksəriyyət ağızdan-ağıza gəlib çatan missionerlik təbliğatın qurbanlarıdır. Bu səbəbdən fərqli fikirlər formalaşır”.

Digər ölkələrdə belə cinayətlərə qarşı düşüncənin müxtəlif olduğunu diqqətə çatdıran Aqşin Yenisey:

"Bu məsələdə ölkəmizi nə Türkiyə, nə də digər müsəlman ölkələri ilə eyniləşdirmək olmaz. Bizdə qızlara, qadınlara təcavüz lokal cinayətkarlıq səviyyəsindədir, mental şüur həddində deyil. Bu məsələdə 70 il tərkibində olduğumuz xristian-ateist Sovet imperiyasının əməyini danmaq olmaz” -deyib.
İctimaiyyət nümayəndəsi hazırda bu hadisələrin sıxlıqla müşahidə olunmasını isə əhalinin müəyyən bir hissəsində hələ də hökm sürməkdə olan savadsızlıq, öz hüquqlarını bilməmək halları ilə əlaqələndirib: "Biz müşahidə edirik ki, insanlar bəzən başlarına gətirilən bu cinayətləri nəinki cəmiyyətdən, hətta hüquq-mühafizə orqanlarından da gizlədirlər. Buna səbəb isə bizdə qalmaqda olan adət-ənənələrin qanunları sıxışdırmasıdır. Qanun deyir ki, 18 yaşına çatmamış qızı ərə vermək olmaz, qızın atası da, qız özü də ənənələrimizdən minlərlə sübut gətirib qanunla ər davası edirlər. Bu fikirlər isə mənfi vəziyyətlərə gətirib çıxarır. Adət-ənənənin üstünlüyü yalnız savadsızlığın nəticəsidir”.

Aqşin Yenisey bu cinayətlərin azaldılması məqsədilə həyata keçirilən maarifləndirmə işinin tədbirlər çərçivəsində deyil, XIX əsrdə olduğu kimi hərəkat şəklində aparılmasının vacib olduğunu deyib: "Bilirsiniz, insanın mədəniləşməsi üçün yüz illər, min illər lazım olur. Amma o min illik zəhmət hesabına mədəniləşən insanın vəhşiliyə dönüşü an məsələsidir. Bəziləri deyir ki, Avropa da maarifçilik hərəkatı öz missiyasını uğurla başa çatdırdı, bizdə isə xalq milli şüuruna məğlub oldu. Mən bu fikri yanlış hesab edirəm. Avropada maarifçilik hərəkatı bu gün də bütün gücü ilə davam edir, hər gün irəliyə doğru, elmi-nəzəri, texniki irəliləyişlər baş verir. Bizdə isə bu hərəkat qısamüddətli oldu. XIX əsr maarifçilərindən sonra Azərbaycanda bir-birini satan, güllələtdirən bir ədəbi-mədəni elita formalaşdı. Onların yaratdığı əsərlər isə xalqdan çox uzaq idi. Xalq ona görə Üzeyir Hacıbəyovu sevir ki, onun yaradıcılığında özünü görür, amma 60-70-ci illərin simfonik bəstəkarları ancaq akademik səviyyədə qəbul olunur. Ona görə ki, onların əsərlərində azərbaycanlılardan başqa, kimdən istəsən, nəsə tapa bilərsən”.

XX əsrdə süni şəkildə qarşısı alınan Azərbaycan maarifçiliyini bərpa olunmasının önəmini çatdıran yazar deyib ki, bu məqsədlə ilk əvvəl cəmiyyət qadınlara münasibəti bərqərar etməlidir: "Biz qadınların hüquqlarını müdafiə etməli, onlara qarşı zorakılıq hallarını kəskin tənqid etməliyik. Bunun üçün hər birimiz qız uşaqlarının dünyəvi təhsildən uzaqlaşdırılmasına qarşı mübarizə aparmalıyıq, ölümüz də, dirimiz də”.



Amma Baş Prokurorluq Sumqayıt Apellyasiya Məhkəməsinin hökmündən protest verib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yetkinlik yaşına çatmayan 4 nəfər Abşeron rayon sakininin Cinayət Məcəlləsinin 150 (seksual xarakterli zorakılıq hərəkətləri) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir şəxs 6 il 6 ay, digərlərinin hər biri isə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2015-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Cinayət Məcəlləsinin 150-ci maddəsinə dair hissəsi ləğv edilərək həmin hissədə təqsirləndirilən şəxslərə bəraət verilib, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə bir məhkumun üzərində 5 il 6 ay, digərlərinin üzərlərində isə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Aysel Aslan