Gürcüstan Rusiya ilə Qərb arasında qalıb

Baş nazirin istefası ziddiyyətlərin nəticəsində ortaya çıxdı



Gürcüstanın eks baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verməsinin səbəblərini açıqlayıb. O deyib ki, vəzifə müvəqqəti şeydir, əbədi olan yalnız Allah və vətəndir: "Nazir olduğum müddətdə mənə dayaq olan və xüsusi köməyi dəyən həyat yoldaşıma öz minnətdarlığımı bildirirəm. O olmasaydı, bəlkə də bu cür uğurla fəaliyyət göstərə bilməzdim”.

Qaribaşvili istefasının dəqiq səbəblərini açıqlamayıb. Xatırladaq ki, Gürcüstanın yeni baş naziri postuna ölkənin hazırkı XİN rəhbəri Georqi Kvirikaşvilinin namizədliyi irəli sürüləcək. Gürcüstan parlamentinin sədri David Usupaşvili bildirib ki, ölkənin yeni baş naziri və hökuməti ilin sonunadək bəlli olacaq.

Eks baş nazirin istefası ilə bağlı "Şərq”ə danışan politoloq Fikrət Sadıqov deyib ki, dövlət başçısı ilə keçmiş baş nazir arasında müəyyən ziddiyyətlər var idi: "Ölkə rəhbərliyində funksiyaların bölüşdürülməsi məsələsində tərəflər arasında fikir ayrılıqları hökm sürürdü. Prezident və Qaribaşvili qarşıdurma vəziyyətində olduqlarını özləri də gizlətmirdilər. İkilinin yola getmədiyi gürcü cəmiyyətinə də bəlli idi. Məsələnin digər tərəfi isə Rusiya amili ilə bağlıdır. Fikrimcə, Qaribaşvilinin istefa qərarında Moskvanın da "rolu” var. Çünki gürcülərin, xüsusilə gürcü elitasının Rusiyaya münasibəti müxtəlifdir”. Ekspertə görə, eks baş nazir Qaribaşvili qərbyönümlü siyasət aparırdı: "O, Rusiya ilə münasibətlərin normallaşmasının, xüsusən də Rusiya ilə viza rejiminin ləğv edilməsinin tərəfdarı deyildi. Keçmiş baş nazir dəfələrlə deyib ki, onların istiqaməti Avropa Birliyinədir, məqsədləri NATO-nun üzvü olmaqdır. Düzdür, Qaribaşvili açıqlamasında əsas səbəblərə toxunmadı, amma onun istefasının arxasında məhz bu məsələlər dayanır. Güman edirəm, Qaribaşvili 2016-cı il parlament seçkilərində öz gücünü ortaya qoyacaq və yenidən ölkədə söz sahibinə çevriləcək”.

İsmayıl