Ekspertlər dövlət və ictimai maraqların müdafiəsində jurnalistlərin əməyini qiymətləndirir
Müasir dünyada reallıqlar sürətlə dəyişir və dövlətlərin daxili sabitliyi, ərazi bütövlüyü, suverenliyinə yönəlik təhdidlər müxtəlif formalarda özünü büruzə verir. Bu baxımdan Azərbaycanda hər bir fərd, qrup, təşkilat və struktur tərəfindən dövlət və ictimai maraqların müdafiəsi milli vəzifə kimi hər zaman aktualdır. Xüsusilə də, ölkə mediasının dövlət və ictimai maraqların müdafiəsində rolu hər zaman diqqət mərkəzində dayanıb.
KİV-də dövlət maraqlarının milli və ictimai müdafiəsinin mühüm milli və ictimai vəzifə olması ilə bağlı maarifləndirmə işinin aparılması, eyni zamanda KİV-in fəaliyyətində dövlət maraqlarının əsas götürülməsi ilə bağlıdır.
Hər bir xalqın milli mətbuatı daima milli və dövlət maraqlarına xidmət etməlidir. Əlbəttə ki, mətbuatın, ilk növbədə, funksiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Bu, ancaq o hallarda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun. Belə hallarda, ümumi xalq maraqları naminə müəyyən məsələlərdə zərərli informasiyaları cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etmək olar. Amma bundan başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməməlidir. Yalnız bu halda millət kimi biz inkişaf edə bilərik və bu da nəticə etibarilə milli mətbuatımızın da inkişafına gətirib çıxara bilər. Əlbəttə ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri mövcuddur. Tarixdə formalaşmış milli mətbuat ənənələrimiz bu gün də davam etməkdədir.
Qeyd edək ki, Azərbaycanda daima demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar.
Mətbuatın ilkin missiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Bu, ancaq o hallarda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun. Belə hallarda, ümumi xalq maraqları naminə müəyyən məsələlərdə zərərli informasiyaları cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etmək olar. Amma bundan başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməməlidir. Yalnız bu halda millət kimi biz inkişaf edə bilərik və bu da nəticə etibarilə milli mətbuatımızın da inkişafına gətirib çıxara bilər.
Mətbuat cəmiyyətin inkişafında, əhali arasında ictimai maraqların yaranması və formalaşmasında önəmli rol oynayır. Mətbuatın ictimai həyatda iştirakının genişləndirilməsi, cəmiyyətdə baş verən istənilən hadisəyə müdaxiləsi özünü göstərir. Mətbuat ictimai maraqların müdafiəsində və təbliğatında iştirak etməklə yanaşı, maarifçilik işinə də dəstək verir.
Mətbuat son illərdə hər bir Azərbaycan vətəndaşının fəxr edə biləcəyi inkişaf yolu keçib
Təsadüfi deyil ki, medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq kütləvi informasiya vasitələrinin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. Mətbuat cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. Mətbuat son illərdə hər bir Azərbaycan vətəndaşının fəxr edə biləcəyi inkişaf yolu keçib. Ona görə də kütləvi informasiya vasitələri ölkədə görülən işləri, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar.
Amma çox təəssüf ki, bəzi hallarda media nümayəndələri özlərinin ən mühüm funksiyalarından biri olan milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etmək vəzifəsindən, demək olar ki, imtina edirlər. Az da olsa, belələri var.
Bəs görəsən, media nümayəndələri, ictimaiyyət üzvləri Azərbaycanın dövlət və ictimai maraqlarının müdafiəsində mətbuatın rolunu necə qiymətləndirir?
Mətbuat cəmiyyətin aparıcı funksiyasını yerinə yetirir
Azərbaycanda dövlət və ictimai maraqların müdafiəsində mətbuatın özünəməxsus rolu olduğunu deyən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, ictimai rəyin formalaşmasında, milli maraqların müdafiəsində mediamız ciddi əhəmiyyət kəsb edir: "Son zamanlar biz bir daha şahidi olduq ki, Azərbaycan mediası dövlət və ictimai maraqların qorunmasında böyük əhəmiyyətə malikdir. Cəmiyyətin aparıcı funksiyasını yerinə yetirir. Mənim şəxsi qənaətimcə, Azərbaycanın dövlət və ictimai maraqlarının müdafiəsində mətbuatın rolu əvəzedilməzdir.
Azərbaycan dövləti də mətbuatın bu rolunu hər zaman yüksək dəyərləndirib və qarşılıq olaraq da öz dəstəyini yetərincə verib. Cənab prezidentin son çıxışlarının birində dediyi çıxışa diqqət çəkərək vurğulayım ki, ictimaiyyətin və media nümayəndələrinin ölkədə baş verən proseslərlə bağlı fəallığı təqdirəlayiqdir. Cəmiyyətdə milli mənlik şüurunun, vətənpərvərlik duyğularının formalaşmasında mətbuatın çox böyüş rolu vardır ki, bu da elə ictimai maraqların müdafiəsinə yönəlib. Müstəqillik dönəmində Azərbaycan mətbuatı keşməkeşli və əhəmiyyətli bir yol keçib. Bu dönəmdə cilalanıb, formalaşıb. Media sahəsində fəaliyyət göstərən kifayət qədər vətənpərvər insan var ki, onlar hər zaman Azərbaycan dövlətinin və cəmiyyətinin maraqlarını hər şeydən üstün tuturlar”.
Mətbuatın daim ölkədə baş verən ictimai-siyasi proseslərə təsiri olduğunu vurğulayan baş redaktor deyib ki, bəzi qüvvələr var ki, bilərəkdən Azərbaycan mətbuatının rolunu kiçiltməyə çalışırlar: "Amma yuxarıda da qeyd etdiyim kimi, ən azı Azərbaycanda baş verən son hadisələrə, həmçinin ölkəmizə qarşı aparılan qərəzli kampaniyalarla mübarizədə mətbuatın oynadığı rola diqqət yetirsək, mətbuatın nə qədər önəmli rola malik və ictimai rəyə təsir potensialında olduğunu görmək mümkündür”.
Millət vəkili Zahid Oruc da hesab edir ki, mətbuat cəmiyyətin inkişafında, əhali arasında ictimai maraqların yaranması və formalaşmasında önəmli rol oynayır. Onun sözlərinə görə, Azərbaycan mətbuatında ictimai həyatda iştirakının genişləndirilməsi, cəmiyyətdə baş verən istənilən hadisəyə müdaxiləsi özünü göstərir. Mətbuat ictimai maraqların müdafiəsində və təbliğatında iştirak etməklə yanaşı, maarifçilik işinə də dəstək verir:
"Bizdən neçə illər əvvəllər də ictimai maraqlar haqda düşünənlər, onu müdafiə edənlər olub. Bu gün də mətbuat bu sahədə xeyli işlər görür. Hesab edirəm ki, günümüzdə dövlət və ictimai maraqların müdafiəsində mətbuatın hazırkı fəaliyyət spektri çox əhatəlidir”.
Azərbaycanın müasir həyatını mediasız təsəvvür etməyin, sadəcə, qeyri-mümkün olduğunu vurğulayan millət vəkili deyib ki, cəmiyyət bütövlükdə daxili və regional məsələlərin hər birini məhz mətbuatın timsalında qavrayır, onun üzərindən ölkənin gələcək həyatına yönəlik baxışlarını formalaşdırır: "Azərbaycan mətbuatı ölkənin müstəqilliyi və azadlıq mübarizəsinin ayrılmaz tərkib hissəsidir. Bu yöndə aparılan mübarizənin ön cəbhəsidir. Hətta bir sıra hallarda zərbələri öz üzərinə götürən qüvvədir. Mətbuat bu gün səngərdə döyüşçü, sərhəddə keşikçi, auditoriyada müəllimdir. Müxtəlif hakimiyyət orqanlarının gündəlik fəaliyyətinin qiymətləndirilməsi istiqamətində münsifdir. Fərqli xarakterli insanlarla təmaslara girən media nümayəndələri ən ağır və çətin şəraitdə məlumatı cəmiyyət üçün əlçatan edir. Təbii ki, bütün bunlar heç də asan məsələ deyil”.
Z.Orucun sözlərinə görə, bütün çatışmazlıqlara rəğmən bugünkü Azərbaycan mətbuatı ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanı var və rəy formalaşdıra bilir. Dövlət orqanları
müəyyən mənada media ilə hesablaşmalı olur: "Yalnız onu da unutmayaq ki, mediamız bəzən müxtəlif qara və çirkli əllərin alətinə də çevrilə bilir. Hətta bəzən 4-cü hakimiyyət deyib də jurnalistikanı 1-ci və 2-ci hakimiyyətin səlahiyyətlərini mənimsəmək yönümündə də fəaliyyətinin şahidi oluruq. Şəxsən mənim düşüncəmə görə, mətbuat dövlət və ictimai maraqların müdafiəsində mühüm rol oynayan nəhəng bir maşındır”.
(davamı var)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb