Müğənnilər gizlətmədi, hamının banka borcu var

Millətin ruzisi olsa, onlar da böhrandan çıxacaqlar



Dünyanın iqtisadi böhran yaşadığı bir dönəmdə bunun Azərbaycana təsirsiz ötüşdüyünü demək mümkün deyil. Manatın devalvasiyası, dolların bahalaşması bizdə də özünü göstərdi. Xüsusilə də banklara borcu olanlar daha narahat olmağa başladılar. Son dönəmlər sənətçilər də maddi sıxıntılarını yavaş-yavaş dilə gətirməyə başlayıblar.

Xüsusilə də vergilərin sənət adamlarına qarşı sərt qanunlar tətbiq etməsi müğənnilərin toy bazarına da təsirini göstərdi. Toyların çoxluğu ilə əda atanlar, toy bazarında mənəm, Bağdadda kor xəlifə deyən müğünnilər də vergilərin adını eşidəndən səsləri çıxmır. "Ayın 30 günü toylardayam” deyən müğənnilər də "toyum yoxdu”, "xəstəliyim var, toylara getmirəm” deyirlər.

Dəbdəbəli evlərdə yaşayan, son model "inomarka”lı maşınlarda gəzənlər şou əhlinin əksəriyyətinin də banklara borcları var. Kimisi maşınını kreditlə götürüb, kimisi kreditə ev alıb. Sənət adamları bir çox sadə insanlardan fərqli olaraq dəbdəbəli həyat sürsələr də, əslində onlar da banklarda borc sahibidirlər. Manatın devalvasiyası sənətçilərin toy bazarına necə, təsir edə bilirmi? Hər halda iqtisadi problemlərin varlığı toy bazarına da təsirini göstərir. Demək, krediti olan sənət adamları da banklara olan borclarını çətinliklə verəcəklərini dilə gətirirlər. Şou-biznesin tanınmışlarının arasında banka borcu olan sənətçilər də yetərincədi.

Tanınmış prodüser Tolik son dönəmlər iqtisadi böhranın olmasından narahatlığını dilə gətirdi. İnsanların arasında olanda başa düşürsən ki, bu gün hamının maddi sıxıntısı var. Bunu gizlətmək də lazım deyil. Qaldı şou əhlinə, bizim də çətinliklərimiz, ehtiyaclarımız, banklara borclarımız var. Kimin sıxıntısı yoxdur ki? Mənim də banka borcum var. Burda eyib də heç nə yoxdur. Sadəcə, Allah millətin ruzisini bol etsin, biz də onların sahəsində pul qazanıb ailəmizi dolandırırıq. Müğənnilər toy olmasa, hardan qazanarlar?”

Müğənni Yeganə də evini kreditlə götürdüyünü dilə gətirdi: "Evimi kreditlə götürmüşəm. Biz sənətçiləri çox imkanlı hesab edirlər. Əslində biz o qədər imkanlı deyilik. Sadəcə, üzdə olan insanlar olduğumuz üçün bizim nəyimiz varsa, üzdə olur. Bəziləri də özlərini göstərmək üçün bahalı maşınlarını elə reklam etdilər ki, elə bilirlər müğənnilər qaz vurub, qazan doldururlar. Necə deyərlər, bəzi ədalı müğənnilərin qurbanı olduq”.

Müğənni Emil Bədəlov də banka az da olsa borcu olduğunu dilə gətirdi: "Elə böyük borcum yoxdu. Az məbləğdə borcum var, şükr! Amma elə həmkarlarım var ki, böyük məbləğdə banklara borcları var. Onları da qınamıram e, ehtiyacları var, götürüblər. Müğənnidi, istəyir yaxşı maşında görünsün, dəbdəbəli evdə otursun. Axı bizdə evə, maşına görə müğənnilərin çoxuna hörmət qoyurlar. Kim bahalı maşında məclisə gəlirsə, demək, bahalı müğənnidi. Vay o gündən adi maşında məclisə, ya harasa gedəsən, inanın, bəziləri salam verməzlər, rişxənd edərlər ki, a, bu müğənni nə gündədi? Bizdə yaxşı müğənni deyəndə, əvvəl onun maşını soruşulur. Banklara böyük məbləğdə borcu olan müğənnilər var ki, onların aqibəti ağır olacaq”.

Müğənni Rəqsanənin prodüseri müğənninin banklara olan borcundan danışdı: "Bəli, Rəqsanənin də çox müğənnilər kimi borcu var. Bunu gizlətmirik ki? Hər bir adi insan kimi Rəqsanənin də banka borcu var. Sadəcə, bəzi səbəblərdən faizlərin də üstünə gəlməsi Rəqsanənin borclarını bir az çoxaldıb. Amma heç də mətbuatda səslənən qədər böyük məbləğdə deyil. Borc da ki, hamıda var. İnşallah, ödəyərik”.

Müğənni Pişik Günel də banklara borca olan müğənnilərin sırasındadır: "Banka borcum var idi. Maşınımı kreditə götürmüşdüm. Ödəyə bilmədim, maşınımı əlimdən aldılar. Ona görə də çalışacam bundan sonra bankdan borc götürməyim. Bir az borcum var. Onları da ödəsəm, rahatlaşardım”.

Müğənni İzzət Bağırov da kredit ödəyən sənətçilər sırasındadır: "Biz müğənnilər gözə tez görünürük. Əziyyət çəkib pul qazanırıq. Hamı istəyir ki, yaxşı maşın sürsün, yaxşı evdə yaşasın. Biz də insanıq. Sənət adamları hər yerdə, dünyanın hər yerində çalışırlar ki, dəbdəbəli maşında görünsünlər. Müğənni yazıq nə qədər qazanır ki? Toydan gələn gəlirlə evini də dolandırır,

geyimlərinə pul xərcləməyə məcbur qalır, mahnı alır, klip çəkdirir. Konsert edir. Bunlar üçün pul lazımdı. Toydan qazandığı bu xərcləri ödəmir heç. Vergilər Nazirliyi elə bilir ki, müğənni toydan əldə etdiyi bütün pulu cibinə qoyur. Bəs əlavə yaradıcılıq üçün xərclənən pulu hardan əldə etsin yazıq müğənni. Mənim də, o birinin də banklara borcu var. Bunu etiraf edək də. Bəziləri əvvəl özlərinə sığışdırmazdılar ki, desinlər ki, banka borcumuz var. Amma Xalq artistindən tutmuş adi müğənniyə qədər demək olar hamının banklara borcu var”.

Müğənni Mənzurə Musayeva da banklara borcu olduğunu dilə gətirdi: "Banklara borcum var. Kimin banka bu gün borcu yoxdur ki? Son vaxtlar hamının maddi durumu çətindi. Elə bizim də. Camaatın pulu olmadıqdan sonra, bizim pulumuz necə olsun? Onlar bizi toya dəvət edirlər. Toylar əvvəlki qədər deyil. Ayda kimin 3-4 toyu varsa, şükr edir”.

Şou-biznesin ən bahalı müğənnilərindən sayılan Röya da banklardakı borclardan narahatlığını dilə gətirdi: "Hamı kimi mənim də banklara borcum var. Bunu niyə gizlədim ki? Bu il bir az çətin başlayıb. Bunu deməyə haqqım var, çünki seçilən insanlardan biriyəm. Heç kim fikirləşməsin ki, təkdir. Hamının əziyyəti var. Sadəcə, bu, böyük sınaqdır. Bir ailədə bir adam yox, bundan sonra bütün dünyadakı kimi 5 adamın 5-i də işləməlidir. Bizdə necədir? Utanıram da deməyə, təkcə mən işləyirəm və hamıya mən baxıram. Kimisə əsgərliyə aparırlar, məni axtarırlar, ərə gedirlər, cehiz üçün məni yığırlar. Amma bəlkə də bu bir sınaqdır ki, artıq bizim gəncimiz də, yaşlımız da işləyəcək. Hamıya səbr arzulayıram. Üzümüzə gələn il qırmızı meymun ilidir, şıltaqdır. Ona görə də, yaxşı yaşayacağıq. Ən əsası, sağlam dövlətik, qədrimizi bilək. Bu günümüzə də şükr edək”.

Tahirə