Gənc soydaşımız Azərbaycan xalqını təbrik etdi

“Gürcüstanı Azərbaycansız, Azərbaycanı da Gürcüstansız təsəvvür etmək mümkün deyil”



Gürcüstanın Qardabani rayonunun bələdiyyə sədrinin müavini, gənc soydaşımız Rəfi Orucov Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. "Şərq” qəzeti vasitəsi ilə dövlət rəhbərliyinə və xalqımıza xoş arzularını çatdıran Rəfi Orucov Gürcüstan və Azərbaycan əlaqələrinin sürətli və hərtərəfli inkişafından məmnunluq duyduğunu deyib.

Sədr müavini vurğulayıb ki, Azərbaycan dövlət başçısı, xüsusən Heydər Əliyev Fondunun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyeva Gürcüstanla əlaqələrin inkişafına böyük önəm verir və orada yaşayan soydaşlarımızın qayğısına qalır: "Azərbaycan və Gürcüstan tarix boyu dost və qardaş ölkə olub. Bu gün hər iki ölkə strateji tərəfdaşlıq, çoxşaxəli əməkdaşlıq edir. Bu əməkdaşlıq iqtisadi, təhsil, mədəniyyət, turizm və sosial sahələrdə gerçəkləşir. Azərbaycanın enerji ehtiyatları məhz Gürcüstan dəhlizi ilə Avropaya çatdırılır, Gürcüstan Azərbaycan üçün Avropaya açılan pəncərə rolunu oynayır. Azərbaycan isə Gürcüstanın iqtisadi inkişafına təkan verən tərəfdaş ölkə kimi çıxış edir. Transmilli layihələr, enerji və nəqliyyat xətləri ölkələr arasında iqtisadi əlaqələrin daha da inkişafına xidmət edir və hər iki ölkənin vətəndaşları bu əlaqələrdən bəhrələnir”. R.Orucov bildirib ki, Gürcüstanı Azərbaycansız, Azərbaycanı da Gürcüstansız təsəvvür etmək mümkün deyil: "Bir müddət bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri gürcü ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı. Səfər zamanı iki ölkə rəhbərliyi arasında rəsmi və qeyri-rəsmi görüşlər təşkil olundu, müzakirələr aparıldı, yeni əməkdaşlıq planı hazırlandı. Azərbaycan rəhbərliyinin Gürcüstana səfərindən sonra soydaşlarımızın bir çox problemləri öz həllini tapdı, məktəblər təmir olundu, işsizlər iş tapdı, bölgəyə investisiyalar qoyuldu. Düşünürəm ki, iki ölkə arasında güclənən əməkdaşlıq bütövlükdə Cənubi Qafqazın inkişafına müsbət təsir göstərəcək”. R.Orucov vurğulayıb ki, Heydər Əliyev Fondunun Gürcüstan azərbaycanlıları üzərində böyük zəhməti və diqqəti var: "Fond rəhbərliyi tərəfindən gürcü və Azərbaycan məktəblərinə, bağçalara, internatlara mütəmadi dərs ləvazimatları, çantalar, hədiyyələr göndərilir. Ümumiyyətlə, Fond Gürcüstanda mühüm humanitar aksiyalar həyata keçirir. Fondun fəaliyyəti insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, fərqli sivilizasiyaların dialoquna, insanlara xeyirxahlıq, nəciblik, humanizm kimi müqəddəs dəyərlərin aşılanmasına yönəlib. Hazırda bu nüfuzlu təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri xarici ölkələrlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlıdır. Fondun prezidenti Mehriban xanım Əliyeva Gürcüstana səfərləri zamanı keçirdiyi bütün tədbirlərdə soydaşlarımızla görüşür, onların problemləri ilə maraqlanır, ortaya çıxan çətinliklərin qısa müddətdə aradan qaldırılmasına nail olur. İki ölkə arasında əlaqələrin inkişafından və Gürcüstan azərbaycanlılarına göstərilən diqqət və qayğıdan dolayı Azərbaycan Prezidenti İlham Əliyevə, Fondun rəhbəri Mehriban xanım Əliyevaya şəxsən təşəkkürümü bildirir, onların timsalında bütün Azərbaycan xalqını təbrik edirəm”.

İsmayıl