Manatın ikinci dəfə (50 faiz) ucuzlaşması əhalinin sosial vəziyyətinin ağırlaşmasına səbəb olub. İnsanlar artıq qənaət rejiminə keçərək əllərindəki vəsaiti qoruyub saxlamağa çalışırlar.
Bakının bir çox yanacaqdoldurma məntəqələrində apardığımız müşahidələr də göstərir ki, son günlər yanacaq doldurmaq üçün müraciət edən sürücülərin sayında kəskin azalma var. Göründüyü kimi, böhran həm də insanların minik avtomobillərindən imtina etmələrinə gətirib çıxarıb. Bir sözlə, manatın növbəti dəfə ucuzlaşması şəxsi avtomobildən istifadə edənlərin sayını azaldıb.
Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Şərqə deyib ki, bu qaçılmazdır. Çünki maddi sıxıntı yaşananda insan qənaət etməyə məcbur olur. "Düzdü, gündəlik yemək-içmək mütləqdir. Amma avtomobil insan həyatının ayrılmaz hissəsi deyil. Avtomobil nə yeməkdir, nə də geyim. Maşınsız yaşamaq olar. Azərbaycanda 1 milyon 2 yüz mindən artıq avtomaşın var. Təxminən 8 adama bir maşın düşür. Qalan 7 adamın maşını yoxdur. O yeddi addam maşınsız yaşayırsa, həmin səkkiz adam da avtomobilsiz yaşaya bilər. Ona görə də tövsiyəm budur ki, şəxsi avtomobillərdən maksimum az istifadə etmək lazımdır. İctimai nəqliyyata önəm vermək lazımdır. İctimai nəqliyyatdan istifadə daha məqbuldur. İnanın ki, bu, sahibkarlar üçün də faydalı olar. Yaxşı xidmət olsa, avtomobilimi günlərlə qarajda qoyub, ictimai nəqliyyatdan istifadə edərəm. Bu həm mənə, həm də sahibkara sərfəlidir. Məsələn, hər gün işə gəlib-getməyim üçün yanacağa 1 manatdan yuxarı pul xərcləyirəm. Hələ bu yalnız benzinin qiymətidir. Avtomobilin öz xərcləri də var. Onları da üstünə gəlsək, baha başa gəlir. Amma ictimai nəqliyyatla 40 qəpiyə gedib-gələrəm. Qənaət belə olur da. Digər bir tövsiyəm odur ki, maşınsız getməyin mümkün olduğu yerlərə piyada getmək lazımdır. Kimsə qonşu məhəlləyə gedirsə, mağazaya gedirsə, ayaqla da gedə bilər. Hər kəs özünə, peşəsinə, ailə tərkibinə uyğun qənaət növü bilir. Hər kəs bunu etməlidir. Yolunu seçməlidir. Qənaət yollarından biri də avtomobildən az istifadə etməkdir. Avtomobil də ikinci və ciddi xərc tələb edən ailədir”.
Ayyət Əhməd