Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Yevlax birgə təşkilatçılığı ilə "İnformasiya əldə etmək haqqında" qanunun şərhi sahəsində region KİV-lərinin maarifləndirilməsi" mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov cəmiyyət həyatının ən müxtəlif sahələri ilə bağlı yeniliklərin ictimaiyyətə operativ, dolğun və obyektiv şəkildə çatdırılmasında ölkə KİV-lərinin üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ölkəmizdə ilk Avropa Oyunlarının təşkilini, Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla milli mətbuatın 140 illik yubiley tədbirlərinin təşkil olunduğunu, 180 nəfər jurnalistin fəxri adlar, orden, medal və fəxri diplomlarla təltif edildiyini, eləcə də Milli Məclisə seçkilərin keçirilməsini və digər mühüm məqamları diqqətə çatdırıb.
İcraçı direktor Fondun 2015-ci ildə KİV-lərin maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib.
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında bildirib ki, ölkədə demokratik dövlət quruculuğu prosesinin mühüm istiqamətlərindən biri də informasiyalı cəmiyyətin yaradılmasıdır. O, «İnformasiya əldə etmək haqqında» Qanunu özündə informasiya əldə edilməsi prosesinin bu qanunun qəbulunadək olan məsələlərini istər təcrübi, istərsə də nəzəri baxımdan daha təkmil birləşdirən sənəd kimi dəyərləndirib.
Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "İnformasiya əldə etmək haqqında qanunvericilik" və jurnalistlərin hüquqi məsuliyyət normaları" mövzusunda məruzəsində informasiya almaq haqqında qanunvericiliyin cəmiyyətin inkişaf tempinə adekvat olaraq təşmilləşdirildiyini bildirib. "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "İnformasiya əldə etmək sahəsində real vəziyyət və praktiki fəaliyyət imkanları" mövzusunda məruzəsində informasiyanın qədim dövrlərdən indiyədək cəmiyyət və dövlət həyatında, ölkələrarası münasibətlərin tənzimlənməsində, ümumən hər bir vətəndaşın taleyində oynadığı mühüm rolu diqqətə çəkib.
Fondun Müşahidə Şurasının sədr müavini, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Fondun təşəbbüsü ilə keçirilən konfransın regionlarda vətəndaşların və KİV-lərin informasiya əldə etmək sahəsində maarifləndirilməsində mühüm rol oynadığını bildirib
Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev çıxışında qeyd edib ki, informasiya əldə etmək haqqında qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədəki yeniliklərin ictimaiyyətə izahı cəmiyyətdə şəffaflığın, məmur məsuliyyətinin artırılmasında və dövlət qurumlarının ictimaiyyətə açıqlığının təmin edilməsində vacib amillərdən biridir.
Müzakirələrə yekun vuran Fondun icraçı direktoru V.Səfərli aparılan müzakirələrin kütləvi informasiya vasitələri ilə rayonun müvafiq icra strukturları arasında əməkdaşlığın genişləndirilməsi, region jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ümümən vətəndaşların informasiya əldə etmək sahəsində maarifləndirilməsi baxımından əhəmiyyətli olacağına inamını ifadə edib.