Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar bir çox orta ümumtəhsil məktəblərində və liseylərdə şagirdlərin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilib. Hər il olduğu kimi bu il də ənənəsinə sadiq qalan Bakıdakı 246 saylı məktəb-lisey 1-ci sinif şagirdlərinin nümayiş etdirdiyi səhnəcikləri ilə seçilib.
Müxtəlif ölkələrin mədəniyyətini təmsil edən birincilər öz rəngarəng geyimləri və rəqsləri ilə çıxış ediblər.
Tədbirdə məktəbin direktoru Almaz Bayramova bütün məktəb kollektivini və valideynləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, maraqlı tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün əziyyəti olan hər kəsə təşəkkürünü bildirib: "Bugünkü tədbirdə şagirdlərimizin hər biri özünün nəyə qadir olduğunu bir daha göstərmiş oldu. Tədbirin təşkil olunmasında müəllimlərimizin və valideynlərin böyük əməyi var. Övladlarımızı yüksək intellektli, dünyagörüşlü və milli-mənəvi dəyərlərimizə uyğun, vətənpərvər ruhda tərbiyə etmək bizim borcumuzdur. Buna görə də bütün müəllimlərə və bu səhnəciklərin ərsəyə gəlməsində bizə yaxından dəstək olan valideynlərə minnətdarlığımızı bildiririk”.
Birincilərlə birlikdə iki həftə ərzində çalışdıqlarını deyən ibtidai sinif müəlliməsi Hüsniyyə Seyidəliyeva da maraqlı tədbirin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edib və bayram təbriklərini çatdırıb, yeni ildə hər kəsə uğurlar arzulayıb.
Tədbirdə uşaqların sevincini bölüşən valideyn-psixoloq Fərqanə Mehmanqızı belə tədbirlərin uşaqların psixoloji inkişafı üçün çox əhəmiyyətli olduğunu vurğulayıb: "Bu kimi tədbirlər məşğələlərdə çox zaman alsa da, uşaqlarda özgüvən yaradır. Liderlik keyfiyyətləri, seçilmə
hissinin, uşaqlarda formalaşdırılması vacib sayılan "mən varam” duyğusunun üzə çıxarılmasına kömək olur. Digər tərəfdən isə uşaqlar ölkələrin adət-ənənəsini oxumaqla deyil, onu öyrənib, öz obrazlarıyla yaratmaqla öyrənirlər. Bu da uşaqlarda hərtərəfli dünyagörüşünün inkişafına şərait yaradır. Bu səbəbdən bir valideyn olaraq belə tədbirlərin keçirilməsini alqışlayıram”.
Tədbirin sonunda birincilər məktəb direktoru və müəllimələri ilə xatirə şəkli çəkdirib.
Aysel Aslan