"Sərdar Cəlaloğlu maskalanmış vəhhabidir”. Bu sözləri "Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun mətbuatdakı dinlə bağlı çıxışlarına münasibət bildirərək deyib. Hacı Əbdülün iddiasına cavab almaq üçün ADP sədri ilə əlaqə saxladıq. O, "Şərq”ə açıqlamasında məlum fikrə sərt reaksiya verdi:
"Hacı Əbdül nə din xadimi, nə siyasi xadim, nə də ictimai xadimdir. Mən demişəm ki, şiəlik səhvdir, sünnilik düzdür?! Desəydim ki, şiəlik səhvdir, sünnilik düzdü, o zaman məni vəhhabi adlandırmağı doğru olardı. Hərə bir təriqət yaradıb gedib yapışıb "Quran”ın bir ayəsindən, özünə sərf edən şəkildə məna çıxarır deyir, mən düz yoldayam. Bunların hamısı yanlışdır. "Quran”dan başqa yol yoxdur. Allahdan başqa alim yoxdur. Mən demişəm ki, şiəlik, sünnilik, vəhhabilik bir sözlə, bütün təriqətlər Allahın düz yolunun əyilməsidir. Hacı Əbdülün vəhhabilik təriqəti haqqında cəsarət edib demədiklərini demişəm. Vəhhabiliyin nə qədər yanlış olduğunu, İblisin yolunu tutduqlarını söyləmişəm”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, dinlə bağlı irəli sürdüyü fikirlər dünya alimləri tərəfindən təsdiqini tapıb: "Mətbuatda son vaxtlar səsləndirdiyim fikirlər təsdiqini tapır. Dünən İranda bütün islam dövlətlərinin liderləri İran Prezidenti Həsən Ruhaninin başçılığı altında bir yerə toplaşaraq, məqaləmdə dediyim "Bütün məzhəblərdən imtina edək, islamı birləşdirək” fikirlərini müzakirə ediblər. Ruhani də başda olmaqla ora toplaşan bütün dünyanın din xadimləri Hacı Əbdül dediyi adamlardır. Səsləndirdiyim fikirlər bir aydan sonra İranda işə başlayan islam ölkələrinin dini rəhbərlərinin konfransında müzakirə olunub. Konkret olaraq məsələ belə qoyulub. "Gəlin təriqət və məzhəb fərqlərindən imtina edək, vahid islamın dəyərlərini müdafiə edək. İslam dünyasında qan tökülməsinin qarşısını alaq”. Hacı Əbdül həddindən artıq dünyanın inkişafından geridə qalıb. Hacı Əbdülü tərəzinin bir gözünə, dünənki konfransda iştirak edən dünya alimlərini də digər gözünə qoyanda, baxın görün, kimin fikirləri doğrudur?! İndi bu Hacı Əbdül nə demək istəyir?! İslamı parçalayaq, insanları qarşı-qarşıya qoyaq?! Suriyadakı, İraqdakı kimi təriqət müharibəsi getsin?!”.
Ayyət Əhməd